Qarabağ və Şərqi Zəngəzur: qurub-yaradanların hünər meydanı
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur: qurub-yaradanların hünər meydanı

Təcavüzkar Ermənistan üzərində qələbədən üç ildən bir qədər artıq vaxt keçir və bu qısa zaman kəsiyində azad edilən torpaqlarda iri infrastruktur layihələri həyata keçirilir, ərazilər düşmənin basdırdığı çoxsaylı minalardan təmizlənir, "ağıllı şəhər" və "ağıllı kənd"lər tikilir, yeni və müasir yollar çəkilir, hava limanları istifadəyə verilir, dayanıqlı enerji təsərrüfatı yaradılır. Keçmiş məcburi köçkünlər kədərlə, göz yaşları ilə tərk etdikləri ata-baba yurdlarına indi sevinclə, qürurla qayıdırlar.

Mübaliğəsiz demək olar ki, Ermənistanın Qarabağda və Şərqi Zəngəzurda törətdiyi dəhşətli dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Böyük Qayıdış proqramına görə azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkün yerləşdiriləcək. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb və təsdiq edilib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işlərinə başlanılıb. Qarşıya məqsəd qoyulub ki, Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılsın və 140 min köçkün öz dədə-baba torpaqlarına qaytarılsın. Bu sadaladığımız işlərin həyata keçirilməsi üçün təbii ki, külli miqdarda vəsait tələb olunur.

Təqdirəlayiq haldır ki, üç ildən çoxdur Azərbaycan öz vəsaiti ilə işğaldan azad edilən bölgələrin yenidən qurulmasına başlayıb və bu nəhəng quruculuq işləri sürətlə davam etdirilir. Heç bir kredit üçün dünya banklarına müraciət olunmayıb, çünki Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Həmin vəsaitlərdən səmərəli istifadə olunur.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam sürətlə bərpa edilir, ermənilər tərəfindən uzun illər boyu xarabalığa çevrilən torpaqlarda evlər ucaldır, binalar tikilir, mədəni-maarif müəssisələri istifadəyə verilir. Xatırladaq ki, keçmiş sovet dönəmində Ağdam iri kənd təsərrüfatı rayonu olmaqla yanaşı, həm də sənaye mərkəzi kimi inkişaf edərək keçmiş ittifaq miqyasında tanınıb. Şəhərdə 17 sənaye, 12 nəqliyyat müəssisəsi fəaliyyət göstərib. İndi Ağdamda keçmiş ənənələr bərpa edilir, bu qədim diyar sənaye mərkəzinə çevrilir. Bu istiqamətdə respublikamızda iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident İlham Əliyevin Fərmanı böyük tarixi əhəmiyyət daşıyır və eyni zamanda yeni məqsədlərin həyata keçirilməsinə geniş imkanlar açır. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etmək qarşıda dayanan ən ümdə məsələdir. Özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik olan Ağdamın bərpası və sürətli inkişafı doğrudan da qürurvericidir, bu, hər şeydən əvvəl dövlətimizin gücünü və iradəsini göstərir. Hazırda Ağdam keçmiş ənənələr və müasir şəhərsalma üslubunda sıfırdan qurulur. Yeni Ağdam mühüm nəqliyyat qovşağına çevrilir, Qarabağa və Şərqi Zəngəzura gedən yollar burada birləşir, 2021-ci il may ayının 28-də dövlət başçısı tərəfindən təməli qoyulan Ağdam Sənaye Parkında işlər sürətlə aparılır. Verilən məlumata görə sənaye zonasında tikilən fabrik və zavodlar yaxın zamanlarda fəaliyyətə başlayacaq. Prezident İlham Əliyev andiçmə mərasimində bildirib ki, biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik.

Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləri müəyyən edilib. İndiyədək Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 190 milyon manatdan çox investisiya yatırılması və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Cari ildə Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin (divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların və s istehsal müəssisələrinin) fəaliyyətə başlaması nəzərdə tutulub. Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə "Made in Azerbaijan" brendi ilə ixrac ediləcək. Onu da qeyd edək ki, bu günədək rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb.

Qarabağa və Şərqi Zəngəzura tamamilə yeni, həm də qürurlu və şərəfli bir həyat qayıdır. Düşmən üzərində tarixi qələbənin, şanlı Zəfərin gətirdiyi, şəhidlərin nakam arzularını yaşadan, yurd, torpaq nisgilinə son qoyan, keçmiş məcburi köçkünlərin otuz il xəyallarında yaşatdıqları o həyat qayıdır və bu yerlərin ahəngini, rəngini, ruhunu dəyişir, köhnə ocaq yerləri, budaqlarından beşik asılan və düşmən zillətindən qurtulan ağaclar, yollar, cığırlar, keçidlər, irəmələr sevinir. Laçına ləyaqətli bir qayıdış başlanıb, şəhərin gecələri nura boyanır, evlərdən gülüş səsləri ucalır. Laçında əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələri inkişaf etdiriləcək. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. Aqrosənaye Parkında fəaliyyətə başlayan istehsal sahələrindən biri də "Zerti" ayaqqabı fabrikidir. Qeyd edək ki, "PİRSHAGHİ" brendinin yeni Laçın xətti "ZERTİ" adı altında fəaliyyət göstərəcək. Yeni fabrik Asiya, Avropa və Türkiyə istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib. Sözügedən fabrik üçün xammal əsasən Türkiyədən gətiriləcək. Bundan başqa, xidmət sahəsində peşəkarlığı artırmaq məqsədilə müəssisəyə qardaş ölkədən və Bakıdakı "PİRSHAGHİ" brendindən təlimçilərin cəlb olunması nəzərdə tutulub. Fabrikdə birinci mərhələdə 40-45, ikinci mərhələdə isə 50-55 işçinin çalışacağı gözlənilir. Onların da 70-80 faizi Laçın sakinləri olacaq. Yerli istehsal ayaqqabılarını Azərbaycanın müxtəlif şəhərlərində açılması nəzərdə tutulan "ZERTİ" mağazalarından almaq mümkün olacaq. Müəssisədə birinci mərhələdə aylıq 700-750, ikinci mərhələdə 1250-1375, növbəti mərhələdə isə 2500-3000 cüt ayaqqabı istehsalı nəzərdə tutulub. İstehsal ediləcək ayaqqabıların gələcəkdə Azərbaycan brendi kimi Avropa ölkələrinə ixracı da mümkün olacaq. Yeni brendin özəlliyi kişi, qadın və uşaq ayaqqabılarının istehsalında istifadə olunan materialların müxtəlif çeşiddə və növdə olmasıdır.

Ağır müharibədən sonra azad edilən torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri tariximizin şanlı, şərəfli, qəhrəmanlıq və davamlı inkişaf səhifəsidir, qətiyyətli sözün, gücün, qüdrətin, bir xalq olaraq birliyimizin simvoludur. 30 ilə yaxın bizi əzən, göz yaşlarımıza, kədərimizə, ürəyimizin başında köz kimi alışan yurd həsrətinə, torpaq nisgilinə, ayrılığa, didərginliyə son qoyulub, həsrətimiz vüsala qovuşub. Öz torpağımızda qurub yaradırıq, bu böyük xoşbəxtlikdir.

Salman ALIOĞLU,

"Respublika".