Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Baş naziri ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 12-də Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluq qeyd edilib. Vurğulanıb ki, dost və strateji tərəfdaş olan ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də uğurlu əməkdaşlıq üçün zəngin baza yaradır. Xüsusilə 2015-ci ildə Bolqarıstan və Azərbaycan arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Bildirilib ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biridir. O cümlədən ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də enerji sahəsində əməkdaşlıqdır.

Baş nazir Nikolai Denkov ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın da vacibliyini vurğulayaraq, Milli Məclis sədrinin bu səfərinin münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, Bolqarıstanın Azərbaycanda nəqliyyat və logistika sahəsinin, nəqliyyat dəhlizlərinin inkişafında, o cümlədən əczaçılıq, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda müxtəlif sahələrə investisiya imkanlarını, Azərbaycanın müasir nəqliyyat infrastrukturunu və tranzit ölkə kimi mühüm rolunu qeyd edərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib.

Görüşdə humanitar sahədə də əməkdaşlıq diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan və Bolqarıstan xalqları arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

Söhbət zamanı Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verilib, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "prezident seçkiləri"nə münasibət bildirilib. Vurğulanıb ki, Azərbaycan xalqı sülh və sabitlik istəyir. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.