Prezident İlham Əliyevin QH Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı Türkiyə və ərəb KİV-lərinin diqqət mərkəzindədir
Dünya xəbərləri

Prezident İlham Əliyevin QH Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı Türkiyə və ərəb KİV-lərinin diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı Türkiyə və ərəb KİV-lərinin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Misir, Yəmən, Suriya, BƏƏ və digər ərəb ölkələrinin qəzet və portallarında dövlətimizin başçısının çıxışından əsas məqamlar təqdim olunub.

Misirin “Əxbar Əl Youm” nəşrinin AZƏRTAC-a istinadla dərc etdiyi “İlham Əliyev: Fransa üzr istəməlidir” sərlövhəli materialda qeyd olunub ki, Azərbaycan Prezidenti özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın hələ də digər ölkələrin daxili işlərinə qarışdığını, təəssüf ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışdığını söyləyib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışların getdikcə artdığını, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb. O əlavə edib ki, “bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.

“Əl Əhəd” qəzetində “İlham Əliyev Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib və Parisi üzr istəməyə çağırıb” sərlövhəli məqalədə qeyd olunub ki, Azərbaycanın dövlət başçısı neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olan Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu söyləyib. O vurğulayıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Azərbaycanın dövlət başçısı, həmçinin Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici və iyrənc hərəkət adlandırıb. O, Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edib.

Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib, Parisin üzr istəməli olduğunu söyləyib, habelə bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb.

Geniş oxucu auditoriyasına malik olan “Dustur” nəşrində dərc olunan “Prezident Əliyev Fransanı üzr istəməyə dəvət edib” sərlövhəli məqalədə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Parisi həm Azərbaycanın daxili işlərinə kobudcasına müdaxilə etdiyinə, həm də neokolonializm, islamofobiya siyasətinə görə üzr istəməyə çağırıb. O, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında vurğulayıb ki, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır. Məqalədə dövlətimizin başçısının aşağıdakı sözləri sitat kimi verilib: “Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.

“Əl Marsad”, “Əl Həmra”, “Pressbee”, SANA informasiya agentliyi, “Yemen Publisher” və ərəb ölkələrinin digər qəzet və portalları da Azərbaycanın dövlət başçısının Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışına geniş yer ayırıblar.

Qardaş Türkiyənin “Hürriyet” qəzetində dərc olunan “Əliyev sülhün şərtlərini açıqladı: Ermənistan silahlı qüvvələrini Qarabağdan tamamilə çəkməlidir” sərlövhəli geniş məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında otuz il əvvəl Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdiyini, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdiyini, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Azərbaycanın dövlət başçısı diqqətə çatdırıb: “Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir”.

Məqalədə xüsusi olaraq vurğulanıb ki, Prezident İlham Əliyev münaqişə başa çatdıqdan az sonra Azərbaycanın Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipi təqdim etdiyini deyib. O əlavə edib ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.

Türkiyənin Anadolu, İHA informasiya agentlikləri, “TRTWorld” telekanalı Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışını canlı yayımlayıb. Bundan başqa, “Yeni Akit”, “Yeni Şafak”, “Akşam”, Haber com”, “En son haber” və digər qəzet və xəbər portalları, həmçinin “Haber global”, “OdaTV” telekanallarının saytları dövlətimizin başçısının çıxışının əsas məqamlarını təqdim ediblər.

“Milliyet” qəzetində isə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidanın söylədiyi “Qarabağda Azərbaycan torpaqlarının qaytarılımasını bütün Türk dünyasının Zəfəri kimi görürük” fikirlərinin sərlövhəyə çıxarıldığı məqalə dərc olunub.