QƏDİM GƏNCƏNİN NADİR MEMARLIQ İNCİLƏRİ: “ÇÖKƏK HAMAM” 
Region

QƏDİM GƏNCƏNİN NADİR MEMARLIQ İNCİLƏRİ: “ÇÖKƏK HAMAM” 

Əsrlər boyu tarixçi və diyarşünasların, arxeoloq və etnoqrafların, yaxın uzaq ellərdən Azərbaycana üz tutan səyyahların geniş maraq dünyasını zənginləşdirən odlar yurdunun qədim siyasi və mədəniyyət mərkəzi, ecazkar təbiəti  və qonaqpərvər insanları  olan  Şeyx Nizami yurdu, ulu Gəncə, Qafqazın füsunkar guşələrindən biri kimi tanınmışdır. 
Ona görə də müdriklər  demişlər ki, Azərbaycan-Qafqazın xalıdır, Gəncə isə  Azərbaycanın cəvahiri. Onun qədimiliyini əks etdirən və sübut edən memarlıq abidələri yetərincədir. Belə ki, 500-dən yuxarı tarixi abidə siyahıya alınmışdır ki, bunlardan 300-ə yaxını dövlət tərəfindən qorunur. VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan “İmamzadə” kompleksi, Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi, Qazaxlar məscidi, Şahsevənlər məscidi, Qırıxlı məscidi, Ozan məscidi, Hüseyniyyə məscidi və ya Tatlar məscidi, Bağbanlar məscidi və ya Mirzə Kərim məscidləri bu gün fəaliyyətdədir. Eyni zamanda Mollacəlili məscidi, Zərrabi məscidi, Xəlfəli məscidi, Qızıl Hacılı məscidi, Şərəfxanlı məscidi, Hüseyniyyə məscidləri mədəniyyət idarələrinin nəzdində fəaliyyət göstərir. 
Çoxlu sayda zəngin tarixə malik türbələr və abidələr şəhərin qədimiliyini əks etdirir. VIII əsrə aid tarixi memarlıq abidələri Gəncənin memarlıq məktəbinin gözəl nümunəsi, ən qiymətli abidəsi, incisi, sözün əsl mənasında tarixin yadigarıdır. 
Tarixi keçmişimizə hörmət əlaməti olaraq, şəhərə xas olan bütün abidələr yenidən qurulsa da inciləri, ornamentləri saxlanmışdır. İndiki  Gəncə şəhərindən 6-7 km şimal-şərqində yerləşən qədim Gəncə şəhərini əhatə edən üçqatlı müdafiə sədləri və qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 
Gəncə haqqında bilgiləri ərazidə aparılan arxeoloji qazıntılar, salnaməçi-tarixçilər, səyyahların məlumatlarında yer alır. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə  yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilmişdir. Qədim dövrlərdə ticarət yollarının böyük bir hissəsi Gəncədə tacirlərin və qonaqların rahatlığı üçün şərait yaradılması zərurəti yaratmışdı. Gəncənin onlarla karvansaraları və dincəlmək güşələri inşa olunmuşdur, amma yalnız bəziləri bu günümüzə qalmışdır.     
Oxucuların diqqətini qədim Gəncənin  nadir  incilərindən olan  “Çökək hamam” abidəsinə cəlb etmək  istərdim. Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi, Karvansara, “İmamzadə”, “Cömərd qəssab” və “Çökək hamam” ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının incilərindəndir.  İnsanların təhlükəsizliyi üçün bir-birinə yaxın yerlərdə yerləşən  Karvansara, Çökək Hamam və Şah Abbas məscidi ilə yeraltı yollarla əlaqəli olub. Onu xüsusilə qeyd etmək yerinə düşərdi ki, olduqca qədimi və tarixi incilərdən və strateji əhəmiyyətə malik olan Gəncənin yeraltı yolları və ya Gəncənin yeraltı fayton yolları - Gəncə şəhərində vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüşdür. Gəncədə səfəvi şahının 400 illik yadigarı olan - “Çökək hamam” Gəncədəki Cümə Məscidi yaxınlığında yerləşən tarixi hamamdır.  
Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud, Şah Abbas məscidi) inşasına başlanılmışdır. 1606-cı ildə isə memar Şeyx Bəhaəddinin layihəsi əsasında məscidin yaxınlığında çox vacib sayılan hamamın tikintisinə başlanılmışdır. Səfəvi Şah Abbasın əmri ilə tikildiyi üçün el arasında ona “Şah Abbas hamamı” da deyirlər. Amma hamamın "Çökək hamam" adlandırılması isə onun texniki quruluşundan irəli gəlir. Belə ki, suyun təzyiqini təmin etmək üçün hamam çökəkdə inşa edilib. Hamam odunla qızdırılırdı. Tikilinin altındakı zirzəmidə iki buxar qazanı yerləşirdi, bu  qızdırıcı soba rolunu oynayırdı. Su Şatır arxı və Hacı Bağır kəhrizləri üstündə qurulan supaylayıcıdan götürülürdü.  Qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəlir buxar vasitəsilə, isti su ilə birgə hamamın divarlarında və döşəməsində, quraşdırılmış keramik borularla, onun buxarı zallara ötürülürdü. Buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı. 
Bununla həm zallar, həm də hamamın divarları isinirdi. Bina günbəzlidir. Hamamın tikintisində o zamanın ənənəvi materialları – qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. İstixanalarda qızdırılan su saxsı borularla hamamların sabun otağındakı hovuzlara verilirdi. Burada isti və soyuq su ayrıca kiçik hovuzlara yığılaraq istifadə olunurdu. Yuyunma otaqlarında adam boyu uzunluğunda səkilər tikilmişdi ki, bunların üstündə candanlar kisə çəkirdilər. Hamamın keçmişdə şamla isidilməsi də iddia edilir. Bir giriş qapısı olan hamamın arxa tərəfdən tunelə oxşar yolu mövcuddur ki, bu yol Gəncədə olduqca əhəmiyyətli yeraltı yollara birləşir. Bu yollardan vaxtilə daldalanacaq kimi də istifadə edilib. 
Hamamın iki böyük və beş kiçik günbəzi var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib ki, onlardan ventilyasiya boruları divarların içərisindəki məkana doğru ayrılır. Şəhərə gələn qonaqlar, dindarlar bu hamamdan yararlanıblar. 2002-ci ildən “Çökək hamam” beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alıb və UNESCO tərəfindən mühafizə olunur. Abidə 2013-cü ildə təmir olunub. Restavrasiya zamanı tarixi orijinallığın saxlanılmasına çalışılmışdı. Və qədimdə istifadə edilən tikinti materiallarının oxşarından istifadə edilib. Eyni zamanda daxildən suların hamama daxil olmaması üçün izolyasiya işləri aparılıb. Abidənin erroziyaya uğrayan hissələri, həmçinin damörtüyü, yenidən bərpa olunub. Şəhərin qonaqları abidəni ziyarət edir və məmnun qalırlar.  

Zabit XƏLİLOV, 
“Respublika”.