Paris vətəndaş müharibəsinin astanasında
Siyasət

Paris vətəndaş müharibəsinin astanasında

Ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər hələ də bir sıra dövlətlər tərəfindən həzm edilmir. Bu ölkələrdən biri də Fransadır.

Bu gün başqa dövlətlərin daxili işlərinə müdaxilə etmək istəyən Parisdə vəziyyət gün keçdikcə mürəkkəbləşir. Belə ki, Fransa artıq Avropada insan hüquqlarının kobud şəkildə pozulduğu ölkələr sırasında liderdir. Ən vacib məqam isə siyasi fiqurlarla yanaşı, müxtəlif araşdırma mərkəzlərinin də ölkədəki mürəkkəb şəraitdən narahatlıqlarını ifadə etmələridir. Hər nə qədər Makron bunu qəbullanmasa da, o, beşinci respublika tarixində ən uğursuz lider kimi yadda qalıb. Şübhəsiz, bunun bir sıra səbəbləri var. İlk olaraq, miqrantlara qarşı zorakılıq, antisemitizm meyilləri indiki hakimiyyətin dövründə pik həddə çatıb. Bu isə birbaşa Fransada cinayətlərin sayının artmasına gətirib çıxarır. Eyni zamanda Fransada son dövrlərdə dini qruplara qarşı da diskriminasiya halları kəskin şəkildə çoxalıb. Bu, özünü müsəlmanlara tətbiq edilən məhdudiyyətlərdə, dini məktəblərin bağlanmasında, dərnəklərin ləğv edilməsində, məscid tikintisinə və hicaba qadağa qoyulmasında büruzə verir.

Hətta ölkədə vəziyyət o qədər gərginləşib ki, müxtəlif xalqların nümayəndələrinin müqəddəs saydıqları inanclar belə təhqir edilir. Bu gün Fransa Makron hakimiyyətinin səriştəsiz siyasəti nəticəsində vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalıb. Hətta ölkə rəhbərliyində təmsil olunan yüksəkrütbəli şəxslər də bununla bağlı öz narahatlıqlarını bəyan edirlər. Fransa daxili işlər naziri Jerald Darmanin bildirib ki, son dövrlər ölkədə ifrat sağçı hərəkat baş qaldırıb. Nazir, həmçinin bu yaxınlarda bir yeniyetmənin polis tərəfindən qətli səbəbindən küçə iğtişaşlarının artdığını da diqqətə çatdırıb.

Xatırladaq ki, Fransanın cənub-şərqindəki Krepol kommunasında baş verən iğtişaş zamanı 16 yaşlı Tomas adlı yeniyetmə qətlə yetirilmişdi. Hadisə nəticəsində 9 nəfər saxlanılmış, onlardan 6-sı polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etdikləri üçün barələrində 6 aydan 10 aya qədər həbs cəzası çıxarılmışdı. Saxlanılanlardan səkkizi fransız, biri isə italyandır. Fransa DİN rəhbəri sözügedən sağyönümlü qüvvələrin irqçi hücumlar edəcəkləri ehtimalını vurğulayıb.

Lionda qara maskalı adamların "İslamı Avropadan çıxarın" kimi şüarlar səsləndirərək əllərində "İmmiqrasiya öldürür" yazısı olan pankartla şəhəri gəzmələri də mövcud vəziyyəti əks etdirir. Hazırda Fransa polisi həmin qruplarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Dermanin deyib ki, heç bir qrupa hər hansı radikal hərəkatlar reallaşdırmağa imkan verilməyəcək.

Görünür, Fransa öz daxili problemlərini həll etmək istəmir. Əfsuslar olsun ki, bu gün rəsmi Paris ölkədə cərəyan edən hadisələrdən dərs çıxarmaq əvəzinə xalqlar və dövlətlər arasında gərginlik yaradılmasına çalışmaqla pozucu mövqe nümayiş etdirir. 30 il özgə torpağını işğal altında saxlayan bir dövləti silahlandırmaq kimi riyakar siyasət yürüdən Makron hakimiyyəti regionda yeni münaqişə yaratmağa çalışır. Hazırda Ermənistanda güclənən revanşizm meyillərində də Makronun izi açıq-aydın sezilir. Amma bu gün Fransadakı gərginlik Makronu radikal addımlar atmağa sövq edir. Şübhəsiz, bundan sonra da Paris daha ciddi problemlərlə üzləşə bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".