Müstəqil ölkəmizin əsas atributlarından biri - milli valyuta
Digər xəbərlər

Müstəqil ölkəmizin əsas atributlarından biri - milli valyuta

1992-ci il avqust ayının 15-də Azərbaycan Respublikasında milli pul dövriyyəyə buraxılmışdır

Azərbaycanın müstəqil pul təsərrüfatı və pul dövriyyəsinin tarixi 1918-ci ildən başlayır. Belə ki, yüzillik fasilədən sonra Bakı Bələdiyyəsi   5, 15 və 50 qəpiklik xırda, 1, 3, 5, 10 və 25 manatlıq iri kağız pullar  dövriyyəyə buraxmışdı. Bir müddət sonra isə 1918-ci ildə  yaradılan Bakı Şəhər Təsərrüfatı Soveti 10, 25 və 50 manat məbləğində yeni kağız pulların dövriyyəyə buraxılması barədə qərar vermişdir. 1918-ci il iyul ayının 31-də Bakı kommunasının istefası ilə Bakı Şəhər Təsərrüfatı Sovetinin dövriyyəyə buraxdığı bu pul vahidləri öz qüvvəsini itirsə də, 1918-1919-cu illərdə əhali arasında  hələ də işlənirdi.

Ölkəmizdə bank-maliyyə sisteminin  mexanizmlərinin tənzimlənməsi və  formalaşması Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edir. Belə ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini  bərpa etdikdən sonra ölkəmizdə  müasir mərkəzi bankçılıq dövrü başlamışdır. Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edilmiş, Milli Bankın statusu və səlahiyyətləri müəyyən edilmişdir. Milli Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edilmişdir. 1992-ci il 7 avqust tarixində Milli Bankın fəaliyyətini tənzimləyən ilk qanun - "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanun, həmçinin həmin il dekabr ayının 1-də  isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul olunmuşdur.

Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur. 1992-ci ilin avqust ayının 15-də isə Azərbaycan Respublikasının milli valyutası -  1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxılmışdır.

Ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilmiş və Azərbaycanın rubl zonasından çıxması təmin edilmişdir. Bununla da, Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etmişdir. Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət Komissiyası tərəfindən 1994-cü il yanvarın 1-dən etibarən manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuş və 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktında  bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin II hissəsində Milli Bank pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması üzrə müstəsna hüquqa malik qurum olaraq təsdiq edilmiş, Azərbaycan Respublikasının pul vahidi manat  müəyyən olunmuş və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilmişdir. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, milli valyutaya çevrilməsi üçün münbit şərait yaratmışdır.

Pul dövriyyəsinin nizamlanması və nağd pula tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə yeni iri nominallı 10000 və 50000 manatlıqlar tədavülə buraxılsa da, 1999-cu ildə dünyada baş verən qlobal iqtisadi böhran fonunda milli valyutamızın dəyəri yenidən zəifləməyə başlamış və bu proses 2004-cü ilədək davam etmişdir.

2004-cü ildən etibarən respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların yeni mərhələsinə qədəm qoydu. Bu mərhələdə ölkədə əldə olunmuş iqtisadi-siyasi stabillik milli valyuta ilə bağlı makroiqtisadi səviyyədə yeni Pul İslahatının başladılmasına şərait yaratdı.

Belə ki, 2005-ci ildə ölkə başçısının "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanı ilə əvvəlki dövrlərdə dəyərini əhəmiyyətli dərəcədə itirmiş milli valyutamızın denominasiyası prosesinə başlanıldı.  2006-cı ildən etibarən tədavülə yeni 6 nominalda kağız və 6 nominalda metal pul nişanları buraxıldı, bu zaman 1 yeni manat - 5000 köhnə manata bərabər tutuldu.

Dünyaca tanınmış və Avro əskinaslarının dizayn müəllifi olan Robert Kalinanın müəllifi olduğu yeni nəsil pul nişanlarımız "Müstəqil Azərbaycan" konsepsiyası əsasında dizayn edilmişdir. Ölkəmizin bütün sahələrdə inkişafını əks etdirən bu yeni konsepsiya "Vahid Ailə" prinsipinə əsaslanaraq hər bir nominal üzrə ayrı-ayrı mövzulara, o cümlədən 1 manat - Mədəniyyət, 5 manat - Yazı və Ədəbiyyat, 10 manat - Tarix, 20 manat - Qarabağ, 50 manat - Təhsil və Gələcək, 100 manat isə - İqtisadiyyat və İnkişaf mövzusuna həsr olunmuşdur.

Ölkə iqtisadiyyatının dinamik inkişafı və dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklərin fonunda ödənişlərdə adekvatlığın təmin edilməsi məqsədilə  2018-ci ildə dizayn mövzusu ulu öndər Heydər Əliyevin adını daşıyan və dünyanın ən modern arxitektura incisi olan Heydər Əliyev Mərkəzinə həsr olunmuş yeni yüksək nominallı  200 manatlıq pul nişanı dövriyyəyə buraxıldı.

 Mövcud pul nişanlarımız bu gün də öz konseptual mövzusuna görə aktuallığını itirməmiş və bu günədək də ölkə ərazisi ilə yanaşı, qonşu ölkələrdə də nağd ödənişlərdə sərbəst şəkildə aktiv istifadə edilir.

Bununla belə, Mərkəzi Bank nağd pul və onun saxtalaşdırılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədə baş verən müasir çağırışları və texnologiyaları nəzərə alaraq, pul nişanlarımızın mühafizə sistemlərinin və dizaynının yenilənməsi məqsədilə 2021-ci ilin əvvəlindən başlayaraq 1, 5, 10, 20 və 50 manatlıq pul nişanları yenilənərək tədavülə buraxılmış və köhnə pul nişanları ilə paralel olaraq dövriyyədədir. Kağız pul nişanları ilə yanaşı, 10, 20 və 50 qəpik metal pullarımızın da dizaynında müəyyən dəyişikliklər edilmişdir.

Dövlət müstəqilliyimizin bərpasından sonra Mərkəzi Bank tədavülə dövriyyə pulları ilə yanaşı, yubiley və xatirə pul nişanları da buraxmışdır.

Ölkəmizin tarixinin və dövlətçilik ənənələrinin, mədəniyyətinin və incəsənətinin, tanınmış şəxsiyyətlərinin və klassiklərinin, eləcə də xüsusi əhəmiyyətli hadisələrin tərənnüm edilməsinə həsr olunan 58 növdə belə pul nişanları ölkə ictimaiyyəti, yerli və xarici numizmatlar tərəfindən daim yüksək maraqla qarşılanır. Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə 500 manat nominallı xatirə banknotu və qiymətli metallardan hazırlanmış Zəfər xatirə monetası tədavülə buraxılmışdır. Eyni zamanda, düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə "Şuşa", "Laçın", "Kəlbəcər", "Zəngilan", "Cəbrayıl", "Füzuli" və sair mövzularında xatirə sikkələri tədavülə buraxılmışdır.

Milli valyuta kağız pul nişanlarının 4 pilləli mühafizə sistemi yaradılmış və mühafizə elementləri bütün nominallı kağız pul nişanlarında eyni yerlərdə yerləşdirilmişdir. Metal pul nişanlarının mühafizə sistemi pul nişanlarının yan tərəfində yerləşdirilmiş xüsusi təhlükəsizlik elementindən, dizayn elementlərinin dəqiq cizgilərindən, zərb olunmuş qabarıq səthdən, pul nişanı üçün müəyyən olunmuş texniki göstəricilərdən, o cümlədən diametr, çəki və metal tərkibdən ibarətdir.

M.ƏLİYEVA,

"Respublika".