Ölkəmizdə səfərdə olan türk qazilərlə görüş
Sosial həyat

Ölkəmizdə səfərdə olan türk qazilərlə görüş

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin bir qrup qazi və hərbyönümlü QHT nümayəndələrini qəbul edib.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, general-polkovnik Arzu Rəhimov 44 günlük Vətən müharibəsində Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstək verdiyini, beynəlxalq arenada Azərbaycanın haqq işini daim müdafiə etdiyini xatırladıb. 15 iyun 2021-ci il tarixdə ölkə başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə ikitərəfli əlaqələrin rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini ifadə edib.

Ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş Vətən müharibəsində qazanılmış şanlı qələbənin ildönümü münasibətilə təbriklərini çatdırıb, Zəfər Günü ilə bağlı Azərbaycanda keçirilən tədbirlərdə iştirakdan məmnun olduqlarını vurğulayıb.

Görüşdə  ölkələrimiz  arasında münasibətlərdə veteran təşkilatlarının mühüm rolu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi  istiqamətində töhfələri xüsusi qeyd olunub. Türkiyəni təmsil edən QHT rəhbərləri səfərin təşkilinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə minnətdarlıqlarını bildiriblər.

Müşfiq MİRZƏ, 

"Respublika".