Minalardan təmizlənmə prosesində ən müasir avadanlıqlardan istifadə edilir
Sosial həyat

Minalardan təmizlənmə prosesində ən müasir avadanlıqlardan istifadə edilir

İşğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6863 hektar ərazidən 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib, 1730 metr yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib.

Cari il dekabrın 1-dən 12-dək olan müddət ərzində isə 134 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından, 1069 metr yol qar örtüyündən təmizlənib, 260 metr yeni təminat yolları çəkilib. Qarabağ iqtisadi rayonunda aşkar edilmiş mina və partlamamış döyüş sursatlarının bir hissəsi Ağdərə rayonunun "Gödəkburun" təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib

Bu gün dünyada 60-dan artıq ölkə mina problemindən əziyyət çəkir. Təəssüf ki, ölkəmiz də bu siyahıda, hətta ilk sıralardadır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın üz-üzə qaldığı ən böyük problemlərdən biri olan işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi də davam edir. Hökumət strukturları, xüsusilə də Prezident İlham Əliyev, vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları və mətbuat bu məsələni daim diqqət mərkəzində saxlayır, problem beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılır.

Təbii ki, mina probleminin həlli üçün onların təhlükəsiz şəkildə tapılması və zərərsizləşdirilməsi lazımdır. Bu isə olduqca mürəkkəb və uzun prosesdir. Mülki əhalinin təhlükəsizliyini və təsirə məruz qalmış ərazilərdə irəliləyişi təmin etmək üçün minalardan təmizləmə əməliyyatları dəqiq planlaşdırma və təcrübə tələb edir. Azərbaycan isə bu təcrübəyə malikdir. Ərazilərimizin müharibənin partlayıcı qalıqlarından təmizlənməsi prosesində dünyanın ən müasir avadanlıqlarından istifadə edilir. Bu istiqamətdə Azərbaycan Ordusu qardaş Türkiyədən "Memat" mina təmizləmə texnikaları alıb.

Mina təmizləmə işlərində əsas istiqamət azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Artıq mina problemlərinin həllində mühüm irəliləyiş əldə edilib. Həm yerli, həm də beynəlxalq təşkilatlar bu məsələni həll etmək üçün yeni minatəmizləmə qruplarını işə götürür, aşkarlama və aradan qaldırma işləri üçün texnologiyadan istifadə edir və geniş təmizləmə əməliyyatları aparırlar. Bundan əlavə, təhsil və maarifləndirmə proqramları, minaların təhlükələri barədə icmaları məlumatlandırmaq böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə də səlahiyyətli qurumlar tərəfindən lazımi tədbirlər görülür.

Mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün də fəaliyyət davam etdirilir. Azərbaycana gələn xarici ölkə rəsmiləri mina terroru barədə məlumatlandırılır. Ötən günlərdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 75-ci ildönümü münasibətilə "İnsan Hüquqları 75" təşəbbüsü çərçivəsində Cenevrədə beynəlxalq konfrans keçirilib. Burada Vətən müharibəsində azad edilmiş ərazilərimizin işğal dövründə Ermənistan tərəfindən büsbütün dağıdılaraq minalanması faktı diqqətə çatdırılaraq müharibədən sonra 340 insanın mina terrorunun qurbanı olduğu, bunun yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngitdiyi vurğulanıb. Həmçinin işğaldan azad edilən Ağdərəyə mediatur təşkil olunub. Media nümayəndələri mina və partlamamış döyüş sursatlarının məhv edilmə prosesini izləyiblər.

Azərbaycan bütün humanitar prinsiplərə daim riayət edib. Saxlanılan hərbçilərin Ermənistanla əldə olunan birgə razılaşmaya uyğun olaraq dekabrın 13-də qarşılıqlı mübadiləsi də bunun sübutudur. Ölkələr arasında əlaqələrin inkişafı fonunda Ermənistandan humanitar addımlarının sayını artırması gözlənilir. Belə ki, mina xəritələrinin təhvil verilməsi, Birinci Qarabağ müharibəsində itkin düşməsi və ya girov götürülməsi hesab edilən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məsələsi hələ də aktualdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".