Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıması bu tarixi sənədin ən vacib müddəalarıdır
Ağdam və Kəlbəcərdən sonra Laçın rayonunun da dinc yolla Azərbaycana təhvil verilməsi qalibiyyətli İkinci Qarabağ müharibəsini sona çatdırdı, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş oldu. Təcavüzkar Ermənistanın sonuncu rayonumuzu da tərk etməsilə 30 il ərzində məhz Laçın dəhlizi vasitəsilə bu ölkədən və xaricdən hərtərəfli dəstək alan Qarabağ bölgəsindəki erməni separatçı və terrorçu qruplaşmalarının son nəfəsliyi bağlandı. Bununla da işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirildi.
Tarix göstərir ki, dünyanın müxtəlif bölgələrində alovlanan istənilən münaqişə, əslində, ilk baxışdan göründüyü kimi, ikitərəfli yox, çoxtərəflidir. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Əvvəla, münaqişənin başlandığı illər SSRİ kimi bir imperiyanın dağılması prosesi ilə üst-üstə düşürdü. Həmin tarixi zamanda aparıcı güc mərkəzləri heç də yeni yaranan müstəqil dövlətlərin qısa müddətdə dünya siyasətinə qoşulmasını dəstəkləmək istəmirdilər. Əsas məqsədləri müstəqil siyasi-iqtisadi inkişaf yoluna yenicə qədəm qoymuş dövlətləri öz təsir dairələrinə salmaq və daha sonra həmin bölgənin bütün ölkələrini maraqlarına uyğun şəkildə yönləndirməkdən ibarət idi.
Yaranmış bu vəziyyətdə qonşu torpaqlarına da çoxdan göz dikmiş Ermənistan vasitəsilə Cənubi Qafqazda uzunmüddətli bir münaqişə alovlandırmaq həmin güclərə sərf edirdi. Taktiki olaraq, ilk növbədə, bölgənin ən çox potensiala malik olan ölkəsi - Azərbaycan daha cəlbedici görünürdü. Cənubi Qafqazda möhkəmlənmək isə bütün Avrasiya ərazisində nəzarəti təmin edirdi. Müstəqilliyin ilk illərində Cənubi Qafqazdakı bu qlobal siyasi oyunun əsl mahiyyəti məhz bundan ibarət idi.
Beləcə, ilk dövrlərdə münaqişə tərəflərinə müvafiq sənədlər imzalatmaqla onun hərbi yolla həlli istisna edildi, sülh yolu ilə həlli perspektivləri isə ATƏT-in Minsk qrupunun timsalında beynəlxalq güc mərkəzlərindən asılı vəziyyətə salındı. Münaqişə məqsədli şəkildə "dondurulmuş" hala gətirildi və uzun müddət belə saxlanıldı. Ermənistan çox tezliklə "hərbi uğurlarını" rəsmiləşdirərək münaqişəni qalib rolunda başa vuracağına inanır, Azərbaycan isə bu müşkül vəziyyətdən çıxış yolu axtarırdı. Bu siyasi oyunun müəllifləri isə 1994-cü ildə yaranmış "status-kvo"nun ATƏT-in Minsk qrupunun nəzarəti altında hələ uzun müddət davam edəcəyinə əmin idilər. Ancaq belə olmadı, Azərbaycan qlobal güclərin "oyun qaydaları"nı pozdu. 44 günlük Vətən müharibəsində Azərbaycan dünyanın ən böyük güc və söz sahiblərinin qurduğu məkrli bir siyasi oyunu 30 il sonra qalib kimi tərk etdi.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla tərəflər arasında sülh əldə olundu. İlk növbədə bu sülh həmin tərəfləri razı salsa da, vaxtilə münaqişənin başlamasına bilavasitə dəstək olan qüvvələri heç də qane etmədi. Xüsusən də tənzimləmə prosesindən kənarda qalan ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Fransa və ABŞ-ın mövqeyində işğalçıya dəstək olmaq cəhdləri çoxaldı. Elə Ermənistanın Minsk qrupunun fəaliyyətini canlandırmaq niyyəti də burdan qaynaqlanır.
Müharibə bitdikdən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlər tərəfləri addım-addım sülhə yaxınlaşdırsa da, məsələ həllini tapmırdı. Daha doğrusu, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməməklə, sülh müqaviləsinin imzalanması prosesini ləngidirdi.
Oktyabrın 6-da Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin müzakirəsi üçün daha bir imkan yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyəti, prinsipiallığı sayəsində bu dəfə də dünya güclərinin arzusunu gözündə qoydu. 30 illik işğal dövründə Ermənistanın başına sığal çəkib yeni ərazilər uğrunda müharibə planları hazırlanmasına şərait yaradan Fransa kimi dünyanın söz sahibi olan bəzi güclər bu dəfə öz mövqelərində dəyişiklik etmək məcburiyyətində qaldılar.
Hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyevin əsas amalı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycan xalqının dünya siyasi tarixinə məğlub yox, qalib xalq kimi yazılması olub. Dünyada həllini tapmayan münaqişə ocaqlarının mövcudluğu və bu ocaqların artması, daha da alovlanması fonunda İlham Əliyevin 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində yürütdüyü prinsipial siyasət, böyük vətənpərvərlik, siyasi peşəkarlıq və gerçək liderlik keyfiyyətlərinin bir bütündə təcəssümüdür.
"Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada dövlət başçısı İlham Əliyevin çıxışı Azərbaycanın hazırkı dövrdə beynəlxalq münasibətlər sistemində artan mövqeyini bir daha nümayiş etdirdi. Bütün tribunalarda bölgədə sülhün bərqərar olması istiqamətində Azərbaycanın mövqeyini açıq şəkildə bəyan edən Prezident İlham Əliyev oktyabrın 13-də Astanada, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışında da Azərbaycanın dünyada artan nüfuzunu, ölkəmizin Asiya ilə Avropa, Şərqlə Qərb arasında oynadığı körpü rolunun gücləndiyini, dünyada dialoqun inkişafı, sülh və sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə töhfə verdiyini vurğuladı. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmlənməsi, türk dünyasının daha sıx birliyinin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan söz açdı.
Praqa görüşlərinin sonunda qəbul edilən Bəyanatda əksini tapan müddəalardan birinin dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı olması da Azərbaycan liderinin dönməz fəaliyyətinin nəticəsi idi. Belə ki, Bəyanatda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıdı, BMT Nizamnaməsi əsas götürüldü. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Elə sərhəd monitorinq missiyasının Azərbaycanın deyil, yalnız Ermənistanın ərazisində yerləşdiriləcəyinin sənəddə təsdiqini tapması da ölkəmizin suverenliyinə, müstəqil siyasətinə nə qədər böyük dəyər verildiyinin göstəricisi idi. Bu, həm də ölkəmizin müstəqil siyasət yürütməsinin əyani sübutu kimi də əhəmiyyətlidir. Çünki Fransa Prezidenti Emmanuel Makronun da Praqa görüşlərində iştirak etməkdə məqsədi təkcə N.Paşinyanı müxalifətdən qorumaq yox, həm də danışıqlar prosesində beynəlxalq monitorinq missiyasının bölgəyə, daha konkret desək, Azərbaycan və Ermənistan ərazisinə gətirilməsi üçün Azərbaycanın razılığını almaq idi ki, bu da baş tutmadı. Beləliklə, Azərbaycan və Ermənistan arasında münaqişələrin normallaşdırılması istiqamətində aparılan növbəti danışıqlar Azərbaycanın qələbəsi ilə başa çatdı.
Zümrüd QURBANQIZI,
"Respublika".