Azərbaycan mediası dezinformasiyanın qarşısını almaq üçün səfərbər olmalıdır
Digər xəbərlər

Azərbaycan mediası dezinformasiyanın qarşısını almaq üçün səfərbər olmalıdır

"4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib və sualları cavablandırıb.

Şuşada keçirilən Qlobal Media Forumu ilə bağlı münasibət bildirən millət vəkili Naqif HƏmzƏyev deyib ki, Forumda səsləndirilmiş bir sıra açıqlamalar dünya mediasının gündəmindədir: "Bir çox məqamlara burada aydınlıq gətirildi. İlk növbədə biz unutmamalıyıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bir milyon məcburi köçkün və qaçqının öz dədə-baba yurdlarında yaşamaq hüquqlarının bərpa edilməsi üçün dövlətimiz təxirəsalınmaz işlər həyata keçirdi. Lakin çox təəssüflər olsun ki, bu quruculuq işlərinin və sakinlərin öz yurdlarına qayıdışının ləngiməsinin əsas səbəbi yenə də Ermənistan tərəfidir. Ermənistan hələ də mina dəqiq xəritələrini Azərbaycana təqdim etmir. Onların bizə verdiyi xəritənin yalnız 25%-i həqiqəti əks etdirir. Buna görə də ötən üç ilə yaxın müddətdə 300-dən çox Azərbaycan vətəndaşı mina qurbanı olub. Bu baxımdan da Azərbaycan dövləti ərazilərini minalardan təmizləmək üçün yüksək məbləğdə vəsait xərcləyir, yeni texnikalar alır. Ancaq istənilən halda minalar qarış-qarış təmizlənməlidir ki, insanların təhlükəsiz həyat şəraiti təmin olunsun. Beynəlxalq təşkilatlar Ermənistana təzyiqləri artırmalıdır ki, mina xəritəsi Azərbaycana verilsin. Möhtərəm Prezident İlham Əliyev Forumdakı çıxışında Azərbaycana qarşı ciddi təhdidlərin olmadığını bildirib: "Lakin buna baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə hələ də revanşist qüvvələrin olması onu deməyə imkan verir ki, biz bütün ssenarilər üzrə hazırlıqları davam etdirməliyik. Azərbaycan Ordusu üç il bundan öncəkindən də qat-qat güclüdür. Biz hansısa hərbi güc tətbiq ediləcəyi təqdirdə, onun qarşısını almağa qadirik. Bunu Ermənistan havadarları da çox yaxşı bilir".

Naqif Həmzəyev qeyd edib ki, Azərbaycanın informasiya məkanında da çox uğurlu irəliləyişlər əldə olunur: "Azərbaycan mediası çox böyük işlər görür. Müharibə bitsə də, informasiya savaşı davam edir. Vətən müharibəsinin gedişində cənab Prezident İlham Əliyevin sayəsində informasiya blokadası yarıldı. Prezidentimiz otuzdan artıq informasiya agentliyinə müsahibələr verdi. Bu müsahibələr həqiqətlərin ortaya çıxmasına səbəb oldu və Azərbaycan mediası da bu tezislər əsasında öz mübarizəsini apardı. Cənab Prezident Şuşadakı Qlobal Media Forumunda Azərbaycan mediasının hazırkı durumuna da münasibət bildirdi, azərbaycanlı jurnalistlərin çox böyük işlər gördüyünü qeyd etdi. Buna baxmayaraq, biz bacardığımız qədər xarici informasiya agentliklərinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmasına çalışmalıyıq. Azərbaycan jurnalistləri beynəlxalq media qurumları tərəfindən dəstəklənməlidir. Bunun üçün biz kadr potensialımızı gücləndirməliyik. Azərbaycan bu günə qədər də dezinformasiya problemindən əziyyət çəkir. Ermənistan tərəfi və Azərbaycan ərazisində olan separatçılar dezinformasiya yaymağı bacarırlar. Bunun üçün onlar bütün resurslarını səfərbər edirlər. Azərbaycan mediası bu dezinformasiyanın qarşısının alınması üçün bütün səylərini birləşdirməli, hazırda həyata keçirilən missiyanı yüksək formada davam etdirməlidir. Ermənistan tərəfi öz xəyallarında olan sülhü istəyir. Paşinyan Fransa mətbuatına ayrı, Rusiya mətbuatına tamam başqa açıqlamalar verir, daxili auditoriyaya fərqli çıxışlar səsləndirir. Azərbaycan çoxmillətli dövlətdir. Prezident İlham Əliyevin də dediyi kimi, ermənilər Azərbaycan ərazisində yaşayan digər etnik qruplardan fərqlənmirlər. Dövlətimiz erməni azlığının hüquq və təhlükəsizliyini təmin etməklə, Azərbaycan Konstitusiyası əsasında yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırdır. Bununla bağlı bir çox addımlar atılıb. Biz inanırıq ki, regionda uzunmüddətli sülh əldə ediləcək".

Nuranə DAXİLQIZI,

"Respublika".