QALİB DÖVLƏTİMİZİN MÜZƏFFƏR PREZİDENTİ İLƏ FƏXR EDİRİK
Sosial həyat

QALİB DÖVLƏTİMİZİN MÜZƏFFƏR PREZİDENTİ İLƏ FƏXR EDİRİK

Xalqımız unudulmaz tarixi günlər yaşayır. Xankəndi şəhər stadionunda Ağdamın "Qarabağ" və Bakının MOİK komandalarının uzun illərdən sonra görüşü hər birimizi qəlbən sevindirir, qürurlandırırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin oyundan əvvəl stadionda dərin məzmunlu çıxışı ölkəmizin hər yerində rəğbətlə qarşılanıb, insanlarda iftixar, sevinc hisslərini daha da artırıb. 

Həmsöhbətim Rəşad Babazadə Vətən müharibəsinin iştirakçısıdır. Əslən Lerik rayonunun səfalı, füsunkar təbiəti, Vətənə, torpağa bağlı mərd, qeyrətli övladları ilə tanınan Rvarud kəndindəndir. Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Gənc leytenant kimi əvvəllər milli orduda xidmət edib.

 Qəlbi həmişə Vətən sevgisi, torpaq həsrəti, xəbis, qaniçən, namərd düşmənə nifrət hissləri ilə döyünən zabit könüllü müharibəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə əsl igidlik, şücaət göstərib. Rayonun Alxanlı, Qaraxanbəyli və Əhmədbəyli, Cəbrayıl rayonunun Soltanlı, Şükürbəyli, Aşağı Mərcanlı kəndlərinin düşməndən təmizlənməsində, hərbi hissənin qarşısına qoyulan vəzifələrin icrasında nümunəvi zabit kimi vəzifə borcunu şərəflə yerinə yetirib. Həmçinin Hadrut, Xocavənd rayonlarında hərbi hissənin rabitə taborunun bölük komandiri vəzifəsində şərəfli, qələbələrlə dolu döyüş yolu keçib. Hadrutdakı hərbi hissədə 2020-ci ilin dekabr ayının 30-na kimi xidmətini davam etdirib.

Ölkəmizin ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Silahlı Qüvvələrin  hərbi qulluqçusu, baş leytenant Rəşad Gülbaba oğlu Babazadə medallarla təltif olunub.

Rəşad sevincini, ürək sözlərini bizimlə bölüşdü:

- Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışı hər bir azərbaycanlını sevindirir, qürurlandırır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə və 2023-cü ilin sentyabr ayının 19-da keçirilmiş antiterror əməliyyatı zamanı ölkəmizin hərb tarixinə qızıl hərflərlə parlaq səhifə yazıldı. Xalqımızın 30 illik yurd, torpaq həsrətinə birdəfəlik son qoyuldu.

Cənab Prezident Xankəndi şəhər stadionunda çıxışında bu barədə deyib: "Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Müharibə isə təkcə döyüş meydanlarında aparılmır. Müzəffər Ali Baş Komandan müstəqil Azərbaycana qarşı qərəzli şəkildə həyata keçirilən informasiya müharibəsinin qalibi, baş qəhrəmanıdır. Ümummilli lider Heydər Əliyevin böyük siyasət məktəbinin yetirməsi olan möhtərəm Prezidentimiz qüdrətli lider, zəngin təcrübəyə malik görkəmli dövlət başçısı, şanlı qələbəyə, böyük zəfərə imza atmış qəhrəman sərkərdədir.

Bu gün müstəqil Azərbaycan qalib ölkə, xalqımız qalib xalq kimi bütün dünyada tanınır. Hər birimiz qalib Prezidentimizlə, qalib dövlətin vətəndaşı olmağımızla fəxr edir, qürur duyuruq. Möhtərəm Prezidentimizin Xankəndi şəhərində çıxışında dediyi kimi: "Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri "Qarabağ Ermənistandır və nöqtə" demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!".

Əlisəfa HƏSƏNOV,

"Respublika".