Milli Məclisin plenar iclasında 25 məsələ müzakirə olunub
Siyasət

Milli Məclisin plenar iclasında 25 məsələ müzakirə olunub

Dekabrın 16-da parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Azay Quliyev, Sabir Rüstəmxanlı, Əli Məsimli, Tural Gəncəliyev, Rəşad Mahmudov, Şahin İsmayılov, Məlahət İbrahimqızı son günlər ərzində Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı fikirlərini açıqlayıb, aksiya iştirakçılarının mövqeyini dəstəklədiklərini bildiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova son iki gündə parlamentdə mühüm mövzularla bağlı dinləmələrin keçirildiyini diqqətə çatdırıb.

Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin 3 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)" Azərbaycan Respublikasının yubiley medalının və "ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili növbəti iki məsələni - "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "Banklar haqqında", "Poçt haqqında", "Fərdi məlumatlar haqqında" qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə təklif olunan uyğunlaşdırma xarakterli dəyişikliyə bu komitənin müsbət rəy verdiyini bildirib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələri barədə məlumat verib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələrini təqdim edib. O, hər iki qanun layihəsinə dair təklif və rəyin daxil olmadığını söyləyib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin qalan növbəti 10 məsələsi birinci oxunuşda olan qanun layihələridir. S.Qafarova növbəti beş məsələnin isə cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Bu beş məsələyə - 16-cı məsələ olan "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (birinci oxunuş), 17-ci məsələ olan "Hədəfli maliyyə sanksiyaları haqqında" (birinci oxunuş), 18-ci məsələ olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), 19-cu məsələ olan Mülki Prosessual və Cinayət-Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və 20-ci məsələ olan Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinə Milli Məclisin üç komitəsində baxılıb və qərara alınıb ki, həmin komitələrin layihələrlə bağlı təqdimatları və sənədlərin müzakirələri birgə keçirilsin.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov qanun layihələri barədə məlumat verərkən bildirib ki, müzakirəyə çıxarılan dəyişikliklər FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlanıb.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də rəhbərlik etdiyi komitənin layihə ilə bağlı müsbət rəylərini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və istehlakçıların elektrik şəbəkələrinə qoşulmasının asanlaşdırılması məqsədilə hazırlanıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 23-cü və 24-cü məsələləri cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olan qanun layihələridir və mahiyyətcə bir-birinə yaxındırlar. Qeyd olunub ki, məsələlərlə bağlı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov iclasda iştirak edir. Parlamentin sədri qanun layihələri ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə təqdim edib.

Gündəliyin sonuncu məsələsi olan "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verərək deyib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 2018-ci ildə "Əmək pensiyaları haqqında" Qanuna "Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası"nın müəyyənləşdirilməsini nəzərdə tutan yeni maddə əlavə edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.