DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ, UKRAYNA VƏ BMT ARASINDA RAZILIQ ƏLDƏ OLUNUB

Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı Rusiya Federasiyasının “taxıl müqaviləsi”ndən çıxdığını elan etdikdən sonra Qara dənizdə Ukrayna taxılı olan 14 gəminin hərəkəti ilə bağlı razılığa gəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

“Türkiyə, Ukrayna və BMT-nin nümayəndə heyətləri oktyabrın 31-də humanitar dəniz dəhlizi boyunca 12 çıxış və 2 giriş olmaqla 14 gəminin hərəkət planı üzrə razılığa gəliblər. Prosedurlara uyğun olaraq, bütün iştirakçılar Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün öz hərbi və digər aidiyyəti qurumları ilə işlərini əlaqələndirirlər”, - deyə açıqlamada vurğulanır.

Eyni zamanda, qeyd olunur ki, BMT və Türkiyə Qara dənizdən gələcək 40 gəminin yoxlanılması üçün də personal təmin edəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə taxılın dəniz limanından daşınması ilə bağlı müqavilənin uzadılması məsələsinə münasibət bildirərkən qeyd edib ki, nəqliyyatın hərəkətinə təminat olmadığından taxılın daşınması riskli və təhlükəlidir.

Xatırladaq ki, oktyabrın 29-da Rusiya Ukrayna taxılının ixracına dair “taxıl sazişi”ndən çıxdığını elan edib.

 

İRANDA ETİRAZ AKSİYALARI DAVAM EDİR

İranda Məhsa Əmininin ölümündən sonra ölkədə başlayan etiraz aksiyaları durmadan davam edir. “Trend” agentliyinin  məlumatına görə, etiraz aksiyalarında müxtəlif sosial, iqtisadi, ictimai problemlər diqqət mərkəzində durur və bununla əlaqədar hökumət əleyhinə şüarlar səsləndirilir.

Verilən xəbərə əsasən, oktyabrın 31-də günorta saatlarından başlayaraq İranın bir çox universitetində etiraz aksiyaları keçirilib və tələbələrə qarşı sərt davranışlara, ayrı-seçkiliyə son qoyulması tələb olunub.

Bununla yanaşı, etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Bildirilir ki, etiraz aksiyalarında ölüm halları qeydə alınsa da, rəsmi şəkildə indiyədək ölən insanların sayı açıqlanmayıb.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

 

“BAYRAKTAR” VƏ “AKINCI” PUA-ları XÜSUSİ RAKETLƏRLƏ TƏCHİZ OLUNACAQ

“Bayraktar TB2” və “Akıncı” zərbə PUA-ları İran istehsalı “Shahed” kamikadze-dronları ilə mübarizə üçün “hava-hava” raketləri ilə təchiz edilməsi planlaşdırılır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar bəyan edib. Onun sözlərinə görə, hazırda şirkət bunu sınaqdan keçirir.

Məlumata görə, İstanbulda keçirilən “SAHA Expo” sərgisi zamanı “Baykar” Türkiyənin raket şirkəti “Roketsan” ilə pilotsuz təyyarələrdə “Sungur” raketlərindən istifadə etmək üçün razılaşma imzalayıb.

Eyni zamanda, “Roketsan”ın baş direktoru Murat İkinci bildirib ki, bu, “oyunun qaydalarını” dəyişdirə biləcək özünü təsdiqləmiş bir döyüş sursatıdır.

Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Shahed” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı.

 

AVROMƏKANDA  İNFLYASİYA REKORD SƏVİYYƏYƏ YÜKSƏLİB

Avroməkan ölkələrində inflyasiyanın orta göstəricisi rekord həddə çataraq 10,7 faizə bərabər olub. “Trend” agentliyinin məlumatına görə, bu barədə bazar ertəsi “Eurostat” Avropa statisika qurumunun açıqlamasında qeyd olunur.

Açıqlamaya əsasən, avroməkanda ən yüksək inflyasiya 20 faizdən çox göstərici ilə Baltikyanı ölkələrdə (Litva, Latviya, Estoniya) qeydə alınıb.

