Hədəfimiz ata-baba yurduna dönməkdir
Digər xəbərlər

Hədəfimiz ata-baba yurduna dönməkdir

Tarixən məlumdur ki, Rusiya Türkiyə və İranla dəfələrlə müharibə aparmışdır. Müharibələr zamanı Rusiya hər iki müsəlman ölkəsi ilə həmsərhəd olan əraziləri ələ keçirib özü üçün müdafiə bazası yaratmağa çalışmışdır. Bu məqsədini həyata keçirməkdə isə satqınlığı, casusluğu, ikiüzlülüyü ilə müsəlman dövlətlərinə düşmən olan ermənilər Rusiyanın mənafeyini müdafiə etmişlər. 1812-ci ildə Rusiya-Türkiyə müharibəsi zamanı haylar Türkiyənin məğlub olması, Krımın zəbt edilməsi işində də Rusiya hökumətinə və onun qoşun hissələrinə hər cəhətdən kömək göstərmişlər.

Artıq o zaman Rusiya dövlətində inam yarandı ki, İran və Türkiyə sərhədləri arasında ona sədaqətlə xidmət edəcək millət ancaq ermənilər ola bilər. Rusiya 1813-1826-1827-ci illərdə Türkiyə və İranla apardığı müharibələrdə qələbə qazandı. Qafqazda böyük torpaqlar zəbt etdi. Fürsəti əldən verməyən Rusiya 1828-ci ildə İrandan 40 min, Türkiyədən 90 min ermənini İrəvan və Naxçıvan xanlıqları ərazilərindən qovulmuş azərbaycanlıların evlərində yerləşdirdi. 1828-ci il martın 20-də müsəlmanların Novruz bayramı günü Rusiya çarı I Nikolay İrəvan və Naxçıvan xanlıqlarını erməni vilayəti elan etdi. Vilayətə gətirilmiş ermənilər Qərbi azərbaycanlıların yaşadıqları Reyhanlı, Dəvəli kəndlərində, Çanaxçı, Qaşqa və digər kəndlərdə yerləşdirildi.

1820-1830-cu illərdə xaricdən gətirilən ermənilərin bir hissəsi Qərbi Azərbaycanın Dərələyəz zonasında dağlıq və qış otlağı olmayan yerlərdə məskunlaşdırıldı. İrəvan ətrafında olduğu kimi, Göyçə gölü ətrafı da əhalinin ən sıx yerləşmiş zonalardan biri idi. 1919-cu ilə kimi bu bölgədə 100 kənd olmuş və bu kəndlərdən 40 erməni kəndi gölün cənubunda yerləşmişdi.

Göyçə gölü ətrafında erməniləri gölün cənubunda yerləşən Qamışlı (Basarkeçər), Qırxbulaq, Tüskülü, Aşağı Zağalı, Gödəkbulaq, Alçalı, Alqırıq, Zolaxaç, Qaranlıq, Gözəldərə, Başkənd, Kəvər, Ördəkli və başqa kəndlərdə yerləşdirdilər.

1918-1919-cu illərdə Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayan soydaşlarımız erməni daşnakları tərəfindən vəhşicəsinə qətlə yetirilmişlər. Göyçə mahalındakı Basarkeçər rayonunun Zod, Ağkilsə, Daşkənd, Qızılvəng kəndlərində köhnə alban kilsələri var idi. Azərbaycanlılar heç vaxt bu kəndlərdə ermənilərin məskunlaşmasına imkan verməmişlər. 1948-1953-cü illərdə Qərbi Azərbaycandakı soydaşlarımızın deportasiyasından sonra erməni vandallarının bir hissəsi dolanışıqları pis olduğundan Vedi və Sisyan rayonuna, Qəmərliyə, Eçmiədzinə, Zəngibasara və digər ərazilərə köçmüşlər.

İrəvan şəhərində 16 məscid olmuşdur. 1770-ci ildə tikilmiş Göy məscid indi də erməni evlərinin arasında qalır. İrəvanda Dəmirbulaq, Təpəbaşı, Meçid yeri, Kantar altı, Gedər çay, Dəlmələr və bir çox məhəllə və küçələrin adları, Pənah xan bulvarı, mehmanxana və teatr üçün binalar İrəvanda tanınmış yerlər idi.

