Qədim yurd yerinə ləyaqətli qayıdış başlayır
Sosial həyat

Qədim yurd yerinə ləyaqətli qayıdış başlayır

1988-1992-ci illərdə Qarabağ çox ziddiyyətli, mürəkkəb dövrünü yaşayırdı. Ermənilər silaha sarılır, terrora qurşanır, yurd yerlərimizi yandırır, dinc əhalini qətlə yetirir, didərgin salırdılar. Azərbaycanın o vaxtkı rəhbərləri isə Moskvadan kömək istəyir, qayda-qanun tələb edirdilər. Orada isə hər şey tərsinə idi. Hələ hadisələrə qədər erməni-daşnaklar Qarabağda 230-a yaxın azərbaycanlı evini yandırmış, 200-dən artıq evi isə zəbt etmişdilər. 1991-ci ilin sentyabrından 1992-ci il fevralın 25-nə qədər ermənilər keçmiş Dağlıq Qarabağdakı bütün Azərbaycan kəndlərini oda qaladılar. Beş ay ərzində azərbaycanlılar İmarət Qərvənddən, Umudludan, Kərkicahandan, Cəmillidən, Meşəlidən, Malıbəylidən, Quşçulardan, Kosalardan, Nəbilərdən, Xocalıdan və başqa kəndlərdən didərgin düşdülər.

Xocalı 1991-ci ilin əvvəllərindən hər tərəfdən mühasirəyə alınmışdı. Yollar tamam kəsilmişdi, ümid qalmışdı hava yoluna. Onu da ermənilər hər vaxt atəşə tuturdular. Bir neçə helikopter və "AN-2" təyyarəsi ermənilər tərəfindən vurularaq məhv edilmişdi. Xocalıya sonuncu helikopter 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında ermənilər tərəfindən mülki helikopterin vurulması nəticəsində 47 nəfər azərbaycanlı həlak olandan sonra şəhərlə hava əlaqəsi kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə təşkil edilmişdi!

Özbəkistanın Fərqanə vilayətindən didərgin düşmüş məshəti türklərinin, Ermənistandan deportasiya edilən soydaşlarımızın məskunlaşdıqları Xocalıya şəhər statusu verilmişdi. Burada məshəti türkləri və deportasiya qurbanları üçün yaraşıqlı və hər cür şəraiti olan böyük bir məhəllə salınmışdı. Təəssüf ki, Xocalı qorunmadı, əsrin ən böyük faciəsi törədildi. Həmin gün kolların sırsıra bağlamış budaqlarından qan damcılayırdı, ağappaq çöllər qana boyanmışdı, Şelli dağlarındakı qayaların üstü qan gölməçələri və düşmən güllələrinin izi ilə dolu idi. Həmin qayalar bir çox insanı xilas etsə də qırğının mənzərəsi daha dəhşətli idi. Onsuz da aylardan bəri oyaq qalan Ağdam camaatı, özünümüdafiə qüvvələri acı xəbəri eşidən kimi ayrı-ayrı dəstələrə bölünərək Qaraqaya, Naxçıvanlı və Şelli dağları istiqamətində xocalılıları xilas etməyə səfərbər oldular. Münaqişə başlayan gündən Ağdamda yaşayan və peşə fəaliyyəti ilə məşğul olan bu sətirlərin müəllifi də köməyə tələsən adamlarla birlikdə Şelli dağına getdi. Kolların arasında yaralılar inildəyir, sağ qalanların isə həniri belə çıxmırdı, bəziləri donmuşdu. Burada çox dəhşətli bir mənzərənin şahidi olduq. Təxminən üç yaşındakı bir qız uşağı anasının qucağında donaraq ölmüşdü, əlləri, ayaqları şaxtadan keyimiş ana isə onun sağ olduğunu düşünərək son nəfəsi ilə balasını isitməyə çalışırdı. Dərhal yaralı qadınları, donmaq təhlükəsi ilə üzləşən uşaqları yük maşınları ilə Ağdam xəstəxanalarına daşımağa başladıq. Dağın ətəklərindən bir qədər uzaqdakı çöllük insan cəsədləri ilə dolu idi. Ağdam özünümüdafiə dəstələri erməni silahlılarının qarşısını döyüşərək saxlayır, cəsədlərin daşınması üçün sinələri ilə yaralıları və meyitləri daşıyanları qoruyurdular.

