Ötən il ölkəmizin idman uğurları ilə də yadda qaldı
İdman

Ötən il ölkəmizin idman uğurları ilə də yadda qaldı

Dövlətimiz müstəqillik illərində bütün sahələrdə çoxsaylı uğurlar əldə edib. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən bu uğurların hər biri xüsusi əhəmiyyət kəsb edir. Uğurlarından fəxrlə bəhs etdiyimiz sahələrdən biri də idmandır. İdmançılarımız qalib gəldikcə, dövlətimizin himni səsləndirilir, bayrağımız dalğalanır. Bu səbəbdən də idmanda qazanılan uğurlar bizə xüsusi qürur hissi yaşadır. Son illər Azərbaycanda bu sahədə inkişaf diqqət çəkir. Azərbaycan bu il iyunun 20-dən iyulun 2-dək Krakov və Malopolskada keçirilən III Avropa Oyunlarında iştirak edib. Oyunlarda ölkəmiz 14 idman növündə ümumilikdə 100 idmançı ilə təmsil olunub, 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla, 11 medal qazanıb. Qızıl medallara karate üzrə Tural Ağalarzadə, İrina Zaretska, kikboksinqdə isə Fərid Ağamoğlanov sahib olub. Azərbaycan, həmçinin 2023-cü ildə Şahmat üzrə Dünya Kuboku, U22 Avropa Boks Çempionatı, Gənclər arasında FİBA Avropa Çempionatı (U 18, C divizionu) və bir çox gimnastika tədbirləri kimi böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. Azərbaycan həmçinin, Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MINEPS ) ev sahibliyi edib.

Gənclər və İdman Nazirliyinin 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbirinə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar. Gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib, 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağını vurğulayıb.

Ötən il təkcə idman sahəsində qazanılan nailiyyətlərlə deyil, həm də Azərbaycanın diplomatiya sahəsində uğurları ilə də yadda qalıb. Ölkəmiz keçirdiyi antiterror tədbirləri ilə tam suverenliyini bəpa edib, Xankəndidə Azərbaycan bayrağı ucaldılıb. Bundan sonra Xankəndi şəhər stadionunda təmir işlərinə başlanıb. Stadionun “qondarma rejim”in bayrağı rənglərində olan tribunaları sökülüb yeniləri ilə əvəzlənib. Arenanın ot örtüyü dəyişdirilib, paltardəyişmə otaqları yenilənib.

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyunun fasiləsində Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb. Görüşdə Prezident İlham Əliyev deyib: “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”.

Xankəndi stadionunda baş tutmuş MOİK – “Qarabağ” oyunu təxminən 6000 azarkeşin iştirakı ilə keçirilib. Onların içərisində bu torpaqlar üçün can vermiş şəhidlərimizin övladları da olub. Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onlarla xüsusi maraqlanıb, şəkillər çəkdirib. Azərbaycan Prezidenti topa ilk toxunuş edərək oyuna start verib. Cənab Prezidentin topa ilk toxunuş üçün meydana gəlməsi, bir zamanlar qondarma rejimin bayrağı rənglərində olan tribunaların indi “Qarabağ Azərbaycandır!” yazılı tribunalara çevrilməsi, o yerlərdə oturmuş azarkeşlərin dəstəyi, bütün bunların vəhdəti ilə oyunu izləmək sadəcə qürurverici idi.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.