Sosial həyat

"Qara qartal" ləqəbli şəhid

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Bu gün vətənin göylərində ruhu dolaşan şəhidlərdən biri də Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyaraq 28 yaşında şəhidlik zirvəsinə ucalmış kiçik gizir Mədətov Röyal Şahin oğludur. Röyal Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxan qəhrəmanlarımızdandır.

Röyal Mədətov 1992-ci il mayın 14-də Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. 1998-2009-cu illərdə A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində təhsil alıb. Röyal 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır. 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıdıb. 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə başlayır. Xidməti müddətində özünü bacarıqlı, səriştəli, döyüş texnikasının sirlərinə yiyələnmiş bir hərbçi kimi göstərərək fərqlənirdi. Röyal daim təhsilini artırmaq qayğısına qalır, öz üzərində çalışır.

Röyal 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə snayper kimi iştirak edir. Lələtəpə yüksəkliyinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanır. Müalicə aldıqdan sonra təkrar olaraq ordu sıralarına qayıdıb kiçik gizir kimi hərbi xidmətini davam etdirməyə başlayır.

"N" saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin manqa komandiri olan kiçik gizir Röyal Mədətov Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Vətən müharibəsində əsl igidlik və qəhrəmanlıq göstərir. Qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərdiyinə görə ona döyüş yoldaşları "Qara qartal" ləqəbi vermişdilər. Dilindən vətən sözü bir an düşməyən Röyal düşmənin qəniminə çevrilir. Ön cəbhəyə geri dönən qəhrəmanımız düşmənin üç maşın kolonunu partladır. Taqımı ilə birlikdə ümumilikdə yüzə yaxın düşmən hərbçisini məhv edir.

"N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrdə manqa komandiri olan kiçik gizir Röyal Mədətov Qırmızı bazar (Şuşa istiqamətində) kəndi uğrunda gedən döyüşlərdə şəhid olur. 24 oktyabr 2020-ci il tarixdə Qazax şəhərində izdihamla dəfn edilib.

Şəhidimizin anası Zərifə Cəlilova: "Bu gün tək təsəllimiz odur ki, Röyal təkcə öz el-obasının deyil, bütöv Azərbaycanın oğludur, şəhididir. Necə ki, mən övladımla fəxr edirəm, eləcə də bütöv Azərbaycan Röyalımla fəxr edir".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Röyal Şahin oğlu Mədətov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.

M.MİRZƏ,

"Respublika".