Növbədənkənar seçkilər sarsılmaz birliyimizin təntənəsi olacaq
Siyasət

Növbədənkənar seçkilər sarsılmaz birliyimizin təntənəsi olacaq

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla həyata keçirən dövlət başçımızın məqsədyönlü  daxili və xarici siyasəti sayəsində beynəlxalq və regional problemlərin həllində ölkəmizin rolu və nüfuzu getdikcə artır. İqtisadiyyatının dinamikliyini təmin edərək inkişaf edən ölkələr sırasında yer alan Azərbaycan yeni dünya nizamının formalaşdığı çağdaş dövrdə təşəbbüskarlığı, sülhsevərliyi, humanistliyi ilə bir çox dövlətlər tərəfindən dost, etibarlı tərəfdaş kimi qəbul olunur. Milli maraqların qorunması kimi təməl prinsiplər əsasında müstəqil siyasət yürüdən dövlətimiz  üzv olduğu beynəlxalq təşkilatlarda fəal iştirak edərək çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq əməkdaşlığa, bölgədə təhlükəsizliyə mühüm töhfələr verir. Bütün sahələrdə sürətli inkişafa nail olan  Azərbaycanla səmimi dostluq əlaqələri qurmaq istəyən dövlətlərin sayı da artır. 

Zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, humanistliyi, dövlətinə, millətinə bağlılığı, vətənpərvərliyi ilə xalqını qələbədən qələbəyə aparan, müstəqil dövlətimizin dünya miqyasında mövqelərini möhkəmləndirən Prezident İlham Əliyev Azərbaycanı bütün dünyaya  heç bir ölkədən asılı olmayan qalib dövlət olaraq tanıtdı. Uğurlu siyasət həyata keçirərək  müasir dövlətçilik tariximizdə Zəfər salnaməsi yazan Ali Baş Komandan yenilməz iradəyə sahib sərkərdə kimi ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi. Azğın düşmənin işğalçılığına düşünülmüş, uzaqgörən siyasəti ilə son qoydu. Ölkə başçımızın uzaqgörənliyi, gərgin fəaliyyəti  dövlətimizi yeni inkişaf, tərəqqi yoluna çıxardı. Xalqımıza böyük nailiyyətlər, uğurlar qazandıran,  Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirən dövlət başçımız millətimizin imzasını imzalar içində təsdiq etdi. Son 200 illlik dövlətçilik tariximizdə görünməmiş qələbəyə imza ataraq hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Xalqın etimadını doğruldan, onun inamını özünə qaytaran  lider kimi ata vəsiyyətinə, verdiyi vədə əməl edərək adını  şərəfli tariximizin şanlı səhifəsinə yazdı.  30 il düşmən tapdağı altında qalan torpaqlarımızın 44 gün ərzində geri qaytarılması, heç bir ölkənin yardımı olmadan bu yerlərin yenidən qurulması, bərpa edilməsi, vaxtilə yurd-yuvasından köçkün düşmüş vətəndaşlarımızın böyük qayıdışına başlanılması hər birimizin qüruru, iftixarıdır. Bu qüruru xalqımıza yaşadan isə onun təmkinli, uzaqgörən, humanist dövlət başçısı, Ali Baş Komandanıdır.

2003-cü ildən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevin 20 illik  hakimiyyət dövrü ölkəmizin sürətli inkişaf və modernləşmə dövrü olmuş, bu müddətdə  ölkə başçısının düşünülmüş islahatları, müdrik qərarları  Azərbaycanı dünyanın öndə gedən ölkələrindən birinə çevirmiş, həyata keçirilən konsepsiyalar, aparılan sosial-iqtisadi siyasət bütün sahələrdə önəmli dönüş yaratmışdı. Bu illərdə böyük inkişaf yolu keçən  dövlətçiliyimizin əsasları möhkəmlənmiş, qüdrəti artmış, iqtisadiyyatı güclənmiş, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioriteti olmuşdur. Prezident İlham Əliyev dərin zəkası, ensiklopedik biliyi, geniş dünyagörüşü, əməli fəaliyyəti ilə müasir Azərbaycanın bugünkü reallıqlarını yaratmış, "Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir" deyərək  ölkəmizin gələcəyə aparan yollarını müəyyən etmişdir.

Tarixin müxtəlif dönəmlərində istiqlaliyyəti uğrunda çətin sınaqlardan, mürəkkəb proseslərdən keçən xalqımız bu gün müstəqil Azərbaycanı qüdrətləndirən, onu nəinki regionun, bütün dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirən müdrik liderinin yürütdüyü siyasəti dəstəkləyir, ətrafında sıx birləşərək müəyyən etdiyi yolla onunla birgə addımlayır. Davamlı inkişaf üçün qarşıda duran strateji hədəflərin gerçəkləşməsində, dövlətimizin dünyada gedən proseslərə təsir imkanlarının güclənməsində, beynəlxalq siyasətinin formalaşmasında, millətimizin özünütəsdiqində xalqına, dövlətinə ləyaqətlə xidmət edən ölkə başçımızın düşünülmüş siyasəti dayanır. Uzaqgörən xalqımız da məhz bu siyasəti dəstəkləyir. Bu bir reallıqdır ki, möhkəm təməllər üzərində dayanan dövlətçiliyimiz,bu gün dünyanın dörd bir tərəfinə açılan qapılarımız, xoş gələcəyə doğru yolumuz ölkə başçımızın  uğurlu siyasətinin, məqsədyönlü fəaliyyətinin nəticəsidir. Əminliklə söyləmək olar ki, xalqımız bu il fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində də bir daha öz gələcəyini etibar etdiyi Liderini seçəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".