“Peşəkar Müzakirələr” layihəsi
Digər xəbərlər

“Peşəkar Müzakirələr” layihəsi

Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində Dövlət Miqrasiya Xidmətinin yeni layihəsi olan “Peşəkar Müzakirələr”ə  start verilib.

Qurumun mətbuat xidmətinin 15 mayda yaydığı məlumatda bildirilir ki, layihə ölkəmizdə yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən əcnəbi mütəxəssislərin öz təcrübələrini yerli mütəxəssislərlə bölüşməsinə, onlar arasında qarşılıqlı faydalı təcrübə və fikir mübadiləsinin həyata keçirilməsinə, əlaqələrinin gücləndirilməsinə imkan yaratmaq, eləcə də ölkədə peşəkar və akademik müzakirə prosesinin təşviqinə  nail olmaq məqsədi daşıyır.

“Azərbaycanda miqrasiya idarəçiliyi” mövzusuna həsr olunmuş “Peşəkar Müzakirələr” layihəsinin ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov olub.

Müzakirələrdə miqrasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, bu sahəyə  maraq göstərən gənclər və elmi dairələrin nümayəndələri iştirak edib.

Yeni layihəni açıq elan edən Xidmət rəisi onun imkanları barədə məlumat verib. Peşəkar mühitdə fikir və təcrübə mübadiləsinə şərait yaratmaq üçün bu istiqamətdə silsilə tədbirlərin keçirilməsinin önəmini diqqətə çatdırıb.