Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib
Siyasət

Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib

Oktyabrın 24-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Bu barədə verilən məlumata görə, Sahibə Qafarova bildirib ki, iclasda 16 məsələ müzakirə olunacaq, ilk 12 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. Sahibə Qafarova diqqətə çatdırıb ki, birinci məsələ olan "Energetika haqqında" qanun layihəsinə (üçüncü oxunuş) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində baxılıb.

Komitə sədri Sadiq Qurbanov "Energetika haqqında" qanun layihəsinin birinci və ikinci oxunuşda geniş müzakirə edildiyini və müzakirələrin nəticəsində layihədə bir sıra texniki xarakterli düzəlişlərin, dəqiqləşdirmələrin aparıldığını bildirib. O, aparılan dəyişikliklər barədə məlumat verərək deputatları qanun layihəsini üçüncü oxunuşda dəstəkləmələrini xahiş edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, "Notariat haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, bu məsələlər "Polis haqqında" qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələridir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin 6-cı məsələsi olan və "Müharibə veteranı" adı almış şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət tərəfindən ödənilməsini nəzərdə tutan "Peşə təhsili haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda növbəti məsələ "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Gündəliyin 8-ci məsələsinin "Ovçuluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

"Sosial xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun, "Poçt haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun, gündəliyin 11-ci məsələsi olan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Əmək Məcəlləsində və "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bununla gündəliyin üçüncü oxunuşda olan qanun layihələri başa çatıb, gündəliyin növbəti 3 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Gündəliyin 13-cü məsələsi olan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 14-cü məsələsi olan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda qəbul edilib.

"Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihələri ikinci oxunuşda qəbul olunub.

Sahibə Qafarova bildirib ki, növbəti məsələ "Polis haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) gündəlikdəki sonuncu qanun layihəsidir.

Qanun layihələri birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclasının işi başa çatıb.

“Respublika”.