Ölümə sarı gedən xocalılılar
Tarix

Ölümə sarı gedən xocalılılar

Əslində, Xocalının aqibəti çoxdan məlum idi. Bakıda kreslo davası gedəndə, özbaşınalıq, anarxiya hökm sürəndə xocalılılar paytaxtdan kömək gözləyirdilər. Mühüm postları tutanlar isə göz qabağındakı Xocalını görmür, Şuşa alınsa, başıma bir güllə çaxacam deyirdi. Hakimiyyət üzvləri bu tip populist çıxışlar edərkən ermənilər tərəfindən Xocalı da alındı, Şuşa və digər ərazilərimiz də. Çünki Ermənistan "arxalı köpək qurd basar" prinsipi ilə havadarları tərəfindən silahlanıb, daha geniş ərazilər iddiasını reallaşdırırdı. Nəticədə ərazi itkisi ilə yanaşı, Xocalı qətliamı kimi böyük bir faciə başımıza gətirildi. Zalımın zülmünə təslim edilmiş xocalılılar bir gecədə tamamilə məhv edildi, yüzlərlə sakin öldürüldü, bir o qədər insan yaralandı, yerdə qalanlar isə mənən, ruhən öldü. Çünki şəhərin müdafiəsi dövründə onları ayaqda tutan yeganə qüvvə mənəvi borc, torpaq təəssübü və azərbaycanlılara məxsus qəhrəmanlıq idi.

Əslində, xocalılılar mübarizə əzmi, iradə və dözümləri ilə qəhrəman idilər. Onlar uzun müddət hər tərəfdən mühasirədə olduqları zaman belə, adi avtomat silahı və ov tüfəngləri ilə yağı düşmənlə böyük mübarizə aparmışdılar. Amma nə ümidlərini itirmiş, nə də şəhərlərini tərk etmişdilər. İnanmışdılar ki, bir gün paytaxtdan kömək gələcək. Axı, strateji baxımdan çox önəmli olan Xocalının işğalı erməniləri alınmaz qala Şuşaya da bir addım yaxınlaşdırırdı. Xocalılılar bunun qarşısını almaq üçün düşmənə qarşı savaşırdılar. Bakıda isə başqa "küləklər əsirdi"...

1992-ci il 26 fevral Xocalının ölümlə "əlbəyaxa" döyüşdüyü gecə idi. Yer-göy, dağ-daş imdad diləyirdi. Soruşsam, Xocalı özü nə danışar? Köz-köz olan qəlbini, dağlanan sinəsini, yoxsa qana boyanan sifətinimi göstərər? O gecə, insanların fəryadı hıçqırıqlarda boğuldu. İçində qışqırdı adamlar. Azərbaycan kişisi ölümdən, vəhşi düşmənin zülmündən qorxmadı, qundaqdakı körpənin bir gülləylə susdurulacağından qorxdu. Ölümün gözlərinə dik baxan insanları o gecə bir amal birləşdirdi: düşmənə əsir düşməmək. Balasının ölüsünü də düşmənə təslim etmədi, sinəsinə sıxıb son dəqiqəyə kimi  özü ilə gəzdirdi. Ananın fəryadı o gecə lal sularda, buz bağlamış meşələrdə, qarlı aşırımlarda və keçdiyi dağların arxasında boğuldu. İndi də xocalıların qulaqlarındadı o səslər. Ərşə çəkilən yuxularda, donan ayaqlarda, buz bağlayan kirpiklərdə və yaralı ürəklərdə yaşayır. Bir də həmkarımız Çingiz Mustafayevin faciə baş verən ərazilərdə çəkdiyi kadrlarda. Hər bir azərbaycanlının heç vaxt unutmayacağı "üzünü, üzünü göstər" deyərək hıçqıran Çingizin səsində...

 Zaman keçəcək, illər, əsrlər bir-birini əvəz edəcək. Amma ayağı məftillərlə bağlanan, başı kəsilən, dərisi soyulan, donaraq ölən xocalılılar heç vaxt tarixin yaddaşından silinməyəcək. Çünki bu, bir xalqın, millətin faciəsi, qan yaddaşıdır. Tarixə qanla yazılan heç nə silinmir. Xocalılılar bu amansız soyqırımı günündə azərbaycanlıya xas olan mərdlik, igidlik nümayiş etdirmiş, özlərini əsl qəhrəman kimi apararaq erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə son nəfəslərinə qədər vuruşmuş, düşmən qarşısında əyilməmişlər. O gecə xocalılılar onları gözləyən tələdən, düşmən gülləsindən xəbərsiz ölümə sarı tələsmişdilər. 

Xocalı fevralın 25-i axşam toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulmuş, fevralın 26-sı səhər saat 5 radələrində şəhər tamamilə alova bürünmüşdü. Mühasirədə qalan təxminən 2500 nəfər xocalılı Ağdama çatmaq ümidi ilə gecə ikən yola çıxmışdı. Dəstələrə bölünən insanlar qəfil erməni hücumu nəticəsində pərən-pərən düşmüş, hərə bir istiqamətə getmişdir. Həmin gecə pusquya düşərək əsir götürülən, güllələnən insanlarla yanaşı, günlərlə ac-susuz qalıb, qarlı, şaxtalı havada sağ gəlib çıxanlar da olmuşdur. Lakin həmin sakinlərin qəlblərindəki yara, sızıltı və o günlərin vahiməsi hələ də keçməyib. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən sakinlərdən 613 nəfəri düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olmuşdur. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və ahıl idi. Ermənilər tərəfindən 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin düşmüşdür. Baxmayaraq ki, faciənin baş verməsindən 30 ildən çox vaxt keçib, hələ də əsir və itkin düşənlərin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Lakin təkcə elə bu ay, Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən iki kütləvi dəfn yeri aşkarlanıb. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü soyqırımı siyasətini, müharibə və insanlıq əleyhinə törətmiş olduğu cinayətləri sübut edir. Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olmasıdır.

Baxmayaraq ki, Xocalı faciəsi dünya miqyasında törədilən ən qanlı hadisələrdən biridir, sanki bütün dünya susdu, görməzdən gəldi. Heç bir dövlət, beynəlxalq təşkilat faciəyə nə münasibət bildirdi, nə də hüquqi qiymət verdi. O vaxta qədər ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi. Ulu öndər Xocalı faciəsini soydaşlarımıza qarşı soyqırımı adlandıraraq demişdi: "Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş bir təzahürüdür".

Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılması, dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əksini tapıb. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Ölkəmizdə isə hər il xalqımız Xocalı soyqırımını böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur. Üç ildən artıqdır ki, torpaqlarımız işğaldan azaddır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq, düşməni işğal etdiyi ərazilərimizdən qovdu. Ötən il 19-20 sentyabr tarixində aparılan lokal xarakterli antiterror tədbirləri zamanı isə dövlətimiz öz əraziləri üzərində suverenliyini  tamamilə təmin etdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz kimi, Xocalıda da Azərbaycan bayrağı dalğalandı. İndi şəhərin təmir-bərpa işləri aparılır. Yaxın zamanlarda sakinlərin şəhərə köçürülməsinə başlanılacaq. Bütün bunlar isə Xocalı dərdlərinə məlhəm olacaq. Bəli, Xocalı meşələrində bitən bənövşələr boynubükük qalmayacaq, sevincdən gülümsəyib, doğma sakinlərini qarşılamaq üçün bəzənəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".