Ölkəmizə qarşı hədələyici ritorikadan istifadə edilə bilməz
Digər xəbərlər

Ölkəmizə qarşı hədələyici ritorikadan istifadə edilə bilməz

Bir əsrdən artıq keçən zaman kəsiyində bu il ilk dəfə olaraq Xankəndi də daxil olmaqla bütün Qarabağ ərazisində suverenliyimiz tam bərpa olundu, şanlı bayrağımız hər qarış torpağımızda olduğu kimi, Qarabağımızda da əmin-amanlığın və sabitliyin zəmanətinə çevrildi.

Beləliklə də 44 günlük Vətən müharibəsi və 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycan sübut etdi ki, heç bir işğalçı dövlət və ya onu himayə edən imperialist qüvvələr ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər hansı bir təhdid yarada, hədələyici ritorikadan istifadə edə bilməz və ədaləti təkbaşına da bərpa etmək olar. Biz buna dövlət başçımızın uzaqgörən siyasəti, ordumuzun gücü və xalqımızın birliyi sayəsində nail olduq. Eyni zamanda hər kəsə bir daha xatırlatdıq ki, biz müharibəyə qədər danışıqların davam etdirilməsində israr etmişiksə, bunun yeganə səbəbi işğala dinc yolla son qoymaq olub. Amma çox təəssüflər olsun ki, nə işğalçı Ermənistan, nə də ona dəstək verən qlobal güclər bunu anlamadılar və bu dövrü ancaq vaxt qazanaraq torpaqlarımızda qondarma rejim yaratmaq üçün istifadə etdilər.

Ona görə də sözdən anlamayanları güc tətbiq etməklə başa salmaq qaçılmaz idi. Ancaq onu da unutmamaq lazımdır ki, biz danışıqları da, müharibəni də hər zaman beynəlxalq hüquq qaydalarına uyğun olaraq ədalətli şəkildə aparmışıq. Hətta bu gün belə işğalçı Ermənistanı dəstəkləyərək onu hərbiləşdirən dövlətlərin və qlobal institutların riyakar siyasətlərinə və ikili standartlarına baxmayaraq, Azərbaycan dövləti ədalətin və qanunun aliliyinin təmin olunması naminə müharibə cinayətkarlarının mühakimə prosesini bütün beynəlxalq hüquq normalarına əsasən həyata keçirir. Beləliklə də qərəzli bəyanatlar və əsassız ittihamlar səsləndirənlərə qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı ədalət və diplomatiya dərsi keçir.

Aytən QURBANOVA,

politoloq.