Müstəqil dövlətimizin ən müasir tarixi Ümummilli Liderin adı ilə bağlıdır
Digər xəbərlər

Müstəqil dövlətimizin ən müasir tarixi Ümummilli Liderin adı ilə bağlıdır

Dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində səsləndirdiyi bu fikri bir daha xatırlatmaq yerinə düşər: "Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb". Azərbaycanın bu gününü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə böyük əminliklə qeyd edirik ki, bir dövlət olaraq varlığımızın, müstəqilliyimizin qorunması və əbədi olması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Sərəncamında da qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoymuşdur. Müstəqil dövlətimizin ən müasir tarixi Ümummilli Liderin adı ilə bağlıdır. Dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun rəhbərliyi ilə yazılıb. Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycanın bütün bölgələrinin inkişafını, tərəqqisini diqqətdə saxlamış, səfərləri çərçivəsində atdığı addımları ilə regionların bu günü və gələcəyi üçün möhkəm baza formalaşdırmışdır.

Astaralılar da bu diqqət və qayğıdan kənarda qalmamışdır. Ümummilli Lider Azərbaycanın digər bölgələri kimi, Astaraya da dəfələrlə səfər etmiş, rayonun strateji əhəmiyyətini xüsusi olaraq vurğulamışdır.

1970-ci il noyabrın 5-də Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi kimi Astaraya ikigünlük səfərində SSRİ-İran beynəlxalq qaz kəmərinin açılışında iştirak etmişdir. Sonralar həmin illəri xatırlayan Ulu Öndər Heydər Əliyev bildirmişdir: "Mən Azərbaycanın rəhbərliyində olduğum dövrlərdə bir neçə dəfə Astarada olmuşam. 1970-ci ildə İranla SSRİ arasında qaz ixracı ilə əlaqədar təntənələrdə iştirak etmişəm. Bu, artıq tarixə çevrilmişdir. O vaxt həmin qaz kəməri ilə 3 milyard kubmetr qaz gəlirdi. O zaman Lənkəran bölgəsində qaz yox idi. Bəli, məhz o dövrdə Azərbaycan rəhbərliyinin qayğısı nəticəsində bu bölgəyə qaz çəkildi". 1973-cü ilin martında Astarada olan Ümummilli Lider rayon zəhmətkeşlərini "Keçici Qırmızı Bayraq"la təltif etmişdir. Heydər Əliyevin səfərlərinin hər biri rayon əhalisinin həyatında tarixi hadisə kimi dəyərləndirilir və bu gün də həmin səfərlərdən böyük sevgi ilə bəhs edilir.

1974-cü ilin yanvar ayında Ulu Öndər Heydər Əliyev Astaraya səfəri zamanı rayonun kənd təsərrüfatı ilə yaxından tanış olmuş, iqtisadi və sosial problemləri təhlil etmiş, bu istiqamətdə konkret tədbirlər müəyyənləşdirmişdir. Bundan sonra Astaradan SSRİ-nin mərkəzi şəhərlərinə və ətraf bölgələrinə külli miqdarda faraş tərəvəzin göndərilməsi üçün geniş şərait yaradılmış, əvəzində rayona maliyyə vəsaiti, kənd təsərrüfatı texnikası və başqa lazım olan avadanlıqlar gətirilmişdir. Nəticədə, Astarada inkişaf sürətlənmiş, əhalinin sosial rifah halı yaxşılaşmışdır. 1975-ci ilin iyun ayında Ümummilli Liderimizin Astaraya səfəri maraqlı görüşlərlə, rayonda tərəvəzçiliyin və sitrusçuluğun inkişafı ilə bağlı təklifləri ilə yadda qalmışdır. 1982-ci il iyunun 30-dan iyulun 1-dək Ümummilli Lider Heydər Əliyev rayonun Ərçivan, Kakalos, Kijəbə, Giləkəran, Kələdəhnə ərazilərində fəaliyyət göstərən sovxozun əməkçiləri ilə görüşmüş, əkin tarlalarının, çay plantasiyalarının, sitrus bağlarının vəziyyəti ilə tanış olmuş, dəyərli tövsiyələrini vermiş, rayon mərkəzində əhali qarşısında nitq söyləmişdir. Ulu Öndər Heydər Əliyevin Astara rayonuna sayca 6-cı səfəri xalqın təkidli xahişi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Azərbaycanın hər bir bölgəsinin, kənd və qəsəbəsinin inkişafı üçün çalışan Ümummilli Lider 1998-ci il oktyabrın 5-də Astaraya səfəri zamanı növbəti prezident seçkiləri ərəfəsində bir qrup ağsaqqalla görüşdükdən sonra mərkəzi meydanda minlərlə astaralı qarşısında tarixi nitq söyləmiş, Astara şəhidlərinin Xatirə Kompleksini ziyarət etmiş, general-mayor Arif Heydərov adına "N" saylı sərhəd zastavasında olmuşdur. Ümummilli Lider Heydər Əliyevin təkcə Astara rayonunun timsalında gördüyü işlər onun ümumilikdə müstəqil Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərinin ölçüyəgəlməzliyini nümayiş etdirir. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Ulu Öndər Heydər Əliyevin xidmətləridir. Dahi şəxsiyyətin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi aparılmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.

1994-cü ildə dahi şəxsiyyətin səyləri nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində stimulverici amil oldu. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artdı. Ümummilli Liderin çağırışları sırasında bu mühüm məqam da xüsusi yer tuturdu ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Dahi şəxsiyyətin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilmişdir. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün eyni zamanda, qaz və elektrik enerjisi ixracatçısıdır.

Dahi şəxsiyyətin ən böyük arzusu ərazi bütövlüyümüzün təmin edilməsi, tarixi ədalətin bərpası idi. Onun uğurlu daxili və xarici siyasəti sayəsində artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırıldı, məsələnin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, erməni yalanları ifşa edildi. Ümummilli Lider torpaqlarımızın öz tarixi sahibinə qovuşacağına tam əmin idi. Onun 2003-cü ildə xalqa tarixi müraciəti bu əminliyin təsdiqi oldu: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər" söyləyən Ulu Öndər Heydər Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev hər bir vədini konkret əməli işdə təsdiqləməklə milyonların sevgisini qazanıb. Tarixi Zəfərimiz cənab İlham Əliyevin 20 illik Prezidentliyi dövründə gördüyü işlərin, qazanılan uğurların zirvəsində dayanır. Azərbaycan bu illər ərzində daha da gücləndi. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmləndirildi, döyüş ruhu artırıldı. Azərbaycan əsgəri hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin "hücum!" əmrini gözləyirdi. Bu, Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin göstəricisi idi. Tarixi Zəfərimizi şərtləndirən amillər sırasında bu məqam daim xüsusi qeyd edilir. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Dövlət başçısı İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən keçirdiyi hissləri belə ifadə etdi: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

İki ildən artıqdır ki, ölkəmizin həyatında yeni bir mərhələ başlayıb. İşğaldan azad edilmiş ərazilərimiz dirçəlir, yenidən qurulur. Soydaşlarımızın mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Dövlətinin, xalqının gələcəyini düşünən Lider hər zaman yeni-yeni hədəfləri reallığa çevirir, ölkəsinin nüfuzunu artırır, sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Azərbaycan xalqı xoşbəxtdir ki, İlham Əliyev kimi Prezidenti var. Azərbaycan xalqına Zəfər sevincini yaşadan Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Həbib CƏFƏROV,

YAP Astara rayon təşkilatının sədri.