Sosial həyat

"Heydər Əliyev. 100 faktın tarixi"

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında "Heydər Əliyev. 100 faktın tarixi" kitabının təqdimat mərasimi keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan təqdimat mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Milli Məclisin deputatları Soltan Məmmədov, Elnur Allahverdiyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

Qeyd edək ki, "Heydər Əliyev. 100 faktın tarixi" kitabı 2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində ərsəyə gətirilib, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

"Respublika".