Qarabağda təhsil müəssisələri yenidən qurulur
Elm və təhsil

Qarabağda təhsil müəssisələri yenidən qurulur

Uzun illər yurd itkisinin əziyyətini çəkmişik. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan bu həsrətə son qoyaraq, münaqişəni cəmi 44 günə əldə etdi. İşğal altında olan ərazilər azad edildi, insanlar öz yurd-yuvalarına qovuşacaqları günün sevinci ilə yaşadı.

Hər günü bir tarix olan İkinci Qarabağ müharibəsindən sonra azad olunan ərazilərdə tikinti-quruculuq işləri başladı. Kəndlər, şəhərlər yenidən tikilib istifadəyə verilir, digər tərəfdən ərazilər minalardan təmizlənir. Ölkəmiz bunun da öhdəsindən öz daxili gücü və potensialı hesabına layiqincə gəlir. Minalardan təmizlənən yurd yerləri yeni, müasir, modern üslubda tikilib sakinlərin ixtiyarına verilir. Artıq ölkədə uzun illərin məcburi köçkün statusu ilə yaşamış insanlar ünvanı ilə çağrılır. Zəngilanlı,  laçınlı, kəlbəcərli, füzulili,  insanların sayı günü-gündən artır. Böyük Qayıdış planına uyğun olaraq tikinti-quruculuq işlərinin sürəti və keyfiyyəti bu yerləri yaxın zamanlarda təkcə Azərbaycanın deyil, regionun inkişaf etmiş bölgəsinə çevirəcək.

Laçınlıların da illərlə xəyal etdikləri arzuları artıq reallaşıb. Sakinlər mərhələli şəkildə yeni tikilən yurdlarına, ocaqlarına dönürlər. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın rayonunun Zabux kəndinə də keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 18-i Zabux kəndinə daha 25 ailənin köçü baş tutub. Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksindən daha 103 nəfər kənd sakini doğma ocaqlarına qovuşub. Onu da qeyd edək ki, bir neçə gün öncə, noyabrın 16-da 25 ailənin 94 nəfər üzvü Zabuxa qayıtmışdı. Bununla da kəndə qayıdan 71 ailənin 291 nəfər sakininin yurd həsrətinə son qoyulub. Sakinlərin kənddə yaşayışının təmin olunması, istirahət və məşğulluğu üçün bütün lazımi infrastruktur yaradılıb.

Əlbəttə ki, öz torpağına, doğma evinə dönən sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Hər gün daha da gözəlləşən Laçında həyat yenidən qaynayır, öz axarına düşür. Ermənistanın işğal dövründə Qarabağda törətdiyi vandallığın acı nəticələrini yaşayan ərazilərdən biri də Laçın rayonunun Zabux və Sus kəndləri olmuşdu. Belə ki, kəndlər talan olunması ilə yanaşı, eyni zamanda xaricdən gətirilmiş erməni əsilli vətəndaşların məskunlaşması həyata keçirilmişdi. Vətən müharibəsindən sonra bu kəndlərin də abadlaşdırılması istiqamətində böyük işlər görülmüşdür.

Dövlət sakinlərin yaşayışı və istirahəti ilə yanaşı, təhsil məsələsini də ön planda saxlayır. Yaxın günlərdə Laçın rayonunun Zabux kəndində Ə.Məmmədov adına Zabux kənd orta məktəbi fəaliyyətə başlayacaq. Artıq kənd orta məktəbində müəllim işləmək istəyənlər üçün Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, coğrafiya, ingilis dili, fiziki tərbiyə fənlərinin qeydiyyat prosesi aparılır.

Bu gün bölgənin təhsil sistemi ölkənin qarşısında duran önəmli və vacib məsələlərdən biridir. İşğal dövründə ermənilər Qarabağda 1107 təhsil müəssisəni tamamilə dağıdıb. Vətən müharibəsindəki, qələbəmiz Qarabağ bölgəsində təhsilin inkişafına yeni imkanlar açıb. Zəngilan rayonu Ağalı kənd orta məktəbi,  Şuşada 1 nömrəli məktəb, Füzulidə Özbəkistan dövləti tərəfindən inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və digər yaşayış məntəqələrində tikilib istifadəyə verilən təhsil müəssisələri bu istiqamətdə atılan uğurlu addımlardır. Qarabağda təhsilin yenidən qurulması istiqamətində işlər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun aparılır. Strategiyanın məqsədi insan kapitalının inkişaf etdirilməsi prinsipini reallaşdırmaqdan ibarətdir. Bu, müasir təhsil sistemində olduqca vacib məqamdır. Çünki tarixin indiki mərhələsində insan kapitalı hər bir cəmiyyət üçün strateji əhəmiyyət kəsb edir.  Bu məqsədlə Azərbaycanda təhsil sahəsində mükəmməl Dövlət proqramları və islahatlar həyata keçirilir. Qarabağda təhsilin yenidən təşkili isə bu proqramın əsas tərkib hissəsindən biridir. Bütövlükdə isə təhsil sisteminin müasir tələblərə uyğun qurulması müstəqil dövlətçiliyin möhkəmlənməsində, tərəqqisində əhəmiyyətli rol oynayacaq.

R.MƏHƏRLƏMOVA,

"Respublika".