Paşinyanın sözü ilə əməli uyğun gəlmir
Digər xəbərlər

Paşinyanın sözü ilə əməli uyğun gəlmir

Ermənistanın baş naziri N.Paşinyan dəfələrlə çıxışlarında Qarabağ Azərbaycandır deyə vurğulamışdır. Paşinyan bunu açıq etiraf etsə də, mövqeyində və əməlində başqa istiqamət sərgiləyir. Elə bu səbəbdən də baş nazirin çıxışları şübhə doğurur. Əgər Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edirsə, o zaman sülh müqaviləsinin bağlanmasını niyə yubadır? Görünən odur ki, Paşinyanın ipi xaricdə yaşayan erməni lobbilərinin əlindədir. Onlar Paşinyanı idarə edirlər.

İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əldə etdiyi tarixi qələbəni bütün dünya qəbul edib. Ermənistan da faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarından imtina edir və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıyır. Məğlub ölkə kimi yaranmış yeni reallıqla barışmaqdan başqa çıxış yolunun olmadığını anlayır. Lakin Paşinyan hakimiyyəti verdiyi sözləri əməldə yerinə yetirmir. İkiüzlü siyasət yeridən Paşinyanın imzası ilə sözü bir-birini tamamlamır.

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb, münasibətlərini normallaşdırmaq qərarı veribsə, digər ölkələrə bu prosesə səmimi şəkildə dəstək vermək düşər. Lakin Fransa kimi bəzi Qərb dövlətləri müxtəlif yollarla prosesə müdaxilə etməyə çalışırlar. Bu isə sülhə doğru atılan addımları ləngidir. Onlar sadəcə Paşinyandan alət kimi istifadə edirlər. Əslində, Qərbin və erməni lobbisinin arzusudur ki, Qarabağ münaqişəsi bitməsin. Öz maraq və məqsədlərini təmin etmək üçün başqa planlar cızsınlar.

Ermənistan hakimiyyətinin hazırkı mövqeyi isə siyasətdən bixəbər, dövlət idarəçiliyində naşı təəssüratı bağışlayır. Bir zamanlar Şuşada sərxoş halda rəqs edən Nikol deyəsən, hələ yuxusundan ayılmayıb. Paşinyan özbaşına qərar vermək iqtidarında deyil. Çünki Nikol gah Qərbə meyil edir, gah da Şərqə istiqamət alır. Hər iki tərəfdən özünə arxa, dayaq axtarır. İyulun 25-də keçirdiyi mətbuat konfransında Nikol Paşinyan ənənəsinə sadiq qalaraq daxili auditoriyaya yönəlik ziddiyyətli fikirləri ilə yenidən gündəmə gəlib. Əvvəlki bəyanatlarından fərqli olaraq Azərbaycana qarşı yenə cəfəng ittihamlar səsləndirib. Ancaq bir sıra etiraflar da edib. O, öz çıxışında birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini qeyd edib: "Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın". Ermənistan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib". Paşinyan özündə cəsarət tapıb, həqiqətləri etiraf etməsi heç də birmənalı qarşılanmayıb. Bəzi qüvvələrin hiddətinə və narazılığına səbəb olub.

Paşinyanın son mətbuat konfransı bir daha sübut etdi ki, Ermənistan hakimiyyəti dediyi sözə əməl etməyə ehtiyat edir. Baş nazir bir tərəfdən özündə cəsarət tapıb Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını bəyan edir, digər tərəfdən də sülh müqaviləsi imzalamağa hələ hazır olmadığını bildirir.

Ramidə YAQUBQIZI,

"Respublika".