Qarabağ ermənilərinin reinteqrasiyadan başqa yolu yoxdur
Digər xəbərlər

Qarabağ ermənilərinin reinteqrasiyadan başqa yolu yoxdur

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin həqiqətlərini dünyaya çatdırmaq üçün nüfuzlu beynəlxalq qurumların, təşkilatların tribunalarından fəal şəkildə istifadə edir. Belə qlobal platformalardan biri də Münxen Təhlükəsizlik Konfransıdır. 2020-ci il fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan arasında Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

 Dövlət başçısı bu müzakirələrdə Ermənistan və onun təmsilçisi Paşinyanı Avropa və dünya ictimaiyyətinin gözü qarşısında pərt edib. Prezident İlham Əliyev panel müzakirəsində cəsarətli mövqe nümayiş etdirərək, arqument və faktlara əsaslanan çıxışı ilə Azərbaycanın ədalətli mövqeyini ortaya qoyub.

Ölkə rəhbəri Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və bu torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını bir daha diqqətə çatdırıb. Dövlət başçısı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Azərbaycanın ərazi bütövlüyünün bütün beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanındığını vurğulayaraq, heç bir ölkənin "Dağlıq Qarabağ"ı tanımadığını bildirib.

Dövlət başçımız haqlı olaraq Ermənistanın baş naziri Nikol Paşinyana deyib ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yarana bilməz: "Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!". Prezidentin sözü onun imzasıdır. Beləliklə, 2020-ci il iyun ayının 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə, Azərbaycan Ordusu ölkə ərazisindəki separatçıların təxribatının qarşısını almaq məqsədilə döyüşə başladı. Ordumuz döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Bundan əlavə, həmin müzakirələrdə tarixdən başı çıxmayan Paşinyan panelin sonuna yaxın özünü daha bir gülünc vəziyyətə salaraq deyib ki, vaxtilə Qafqazda böyük Tiqranın zamanında cəmi iki xalq yaşayıb - ermənilər və gürcülər. Azərbaycan rəhbəri onun bu sözlərinə gülərək zaldakılara müraciət edib: "Bəlkə ermənilərlə ermənilər?!". Ermənilər tarix boyu xülya ilə yaşayan xalq olub. Onlar hələ də həqiqətləri qəbul etməkdə çətinlik çəkirlər. Lakin artıq zaman dəyişib, onlar anlamalıdır ki, indi nə Azərbaycan dövləti, nə də onun hakimiyyəti 90-cı illərin əvvəllərindəki dövlət və rəhbərlikdir. Ermənistanın ikinci erməni dövləti yaratmaq xəyalları onların elə ürəklərində arzu olaraq qaldı. İndi Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya olunmaqdan başqa yolu yoxdur. Prezidentin də qeyd etdiyi kimi, onlar ya Azərbaycan vətəndaşlığını qəbul edib təhlükəsiz şəraitdə, dövlətimiz tərəfindən hüquqları qorunaraq yaşayacaqlar, ya da bu əraziləri tərk edib gedəcəklər.

Xatırlatmaq lazımdır ki, bu hal tək Azərbaycanda baş vermir. İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir. Halbuki, onların sayı 6 milyon nəfərdir. Onların ermənilərdən fərqli olaraq, heç dövləti də yoxdur. Lakin müstəqil bir dövlətin daxilində ikinci bir dövlət yarana bilməz. Bütün dünya ölkələri bu məsələnin İspaniyanın daxili işi olduğunu bilir və müdaxilə etmir. Azərbaycana gəldikdə isə, xarici qüvvələr "haqq-ədalət" axtarışına çıxır. Lakin Azərbaycan qətiyyən buna icazə verməyəcək. Azərbaycan öz torpaqlarından separatçıları təmizləyəcək. Qarabağ erməniləri üçün inteqrasiya bir şansdır. Çünki nə qədər gizlədilməyə çalışılsa da, Qarabağdakı mülki erməni əhalinin problemləri gündən-günə artır və bu problemlərin separatçılar tərəfindən həll edilməsi heç bir halda mümkün deyil. Bütün bunlar da Azərbaycanın daxili işidir və heç bir dövlətin, beynəlxalq qurumun bizim işimizə qarışmağa haqqı yoxdur.

Nuranə DAXİLQIZI,

"Respublika".