Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb
Digər xəbərlər

Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb

Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub. Sahibə Qafarovaya mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri Mərkəzə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib.

Mərkəzin əməkdaşlarına və tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verilib.

Mərkəzə, həmçinin "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitab təqdim olunub, Ermənistanın torpaqlarımızın 30 illik işğalı zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verilib.

Daha sonra Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb.

S.Qafarova Mərkəzdə xatirə kitabını imzalayıb.