Poeziyamızın qoşa qanadı
Sosial həyat

Poeziyamızın qoşa qanadı

Rəsul Rza Nigar Rəfibəyli cütlüyünün həyat hekayəsindən

Ala gözlüm, səndən

                     ayrı gecələr,

Bir il kimi uzun olur,

                    neyləyim?

Bağçamızda qızılgüllər

                   hər səhər

Tezdən açır, vaxtsız         

                  solur, neyləyim?

"Neyləyim?". Ötən illərin ən gözəl, ruh oxşayan mahnılarından biri. Başqalarını deyə bilmərəm, mən belə düşünürəm. Hər biri özünəməxsusluğu ilə fərqlənən üç sənətkarın birgə yaradıcılıq uğuru. Nigar Rəfibəylinin sözlərinə Emin Sabitoğlunun bəstəsi bir Akif İslamzadənin ifası.

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda

Yasəmənlər saçın yolur, neyləyim?

Nigar xanımın Rəsul Rza üçün yazdığı bu şeirə Emin Sabitoğlu şairin ölümündən dərhal sonra bəstələmişdi o mahnını. Həmin musiqinin səs yazısını Anar xəstəxanaya gətirmiş, Nigar xanım həmin musiqini dinlədikdən sonra çox bəyənmişdi. Yanına kim gəlirdisə, uşaqlarına deyirdi ki, Rəsula yazılan mahnını qoyun, qulaq assınlar...

1981-ci ilin yazı yenicə girmişdi, mənim doğma universitetimlə vidalaşmağıma sayılı günlər qalırdı, bir az keçəcək ali təhsilli jurnalist kimi fəaliyyətə başlayacaqdım. Bir gün yayılan xəbərdən çox sarsıldım. Rəsul Rza Nigar Rəfibəylinin bir-birindən xəbərsiz eyni xəstəxanada ağır vəziyyətdə yatdığını eşidəndə elə təsirlənmişdim ki...

Beləcə, Rəsul müəllim 1981-ci il aprelin 1-, ondan üç ay sonra, iyulun 9-da isə Nigar xanım dünyasını dəyişdi, bir-birindən xəbərsiz. Azərbaycan poeziyasının iki görkəmli nümayəndəsi köçdü bu dünyadan, bir budağın iki yarpağı saralıb soldu, bir məhəbbət, sevgi hekayəsi sona çatdı... O vaxtdan hər dəfə bu nəğməni eşidəndə o illəri, o acı hadisəni xatırlayıram...

Hadisə isə belə olmuşdu. Yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkən Rəsul Rza o vaxt "Leçkomissiya" adı ilə tanınan (indiki Mərkəzi Klinika) xəstəxanaya yerləşdirilir (onu da qeyd edək ki, bu xəstəxana o zaman yaradıcı insanlara xidmət göstərirdi). Həmin günlərdə Nigar xanıma xərçəng diaqnozu qoyulur həkimlər müalicə üçün onun Moskvaya aparılmasını məsləhət bilirlər. Bunu eşidən Rəsul müəllimin halı daha da pisləşir, həkimlər qədər çalışsalar da, onu həyata qaytarmaq mümkün olmur. Onun ölümünü hər kəs Nigar xanımdan gizlin saxlayır. Bir gün: "Rəsul mənə niyə zəng vurmur?", - deyə soruşanda, Rəsul müəllimin qan təzyiqi diaqnozu ilə xəstəxanada yatdığını, həkimlərin onun palatasından telefonu çıxardıqlarını deyirlər ("Leçkomissiya"da palatalarda telefonlar yerləşdirilmişdi). İyunun 23- Nigar xanımın ad günündə oğulları Anar böyük bir yasəmən dəstəsi alıb xəstəxanaya gedir: "Rəsul bu gülləri sənə göndərib", - deyir. Təbii ki, çox sevinir Nigar xanım, ancaq içini şübhələr bürümüşdü... Bir həftə sonra həkimlər onun xəstəliyinin əlacsız olduğunu deyib evə buraxırlar, son günlərini ailəsilə birgə keçirmək üçün. Evə gələn kimi ilk sözü bu olur: "Mənim qara paltarımı gətirin". Rəsulunun yoxluğunu hiss etmişdi...

...Bir yaz günü redaksiyadan tapşırıq almışdım, Rəsul Rzanın doğum günü münasibətilə anım yazısı hazırlamalı idim. Bir yaz axşamı düşüncələr içindəykən yenə o uzaq illərə döndüm. Yenə o nəğmənin sədaları gəldi qulaqlarıma, qəlbim şiddətlə döyündü. Deyəsən, yazıya necə başlayacağımı bilirdim:

Çiçəklərin gözü çəkir intizar

Ayrılıqdan betər dünyada var?

