Neokolonializm yer üzündən tamamilə silinməlidir
Siyasət

Neokolonializm yer üzündən tamamilə silinməlidir

Torpaqlarımızın 30 illik işğalı dövründə haylar İslam dininə aid mədəniyyət nümunələrini, məscidlərimizi təhqir edib, dağıdıb, Allah evindən tövlə kimi istifadə ediblər. Bu ağlasığmaz bəşəri cinayəti sözlə ifadə etmək belə mümkün deyil. Ən pisi də odur ki, dini inanclarına və türk olduqlarına görə ermənilər müsəlmanlara qarşı bu vəhşiliyi törədiblər. Dünyada mövcud olan ikili standartlar bu cür faciələrə yol açır. Heç şübhəsiz, Ermənistan bu sahədə siyasi arenada ən böyük vəkili olan Fransadan örnək götürüb.

Məhəmməd peyğəmbərin karikaturasını ilk yayan ölkə də məhz Fransa olub. İslam dəyərlərini təhqir etmək, bununla da müsəlmanları təxribatlara çəkmək bu ölkədə  islamofobiyanın nə qədər güclü olduğunu əks etdirir. Həm Ermənistanda, həm də Fransada mövcud olan  antiazərbaycançılıq müsəlmanlara qarşı açıq ayrı-seçkilik siyasəti yürütdüklərini bir daha təsdiq edir. Əlcəzair xalqına və Afrikanın bir sıra ölkələrində müsəlmanlara qarşı qəddar soyqırımları həyata keçirən Fransa açıq-aşkar neokolonializmi təbliğ edir.  Üstəlik Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı faktların UNESCO, AŞPA tərəfindən araşdırılmasını təşviq etmir. Həqiqətən də Fransa dövləti çox rəzil durumdadır.

Hazırda ölkəmizin təşəbbüs və təklifi ilə beynəlxalq aləmdə Fransa müstəmləkəçiliyinə qarşı ciddi mübarizə aparılır. Şübhəsiz ki, bu prosesə rəsmi Bakı liderlik edir. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatsa da, Bakı Təşəbbüs Qrupunda Fransız neokolonializminin ifşa olunması və müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesi dəstəklənir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü ildə keçirilən və kolonializmə qarşı mübarizə aparan, azad olmağa çalışan xalqlara dəstək xarakterli sayca dördüncü beynəlxalq konfransdır. Burada Fransanın keçmiş və indiki müstəmləkələrindən olan nümayəndələr Parisin həmin ölkələrdə davam etdirdiyi neokolonializm siyasətinin mənfi nəticələri haqqında danışıblar. Qeyd edilib ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr edir, hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir. Konfransın sonunda Yekun Bəyannamə qəbul olunub. İştirakçılar göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, həmçinin Bakı Təşəbbüs Qrupunun üzvlərinə təşəkkürlərini bildiriblər.

Azərbaycan müasir dövrdə keçmiş müstəmləkəçilik ənənələrinin davam etdirilməsindən narahatlığını dəfələrlə ifadə edib. Bu mövzuda bir çox elmi konfransların keçirilməsi, kolonializmdən əziyyət çəkən xalqlara dəstək göstərilməsi ölkəmizin humanist siyasət yürütməsinin, ədalətli mövqedən çıxış etməsinin əyani sübutudur.

Bir sıra ölkələrdə dini inanclar alçaldıcı rəftara məruz qalırlar. Əslində, bütün bunlar islamofobiyanın göstəricisidir. Bu, müsəlmanlara qarşı nifrət deyil, fobiyadır.  Azərbaycan hər zaman islamofobiya ilə mübarizə aparır, xaricdə islam mədəniyyətinin təbliğinə böyük önəm verir. Onu da qeyd edək ki, ötən il martın 15-də paytaxtımızda "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda konfrans keçirildi. Tədbirdə islamofobiya ilə mübarizədə kəsişən yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri və eyni zamanda dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılıb.

"Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar". Bu sözləri fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib. 

Bu gün dünyada dini ayrı-seçkiliyin gücləndiyi, dini zəmində qarşıdurmaların artdığı, neokolonializmin geniş vüsət aldığı bir dövrdə Azərbaycanın irəli sürdüyü təşəbbüslər təqdirəlayiqdir.  Bu baxımdan, müxtəlif ölkələrə qarşı yönəlmiş məkrli və düşünülmüş siyasətin təzahürü olan islamofobiya, neokolonializm həmin problemlə mübarizədə həmrəyliyin əhəmiyyətini bir daha təsdiqləyir.

Röya RÜSTƏMLİ,

"Respublika".