Müstəqil siyasətlə ölkəmiz yeni reallıqlar yaradır
Digər xəbərlər

Müstəqil siyasətlə ölkəmiz yeni reallıqlar yaradır

Müdrik və qətiyyətli ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət göstərmiş, təkcə daxili siyasətdə deyil xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusa tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir.

Prezident İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində Qərb mətbuatında Azərbaycanla bağlı səhv təsvirin verilməsindən danışıb. Ölkəmizlə bağlı meyarların müxtəlif olduğunu bildirən  ölkə başçısı deyib: "Əsas olmasa da, həmin amillərdən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, azərbaycanofobiya mühitini yaradırlar. Lakin bu, yeganə səbəb deyil. Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir".

Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqeyinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Azərbaycan qədim və şərəfli dövlətçilik tarixinə, varislik ənənələrinə malikdir. Bu ənənələr Azərbaycanın ağır və faciəli məqamlarında dəfələrlə qırılsa da, fasilələr olsa da, xalqımız çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, qədim dövlətçilik ənənələrinə sədaqətini göstərmiş, təkcə müdafiə qabiliyyəti ilə deyil, diplomatiya vasitəsilə də müstəqilliyini qoruyub saxlaya bilmişdir. Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində, coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir.

Region və qlobal miqyaslı məsələlərdə  Azərbaycanın    söz sahibi olaraq çıxış etməsi respublikamızın xarici siyasətinin mühüm tərəflərindən biri kimi diqqət çəkir. Bakının qlobal proseslərdə iştirak göstəricisinin ağırlığı, beynəlxalq müstəvidə özünü göstərən problemlərin yoluna qoyulmasına verdiyi töhfələr, irəli sürdüyü təşəbbüslər qlobal səviyyədə ehtiramla qarşılanır. Təsadüfi deyil ki, bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Dünyanın böyük siyasi və iqtisadi dairələri ölkəmizin regiondakı liderliyini və qlobal siyasətdə rolunu daim yüksək qiymətləndirirlər. Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafı nöqteyi-nəzərindən özünü bir daha təsdiq edən həqiqətlərdən biri Prezident İlham Əliyevin yüksək nüfuza və reytinqə malik dövlət başçısı, dünyanın ehtiram göstərdiyi nüfuzlu siyasi lider olmasıdır.

Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir. Avropa ölkələri ilə  yaxşı münasibətlərimiz var. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bu, Aİ ölkələrinin üçdəbiri deməkdir. Azərbaycan o ölkədir ki, yarana biləcək təsiri və təzyiqi dəf edə bilər və bunu dəfələrlə nümayiş etdirib. Səbəb odur ki, ölkəmiz iqtisadi baxımdan müstəqildir, öz vəsaiti hesabına yaşayır.

Müstəqil siyasət kursu olan Azərbaycan öz milli maraqlarını da inamla təmin edir.  Bunun ən böyük təsdiqi 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi oldu.  3 il əvvəl Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın yüksəlişinin, ordumuzun yüksək döyüş qabiliyyətinin təcəssümü olan bu  qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, respublikamızın  ərazi bütövlüyü bərpa olundu. Danışıqlar yolu ilə həlli mümkün olmayan məsələləri,  problemi Azərbaycan güc yolu ilə, "dəmir yumruq"la yoluna qoydu. Bu hadisə yalnız müasir müstəqilliyimizin deyil,  bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri olaraq tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı, Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu. 

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini inkişaf etdirərək müasir Azərbaycan dövlətini daha da gücləndirdi. Əgər ümummilli lider Azərbaycanı bölünmək, siyasi xəritədən silinib məhv olmaq təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarıbsa, İlham Əliyev Azərbaycanın güclü dövlətə çevrilməsinə nail olub, ərazi bütövlüyümüzün bərpasını təmin edib. Şanlı qələbədən sonra növbəti mərhələ eyni əzmlə Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Artıq keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına qayıtması prosesi başlayıb. Bu isə güclü Azərbaycanın ən böyük uğurudur.

Mustafa KAMAL,

"Respublika".