Bir yaz axşamı qəmgin-qəmgin boynunu büküb həzin-həzin Rəsulunu yada salan Nigar xanımın sevgi etirafı olan "Neyləyim?" qurtardı məni çətinlikdən. Bu, qoşa qanadı birgə xatırlamağı, Leyli Məcnun, Əsli Kərəm sevdasından heç fərqlənməyən o böyük sevdanı bir daha vəsf etməyi ən doğru seçim bildim...

Nigar xanım "Neyləyim?" şeirini 1941-1945-ci illərdə Rəsul Rza İkinci Dünya müharibəsində cəbhəyə göndəriləndə qələmə almışdı. Elə ilk gündən ayrılığa dözə bilməyən Nigar xanım şair Səməd Vurğunun yanına getmiş: "Mən cəbhəyə getmək istəyirəm!", - demişdi. Səməd Vurğun isə ona zarafatla belə cavab vermişdi: "Ay Nigar, mən indi bir batalyonu hardan tapım ki, səni cəbhədə müşayiət eləsin?". Cəbhəyə getmək alınmayanda isə Nigar xanım "Neyləyim?"i yazmışdı.

Nigar xanımla Rəsul müəllim 1937-ci il fevralın 11- ailə qurmuşdular. 1957-ci ildə Rəsul müəllim evliliklərinin 20-ci ilində Moskvadan ona bir məktub ünvanlamışdı: "Nigar, əzizim! İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunca bütün sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol! Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtınalardan qorusun. Vəfa sədaqətin qarşısında baş əyirəm".

Bu, sevgi, məhəbbət, sevda deyildisə, bəs idi?   

Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində doğulub. Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik edir, xırdavatçılıqla məşğul olurdu. Göyçayda dəftərxanada tərcüməçi dilmanc işləyib. Atasını çox erkən itirən Rəsul Rzanın anası Məryəmin Xan qızı Natəvana qohumluğu çatırdı. Onun özü şeiri, ədəbiyyatı çox sevdiyindən şeirlər yazıb onları yaddaşında saxlayır, hər gecə uşaqlarını başına yığıb şeirlər oxuyur, nağıllar danışırdı. Atalarının ölümündən sonra ailə Bakıya köçür Rəsul Rza çox erkən yaşlarından işləməyə məcbur olur.

Çox sonralar Rəsul müəllim yazırdı: "İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şeirə olan məhəbbətin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir".

"Bu gün" adlı ilk şeiri 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının "Qığılcım" almanaxında dərc olunur:

Mənim şeirim bu günün,

bu gündü mənim şeirim,

bu günsüz yarın olmaz,

bu gün yoxsa

yarınlar da qurulmaz.

1931-ci ildə şairin "Bolşevik yazı" adlı şeiri "İnqilab mədəniyyət" jurnalında çap olunur dərhal da diqqəti cəlb edir. Belə ki, tənqidçi M.Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş "Yaradıcılıq ixtilaflarımız" məqaləsi üçün R.Rzanın bu şeirinin misralarını epiqraf seçir:

Mübarizə bu gün var, yarın da.

Mən onun ən ön sıralarında.

Rəsul Rza novator bir şair, sərbəst şeirin ustası idi. Bəzən bu səbəbdən heca vəznində şeirlərin ustadı olan Səməd Vurğunla tez-tez sənət mübahisələri edər, bəzən küsüşər, yenə barışardılar. Səməd Vurğun onun haqqında deyirdi: "Rəsul Rza romantik bir qəlblə yazdığı "İntiqam" şeirilə insanları, yerləri, göyləri, dağları daşları belə intiqama - faşist cəlladlarının başına od yağdırmağa çağırırdı".

Xalqın ağrısını ağrısı, sevincini sevinci bilən, şeirlərini oxuyan hər kəsə rahatlıq gətirən, həyata, həyati hadisələrə şeirin gözü ilə baxmağı bacaran, bu dünya üçün narahat olan... Rəsul Rza əslində bu həyatdan sevgi, hüzur istəyirdi:

Mən istəyirəm,

buludlar ağlasın

uşaqlar ağlamasın:

analı, ya anasız

Mən istəyirəm:

sevinc, səadət bol olsun...

Zümrüd QURBANQIZI,

"Respublika".