Qarşılıqlı dəstək genişlənir
Siyasət

Qarşılıqlı dəstək genişlənir

Neokolonializmə qarşı mübarizə Azərbaycan-Konqo münasibətlərinin formalaşmasında öz əksini tapacaq

Bu gün Azərbaycan dövləti sözün əsl mənasında çoxqütblü xarici siyasət həyata keçirir. Afrika ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlar bunu bir daha təsdiq edir. Bu baxımdan, cari ilin 3 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Konqo Prezidentinin ölkəmizə səfəri ilə əlaqədar 4 aprel tarixində mətbuata verdiyi bəyanatında bunun tarixi səfər olduğunu qeyd edib. Həm də məsələ təkcə Konqo Prezidentinin Azərbaycana ilk dəfə səfər etməsində deyil. Cənab Prezident İlham Əliyev bu səfəri məhz məzmun dolğunluğu və mahiyyət etibarilə tarixi səfər kimi dəyərləndirib. Bu səfər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından yeni bir səhifə açacaq. Diqqətəlayiq haldır ki, dövlət başçıları Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaradılacağına əminliklərini ifadə ediblər. Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanmış əməkdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sənəd Azərbaycan-Konqo dostluq və əməkdaşlıq münasibətləri üçün gözəl təməldir və gələcək əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən edəcək.

Məlumdur ki, Azərbaycan və Konqo indiyədək BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli şəkildə əməkdaşlıq ediblər. Təbii ki, bundan sonra hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin qarşılıqlı dəstək xəttini daha da dərinləşdirmək əsasında inkişaf etdirəcəklər.

Prezident İlham Əliyev bəyanatında Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il ərzində bu təsisatın əldə etdiyi nailiyyətləri bir daha diqqət mərkəzinə gətirib və qeyd edib ki, bu uğurların qazanılmasında ölkəmizin təşəbbüslərinə hər zaman dəstək verən Konqonun da payı vardır. O cümlədən, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatının əvvəlki dövrlərlə müqayisədə daha güclü bir təsisata çevrilməsində, sözsüz ki, Azərbaycanın bilavasitə rolu danılmazdır. Təbii ki, ölkəmiz özünün xarici siyasətində müəyyən etdiyi bəlli istiqamətləri Qoşulmama Hərəkatına sədrliyi təhvil verdikdən sonra da qoruyub saxlayır və bu prioritetlərin içərisində Azərbaycanın neokolonializmə qarşı mübarizəsini xüsusi qeyd etmək olar. Əlbəttə ki, Azərbaycan-Konqo münasibətlərinin formalaşmasında bütün bu məqamlar öz əksini tapacaq və ölkələrimizin gələcək əməkdaşlıq istiqamətləri qarşılıqlı faydalı əsaslar üzərində müəyyən ediləcək.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.