NATO Cənubi Qafqazda sülh perspektivini dəstəkləyir
Siyasət

NATO Cənubi Qafqazda sülh perspektivini dəstəkləyir

Şimali Atlantika Müqaviləsi Təşkilatının Baş katibi Yens Stoltenberq vəzifəsinin icrasına başlayandan bəri ilk dəfə Azərbaycana səfər edib. O, cənab Prezident İlham Əliyevlə görüş keçirib, sonra mətbuata bəyanatla çıxış ediblər. İlk növbədə Stoltenberqin çıxışındakı bəzi məqamları xüsusilə qeyd etmək istəyirik.

Belə ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının Baş katibi Azərbaycan-NATO münasibətlərini yüksək qiymətləndirib, eləcə də Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edən Silahlı Qüvvələrimizin birləşmələrinin fəaliyyətini alqışlayıb. Eyni zamanda o, ölkəmizin NATO-ya üzv dövlətlərin enerji təhlükəsizliyində böyük rol oynadığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Stoltenberqin çıxışındakı ən əhəmiyyətli məqam isə onun Cənubi Qafqazdakı sülh perspektivi ilə bağlı səsləndirdiyi fikirlərdir. Belə ki, baş katib İrəvanla yekun danışıqların aparılmasında rəsmi Bakının mövqeyini dəstəkləyib. Bu isə ona işarə edir ki, NATO ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıyır, eləcə də Azərbaycanın sülh müqaviləsində irəli sürdüyü təklifləri dəstəkləyir.

Ölkə başçımız isə çıxışında Azərbaycanla NATO arasındakı tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirib, Ermənistanla münasibətlərə toxunub. Bildirilib ki, yekun sülh sazişinin imzalanması üçün münbit şərait yaranıb. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişaf etdirilməsi istiqamətində ikitərəfli görüşlərin keçirilməsi gedişata müsbət təsir göstərir. Hər iki ölkənin xarici işlər nazirləri sülh müqaviləsinin mətninin hazırlanmasına çalışırlar, baş nazirlərin müavinləri isə sərhədlərin delimitasiyası üzrə fəal şəkildə danışıqlar aparırlar. Artıq bu məsələlərdə müsbət meyillər də hiss olunur. Məsələn, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan hər iki dövlətin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığını bildiriblər. Bununla belə, hazırda Azərbaycanın biri anklav olmaqla, 8 kəndi İrəvanın nəzarəti altındadır. Bu torpaqların ölkəmizə qaytarılması indiki mərhələdə danışıqların əsas mövzusudur. Düşünürəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün məsələlərdə konstruktiv mövqe nümayiş etdirəcək. Nəticədə sülh sazişi imzalanacaq və nəhayət, Cənubi Qafqazda əmin-amanlıq yaranacaq.                                  

Kamilə ƏLİYEVA,

millət vəkili.