Nəsillərə örnək Vətən övladı
Region

Nəsillərə örnək Vətən övladı

Xalqımıza sevinc yaşadan tarixi qələbənin əldə olunmasında minlərlə polad biləkli igidlərin sırasında Vüsal Hadıyevin adı da qürurla çəkilir. Vüsal Vətən müharibəsinin başlandığı ilk günlərdən etibarən əlinə silah götürüb cəbhəyə yollanır. Füzuli rayonu uğrunda gedən döyüşlərdə yağı düşmənə qan uddurur. İgid əsgər 5 oktyabr 2020-ci ildə Ağdərə savaşında Vətən qarşısında son borcunu şərəflə verib şəhidlik zirvəsinə ucalmaqla əbədi bir ömür qazanır.

Ömrünün 20-ci ilində Masallı şəhərində Vüsalın xatirəsinə inşa olunmuş abidənin açılış mərasimi keçirildi. Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədovun və hüquq-mühafizə orqanların, müəssisə və təşkilat rəhbərlərin, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşların, YAP Masallı Rayon Təşkilatı fəalların, şəhid ailələrin, müharibə veteranların, şəhər sakinlərin, jurnalistlərin qatıldığı tədbir ulu öndər Heydər Əliyevin və sinəsi Vətənə tuşlanan, düşmən güllələrinə sipər edən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılmaqla başlandı.

İlk öncə rayon rəhbəri Araz Əhmədov şəhidin qısa, lakin şərəfli həyat yolundan, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündə başa çatan Vətən müharibəsindən, şanlı Zəfərin tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, müqəddəs Vətən torpaqlarının hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Vüsal kimi igid, qeyrətli oğullarımız heç zaman unudulmaz, gələcək nəsillərə də örnək olacaqlar.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, şəhidin ilk müəllimi İlhamə Abdullayeva Vüsal haqqında qürurla söz açaraq dedilər ki, o Vətən müharibəsində əsl tarix yazdı. İndi onun adı çəkiləndə bütün masallılılar fəxr edir. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü medalları gələn nəsillərə Vüsalın qəhrəmanlığı haqqında gözəl nişanədir.

Sonra şəhidin atası Balarəzi kişi də çıxış etdi: - İkinci Qarabağ müharibəsində ordumuz möhtəşəm qələbə çaldı. Bu qələbədə minlərlə Vətən övladı kimi, şəhidlik zirvəsinə ucalan oğlum Vüsalın da payı vardır. Qürur duyuram ki, oğlum nəsillərə nümunə ola biləcək bir qəhrəmandır. Göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, xalqıma, hamınıza minnətdaram.

Zəfər ORUCOĞLU.