1918-ci ildə ermənilər Andranik, general Arisyan, Dro Kanayan, polkovnik Silikyanın rəhbərliyi ilə Qərbi Azərbaycanın İrəvan şəhəri, Zəngibasar, Amasiya, Göyçə mahalı, Vedibasar, Zəngəzur və digər bölgələrində analoqu olmayan qırğınlar törətdilər, günahsız insanları damlara doldurub diri-diri yandırdılar.

Həmin vaxtlarda Qafan rayonunun Oxçu kənd əhalisinin başına gətirilən faciələr barədə Gəncə qubernatoruna 11 dekabr 1918-ci il tarixdə 300 nömrəli teleqramla xəbər verilmişdi. Teleqramda deyilirdi: "Zəngəzur qəzası rəisinin məlumatına görə, dekabrın 19-da Andranikin quldur dəstəsi yerli ermənilərlə birlikdə Çığı dərəsində müsəlmanları amansızlıqla qırırlar". Zəngəzur zonasının qəza rəisi Namazəliyevin teleqramında isə göstərilirdi ki, ingilis, fransız nümayəndə heyəti gedəndən sonra dekabrın 10-da ermənilər müsəlman kəndi olan Şabadinə və bir neçə başqa kəndlərə güclü hücum ediblər.

1918-ci ilin noyabr ayında diviziya komandiri Silikyan 22 nəfərlə Basarkeçərin Zod kəndinə gələrək, Səməd ağaya bildirir ki, 10 gün müddətində erməni ordusuna xeyli miqdarda taxıl, ot verməlidir. Əks təqdirdə hücum başlanacaqdır. Səməd ağa, Məşədi İsa, Qlava Balı, Aşıq Nəcəf və s. bu məsələni müzakirə edirlər. Belə qərara alınır ki, bu qədər taxıl vermək mümkün deyil, taxıl verilmədikdə isə ermənilər hücuma keçib camaatı qıracaqlar. Buna görə də, Silikyanın dəstəsinə tələ qurulur və onlar tamam məhv edilir. Bu acı xəbər bütün erməniləri, Bakıda Stepan Şaumyanı bərk sarsıdır.

Bu hadisəyə qədər ermənilər Çamırlı, Mollalı, Yuxarı Zağalı, Qızılvəng və Basarkeçərin digər kəndlərində qırğınlar törətmişlər. Qərbi Azərbaycandakı soydaşlarımız zülm və işgəncələrdən yaxa qurtarmaq üçün doğma yurdlarından İran, Türkiyə, Gürcüstan və digər yerlərə qaçmağa məcbur olmuşlar. Onların bir hissəsi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ata-baba torpaqlarına qayıtmış, həmişə də erməni xəyanəti ilə üzləşmişlər.

1948-1953-cü illərdə Qərbi Azərbaycandakı soydaşlarımız deportasiyaya məruz qalmış, 150 min azərbaycanlı Kür-Araz ovalığına köçürülmüşdür.

Moskvanın, xüsusilə Mixail Qorbaçovun ayrı-seçkilik siyasəti sayəsində 1988-ci ildə Qərbi Azərbaycandakı soydaşlarımız son nəfərinədək qədim Oğuz ellərindən, doğma yurdlarından zorla qovulub çıxarılmışlar.

30 ilə yaxın idi ki, Azərbaycan ərazilərinin 20 faizi erməni vandallarının işğalı altında idi. 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan ordusu ermənilərə sarsıdıcı zərbələr endirdi, torpaqlarımız işğaldan azad olundu.

Ermənilər və onların havadarları yaxşı bilməlidirlər ki, türkün səbir kasasını doldurmaq olmaz. Bu gün bizim əsas hədəfimiz Qərbi Azərbaycandakı qəribsəmiş yurd yerlərinə qayıdışdır. Bu məqsədlə Qərbi Azərbaycan İcmasında məqsədyönlü iş aparılır.

Şakir MİKAYILOV,

müəllim.