Eyni zamanda, hesabata əsasən, avroməkanda enerji daşıyıcıları 41,9 faiz, ərzaq məhsulları isə 13,1 faiz bahalaşıb.

Məlumat üçün qeyd edək ki, hazırkı inflyasiya göstəriciləri Avropa Mərkəzi Bankının hədəf göstəricilərini 5 dəfə üstələyib.

 

BRAZİLİYADA KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİNDƏ LULA DA SİLVA QALİB GƏLİB

Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva ölkəyə 2023-2027-ci illər ərzində üçüncü dəfə rəhbərlik edəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, onun qələbəsi artıq rəsmiləşib. Belə ki, Ali Seçki Məhkəməsi onun seçkilərin ikinci turunda 50,9 faiz səs topladığını açıqlayıb.

Bildirilir ki, səslərin 100 faizinin hesablanması ilə Lula da Silvanın rəqibi, hazırkı prezident Jair Bolsonarunu səsverməyə gələnlərin 49,1 faizi dəstəkləyib.

Mütləq rəqəmlərdə Lulanın Bolsonaru üzərində üstünlüyü, demək olar ki, 2,14 milyon səs olub. Ümumilikdə, oktyabrın 30-da keçirilən səsvermədə səs hüququ olan 156,4 milyon vətəndaşdan 118,55 milyon seçici iştirak edib.

Qeyd edək ki, 77 yaşlı Luis İnasiu Lula da Silva 2003-cü ildən 2010-cu ilədək Braziliyanın prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub.

 

ALEKSEY YERXOV: TÜRKİYƏ VƏ RUSİYA ARASINDA MİLLİ VALYUTA İLƏ TİCARƏT HƏYATA KEÇİRİLMƏLİDİR

Üçüncü ölkələrin valyutası ikitərəfli kommersiya fəaliyyətinə mane olarsa, Moskva ilə Ankara arasında milli valyutalarla ticarətə dair razılaşma həyata keçirilməlidir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Aleksey Yerxov bəyan edib.

“Əminəm ki, bu, mümkündür və həyata keçirilməlidir. Əgər üçüncü ölkənin valyutaları ikitərəfli kommersiya fəaliyyətinə əngəl törədirsə, bu, o deməkdir ki, biz başqa vasitələrdən istifadə etmək barədə düşünməliyik. Həm Türkiyə, həm də Rusiyada bunlar mövcuddur. Şübhəsiz ki, bu, dünya ticarətinin gələcəyidir”, - deyə səfir Türkiyə KİV-nə müsahibəsində vurğulayıb.

Xatırladaq ki, avqustun 5-də Soçidə Rusiya qazının tədarükünün rublla qismən ödənilməsinə dair Rusiya və Türkiyə prezidentləri arasında danışıqlardan sonra razılaşma əldə olunub.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, bir çox ölkələr ABŞ dollarının etibarlı ehtiyat valyutası olmaqdan çıxdığı qənaətindədir.

 

ABŞ AVSTRALİYADA NÜVƏ BOMBARDMANÇILARI ÜÇÜN AVİABAZA TİKMƏK ISTƏYIR

ABŞ Avstraliyanın şimalında altı “B-52” nüvə bombardmançı təyyarəsi üçün hərbi aviabaza tikməyi planlaşdırır. “Report”un verdiyi xəbərə görə, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Hərbi obyektin Darvindən 320 kilometr cənub-şərqdə, Tindaldakı Avstraliya Hərbi Hava Qüvvələri bazasının yaxınlığında yerləşəcəyi qeyd olunub.

Sözügedən aviabazanın “B-52” eskadrilyası üçün operativ idarəetmə mərkəzi, təyyarələrin təmiri və texniki xidməti üçün infrastruktur, aerodrom və duracaq olacağı gözlənilir.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzindən Bekku Vasserin fikrincə, Avstraliyanın şimalında “potensial olaraq Çinə hücum edə bilən” hərbi təyyarələrin olması Pekinə, Tayvana qarşı istənilən düşmənçilik hərəkətinin “genişmiqyaslı nəticələrə səbəb olacağına” işarə edəcək.

“ABC" telekanalının məlumatına görə, hərbi bazada əsas tikinti işləri 2026-cı ilin sonunadək başa çatacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.