Tarixdə qalan sevimli anlar
Tarix

Tarixdə qalan sevimli anlar

"Heydər Əliyev İli" çərçivəsində iyunun 17-də Şuşada pedaqogika üzrə elmlər doktoru, tanınmış ictimai xadim Zəhra Muradovanın dörd - "Şuşa. Hər daşı, qayası tarix", "Şuşadan Qoriyə gedən yol", "Sağlamlıq və sənətkarlıq ocağı Şuşa", "Heydər Əliyev və Qarabağ" kitablarının  təqdimatı keçirilmişdir.

"Qarabağ" otelinin konfrans zalında keçirilən tədbirə Bakıdan 67 nəfər ziyalı qatılmışdı. Mərasimin aparıcısı, Bakıxanov qəsəbə Bələdiyyəsinin hüquq şöbəsinin müdiri Mehriban Paşayeva tədbiri açıq elan edərək onun məram və qayəsindən danışmış, ümummilli lider Heydər Əliyevin, eləcə də şəhidlərimizin xatirəsi əziz tutularaq bir dəqiqəlik sükutla yad edilmişdir.

İlk olaraq tarix elmləri doktoru, professor Həvva Məmmədovaya söz verildi. O, bu kitabların təqdimatının məhz Şuşada keçirilməsinin tarixi əhəmiyyətindən, Heydər Əliyev və Qarabağ mövzusunun aktuallığından, Zəhra Muradovanın sərf etdiyi əməyin dəyərindən ətraflı danışdı. Sonra jurnalist Vasif Quliyev kürsüyə dəvət olundu. O da təqdimatı keçirilən kitabların əhəmiyyətindən, müəllifin zəhmətinin danılmazlığından bəhs etdi, Şuşa ilə bağlı bəzi xatirələrini söylədi. Növbəti çıxış üçün söz şuşalı Mirzə Haqverdi Qarabağinin kötücəsi Səadət Qarabağlıya verildi. O da öz növbəsində kitablarda Şuşanın tarixinin, mədəniyyətinin, təbiətinin, ictimai həyatının sevə-sevə vəsf edilməsindən söhbət açdı.

Pedaqogika üzrə fəlsəfə doktoru Mahirə İbadova Z.Muradovanın müəllifi olduğu kitablardan ətraflı söhbət açdı, onların ədəbi cameyəmiz üçün dəyərindən danışdı. İş xanımı, PTV (Pley TV), Youtube kanalının təsisçisi Pərvanə İskəndərova da Zəhra Muradovanın dəyərli qələm nümunələrindən söz açdı.

Tədbirdə çıxış üçün növbəti söz sənətşünaslıq üzrə fəlsəfə doktoru, şuşalı şair, Şərq musiqisinin gözəl bilicisi Mirzə Ələsgər Növrəsin kötücəsi Tərlan Növrəsliyə verildi. O, Zəhra xanımı möhtəşəm kitab təqdimatına görə təbrik etdi və uğurlar arzuladı.

Sonra Elm və Təhsil Nazirliyinin Neft və Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlhamə Zərbəliyeva kimyaçı kimi Zəhra Muradovanın "Sağlamlıq və sənətkarlıq ocağı Şuşa" kitabının əhəmiyyət kəsb edən incəliklərindən, Şuşa torpağının bərəkətindən, dəyərindən, gözəlliklərindən danışdı.

Azərbaycan Valideyn, Müəllim Assosiasiyası ictimai birliyinin icraçı direktoru, kulturoloq Şahin Rəcəbli, Azərbaycan Respublikası Təhsil İnstitutunun böyük elmi işçisi, "Qarabağ təhsili" kitabının müəllifi Könül Mikayılova, Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi işçisi Gülnarə Şahmuradova, Almaniya Türk muzeyinin Azərbaycan nümayəndəsi Anar Rzayev də Zəhra Muradovanın kitablarının gəncliyə töhfə olduğunu vurğuladılar.

Rəsmi hissənin sonunda çıxış üçün söz kitabların müəllifi Zəhra Muradovaya verildi. O, tədbirin təşkilatçılarına, zəhməti keçənlərə, çıxış edənlərə, bütün iştirakçılara dərin, tükənməz minnətdarlığını bildirdi, kitabları oxuyan hər bir kəsin bu cənnətməkan diyarın var olan gözəlliklərinin şahidi olacağına əminliyini ifadə etdi.

Sonra tədbirin ədəbi-bədii hissəsi başlandı. Tədbirin bədii hissəsində "Vedibasar" qəzetinin redaktoru, şair Nəsibə İsmayıl qızı da çıxış etdi və şeirlərini oxudu. Daha sonra mərasimin aparıcısı Mehriban Paşayevanın ifasında Azərbaycan Təhsil İnstitutunun əməkdaşı, gənc şair Səbuhə Hüseynovanın  Şuşaya həsr etdiyi şeir səsləndirildi:

 

Əziz Şuşa, sən azadsan!

Buz-bulaqlı yaylaqların,

Cıdır düzün, qayaların

Xarıbülbül, gözün aydın!

 

Əziz Şuşa, sən azadsan!

Azad olunduğun andan

"Qarabağ Azərbaycandır"!

Dedi Ali Baş Komandan.

Toy-düyünə döndü cahan

Üçrəngli bayrağını fəxarətlə

Sancdı Şuşa qalasından!

 

28 il yarımlıq həsrətdən sonra müqəddəs Şuşamızın çal-çağırlı günləri başlayıb. Artıq üç ildir ki, bu füsunkar diyarda bir-birindən maraqlı tədbirlər keçirilir. Bu kitabların təqdimatı da əsrarəngiz Şuşamızda unudulmayan, həmişə yaddaşlarda, xatirələrdə və tarixdə qalan sevimli anlar idi.

Səadət QARABAĞLI.