Tarixi qələbələrin, böyük Zəfərin fatehi
Tarix

Tarixi qələbələrin, böyük Zəfərin fatehi

Tarixin və zamanın gərdişini dəyişmək, millətinə şərəf və qürur gətirmək, müqəddəs bayrağını ucaltmaq, məğlub xalqı qalib xalqa çevirmək, xəyalları gerçək etmək yalnız fatehlərə məxsusdur. Qlobal güclərin fitvası ilə sanki tilsimə salınmış, qırx yerdən düyün vurulmuş Qarabağ problemini həll edən, işğala və hərbi təcavüzə son qoyan, haqqı, ədaləti bərpa edən, milli qürurumuzu, şərəfimizi ucaldan Qalib Ali Baş Komandan İlham Əliyev dövrün nəbzini dəyişməyə nail oldu. Tarix sübut etdi ki, İlham Əliyevin sözü ilə əməli həmişə üst-üstə düşür, nəyi nə zaman edəcəyini yaxşı bilir.

Ermənistanın hərbi rəhbərlərinin və qondarma separatçı rejimin münaqişə dövründə ölkəmizə qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə Azərbaycan özü son qoydu. Cəsarətlə, qətiyyətlə, siyasi və hərbi güc ilə Azərbaycan Cənubi Qafqazda mövcud reallığı dəyişdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Silahlı Qüvvələrimizin bölmələri tərəfindən icra edilmiş "Qisas", "Dəmir yumruq" əməliyyatları Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Qalib Ali Baş Komandan tərəfindən üçrəngli bayrağımız Ağdərədə, Əsgəranda, Xocavənddə, Xankəndidə göylərə qaldırıldı. Azərbaycanın uzun illər apardığı mübarizə işğal olunmuş torpaqlarımızın azadlığı ilə yanaşı, həm də bütövlükdə erməni faşizminə son qoydu. Cəmi 20 ildə iki yüz illik problem həll edildi. Baş verən müharibələr artıq dünyanın taleyini dəyişir. Azərbaycanın taleyini yaxşılığa və qələbəyə çevirən Liderimizin ideyaları reallığa çevrilir, şaxələnir, gələcəyə nikbin baxışlarda, sarsılmaz mövqedə öz əksini tapır. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində xunta rejiminin, separatçıların əski parçasına bənzəyən bayrağı Qarabağ fatehinin ayaqları altına sərildi. Azərbaycanın milli qürur məsələsini həll edən Prezidentin qədim Azərbaycan torpağından, cəmi 23 saata işğaldan azad edilən Xankəndidən xalqa müraciəti qürurlu, şərəfli tariximizin qızıl səhifəsidir və biz bu müqəddəs anların, xoşbəxtliyin şahidi olduq.

XXI əsrin əvvəlində türk birliyi, türk yolu, Turan məqamı qədim Azərbaycan torpağı Naxçıvandan başlandı və bu ideyanın müəllifi, təşkilatçısı İlham Əliyevdir. Dünyanın yeni güc mərkəzi 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb və ötən 14 il ərzində inamlı inkişaf yolu keçib. Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı İlham Əliyev zamanın diktə etdiyi həqiqətlər haqqında bildirib ki, əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

Qardaş Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlığın böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr düşmənləri əsrlər boyu nə qədər narahat etsə də, bu möhkəm bağları bir-birindən ayıra bilməyiblər, bəzən buna nail olsalar da, bu, müvəqqəti olub, axıra qədər gücləri çatmayıb. Bu qardaşlığın kökləri çox dərindir, o qədər qırılmaz tellərlə bir-birinə bağlıdır ki, dövranın heç bir gərdişi onu poza bilməyib, onlar zamanın ən çətin sınağından şərəflə çıxıblar.

2020-ci ilin payızında işğaldan azad edilən Qarabağda tarixi baxımdan çox qiymətli, mənəvi baxımdan isə qürurverici və şərəfli bir hadisə baş verdi. Qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi sayəsində Azərbaycan işğalçılara qarşı aparılan Vətən müharibəsində parlaq qələbə qazandı. Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən Azərbaycan hərbçilərinin döyüş taktikası və ən müasir hərbi silahlardan istifadə etməsi, vətənpərvər gənclərin qəhrəmanlığı, xalqın sevgi, inam və birmənalı dəstəyini qazanmış Prezident İlham Əliyevin sərkərdə məharəti və qətiyyəti tarixin gərdişini dəyişdi. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi - Müttəfiqlik müqaviləsi, iki qardaş ölkənin birliyi Cənubi Qafqazda yeni düzənin yarandığını nümayiş etdirdi. Eyni zamanda Şuşa Bəyannaməsi ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahəsindəki imkan və potensialların birləşdirilməsinə təkan verdi.

Bir daha qeyd edək ki, Astanada keçirilən Zirvə görüşü bir çox həqiqətlərin üzərinə işıq saldı. Ən əsası isə dünyaya nümayiş etdirildi ki, türk xalqlarının şanlı tarixi var və onu heç kəs inkar edə bilməz. Əcdadlarının vətəninə toplaşan türk xalqlarının dövlət başçılarının növbəti görüşü bu qiymətli həqiqətlərin təsdiqinə çevrildi. Dövlət başçıları tərəfindən ənənə, birləşmə, islahatlar, bilik, etibar, investisiya, vasitəçilik və enerji, türk dünyasının perspektivləri - 2040 adlı sənəd təsdiq edildi. Türk birliyinin tanıdılmasının təşviqi, türk xalqlarının tarixində, mədəniyyətində, dilində və zehniyyətində köklü icmalar nəzərə alınmaqla əsas vəzifə olaraq təyin olundu. Qərara alındı ki, tarixi arxivləri araşdırmaq və ortaq tarixlərin izah edilməmiş hekayələrini gələcək nəsillərə ötürmək üçün birgə səy göstərilsin. Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı maraqla qarşılandı, Azərbaycanın ən ağrılı probleminin həlli istiqamətində aparılan gərgin siyasəti və İkinci Qarabağ müharibəsində qazanılan qələbəni xarakterizə edən dövlətimizin başçısı diqqətə çatdırdı ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı "yeni torpaqlar uğrunda yeni müharibə" ilə hədələyirdi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun "müstəqilliyi"ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr "prezident seçkiləri" ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.

Zirvə görüşündə dövlət başçıları tərəfindən səsləndirilən ürək sözləri Liderimizin qazandığı nailiyyətlərə və tarixi qələbəyə verilən ən dəyərli qiymət idi. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını bildirdi. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Yaranan fürsətin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik.

Macarıstanın Baş naziri Viktor Orban 10-cu yubiley Zirvə görüşündə bildirdi ki, mən fürsətdən istifadə edərək, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident İlham Əliyevə uğurlar arzulayıram. Cənab Prezident, Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib. Deyib ki, ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açıb və söyləyib ki, sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edib. Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər - ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm.

Bütün bu deyilənlər Liderimizin, Qarabağ fatehinin uğur dastanını daha da rövnəqləndirir, daha da mükəmməl edir.

Salman ALIOĞLU,

"Respublika".