Vətən ona oğul dedi
Region

Vətən ona oğul dedi

Lerik rayonunun ucqar dağ kəndi olan Orandda dünyaya göz açan İdrət İbi oğlu Əbdülovu Vətənə, doğma torpağa bağlılığı, qanına ana südündən hopan vətənpərvərlik duyğuları onu bütün Azərbaycana tanıtdırdı. İndi xalq ona oğul deməklə öyünür. İdrət Vətənin haqq savaşında yağı düşmənə məzar qazmaqla əzəli yurdumuz Qarabağ torpağının azadlıq salnaməsinə 19 yaşında adını yazmaqla şərəfli bir həyat yaşadı.

 İdrət hələ kənd orta məktəbdə oxuduğu vaxt ağılı, həyata baxışı ilə insanların ürəyinə nüfuz etməyi bacarırdı. Qəlbi sevdalı, yeniyetmə təhsilini başa vurub 2019-cu ildə həqiqi hərbi xidmətə gedir. Tərtər rayonunda Vətəninin keşiyində durur. Nə ölümdən qorxur, nə də düşməndən. İdrət canından əziz bildiyi yurdunun, torpağının şərəfini qorumağı bacarır, xidmət etdiyi hərbi hissədə əsl vətəndaş, mənəvi cəhətdən yetkin gənc, Vətənə sədaqətli əsgər kimi tanınır, daim adı öndə çəkilir. Bütün bunlarla bərabər, İdrətin içində bir hiss onu erməni dığalarından qisas almağa çağırır. Və Qarabağın bir qarışı da düşmən ayaqları altında qalmasın deyə canını qurban verməyə hazır olur.

 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı yeni hərbi təxribata başlayır. İdrət də minlərlə qeyrətli oğullara qoşulub torpaqlarının düşməndən azad olunması Vətən uğrunda gedən müharibədə iştirak edir. Ordumuzun apardığı uğurlu hərbi əməliyyatlarında həmişə öndə gedir və döyüş zamanı cəsarəti, qəhrəmanlığı düşmənə göz dağı olur. 32 gün ağır müharibə meydanlarında yağı düşmənə ciddi itkilər verdirir. Vətənini canından artıq sevən İdrət 30 oktyabrda düşmən gülləsinə tuş gəlir. Ürəyi dayansa da, hünəri şanlı zəfərimizə doğru gedən yolda əsgər yoldaşlarında böyük inam, qələbə əzmi yaradır...

 İndi bütün Lerik camaatı İdrəti əsl övlad sevgisi ilə yad edir, onu özünə Vətənə, torpağa sədaqət simvolu sayırlar. Dövlət onu Vətən müharibəsində göstərdiyi igidliyinə görə "Vətən uğrunda" medalı ilə təltif edib.

 Zəfər ORUCOĞLU.