Ermənilər Xocalını təsadüfən seçməmişdilər. Bura azərbaycanlıların yaşayış məskənindən başqa həm də strateji cəhətdən çox mühüm əhəmiyyət daşıyırdı. Ona görə ki, Xocalı Əsgəran qalası ilə Xankəndinin arasında yerləşir. Ermənilər keçmiş sovetin bədnam 366-cı alayının köməyindən istifadə edərək Xocalını daim atəş altında saxlayırdılar. Həmin alayda 1988-ci ildən 1992-ci ilin mart ayına kimi xidmət etmiş zabit S.D.Tuşov bu barədə çox maraqlı açıqlamalar verib. O, həmin alayda qərargah rəisinin müavini olub. Onun məlumatına görə, motoatıcı alay 1985-ci ildə Gəncədən Xankəndiyə köçürülüb. Çox güman ki, bu işdə də erməni barmağı var. Zabit Tuşovun sözlərinə görə, 366-cı alayın şəxsi heyətinin 70-80 faizi ermənilərdən ibarət olub. Məhz Xocalıya hücum zamanı ermənilər həmin alayın 20-30 tankından istifadə edərək Xocalını intensiv atəşə tutublar. Faciənin şahidləri bildiriblər ki, şəhərə hücum zamanı hərbi texnikanı idarə edənlərin və piyadaların tərkibində rus əsgər və zabitləri iştirak ediblər. Həmin alay ləğv edildikdən sonra bir çox həqiqətlər ortaya çıxdı. Hətta, Rusiyada nəşr edilən "Krasnaya zvezda" hərbi qəzeti 1992-ci il martın 11-dəki sayında 366-cı alayın ermənilərin tərəfində azərbaycanlılara qarşı soyqırımında iştirak etdiyi haqqında məqalə dərc etmişdi.

İllər ötsə də Azərbaycan xalqı ermənilərin törətdiyi Xocalı soyqırımını heç vaxt unutmayacaq, mənfur düşməni heç vaxt bağışlamayacaq. Xüsusilə ermənilərin havadarları, bəzi Qərb dövlətləri, ermənipərəst dairələr, onların şər və böhtan dəyirmanına "dən" tökənlər bilməlidirlər ki, Xocalı qatilləri son nəfərinədək cəzalandırılacaq. Belə də oldu. Azərbaycan əsgəri əlləri körpə uşaqların qanına bulaşmış Robert Köçəryanı və Serjik Sərkisyanın - bu iki quldurun "qurduğu güclü Ermənistanı" döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğratdı, özlərini isə siçan deşiyində gizlənməyə məcbur etdi, şəhidlərimizin qisası döyüş meydanında alındı. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prokurorluğunda Xocalı soyqırımını araşdıran istintaq qrupu yaradılıb. Həmin qruplar ayrı-ayrı vaxtlarda, daha doğrusu 1992-ci ildən sonrakı dövrlərdə 100 cilddən artıq istintaq materialları topladılar. İstintaq zamanı 3000 nəfərdən artıq Xocalı sakini və digər şahidlər dindirilib. Hadisə şahidi kimi məni də  dindiriblər. Göründüyü kimi, cinayət işi tam sübuta yetirilib. Təəssüf ki, demokratiyadan və insan hüquqlarından danışan Qərb dövlətləri və beynəlxalq hüquq müdafiəçiləri Ermənistanın törətdiyi Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsinə göz yumurlar. Bu heç bir məntiqə və demokratiyaya sığmır.

Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan ulu öndər Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdi: "...biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı bu qüdrətə malikdir". Ulu öndərin arzusunu Qalib Ali Baş Komandan İlham Əliyevin diplomatiyası və fədakarlığı sayəsində şanlı ordumuz 44 gün davam edən Vətən müharibəsində yerinə yetirdi və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq təslim olmağa vadar etdi. Xocalılıların qisası artıqlaması ilə alındı, düşmən ordusu ağır itkilərə məruz qaldı. Xocalı qatillərinin bir çoxu məhv edildi və bir çoxunun da qolları qandallanıb. Şəhidlərimizin qanı yerdə qalmadı. Tikinti işləri aparılan Xocalıda kütləvi məzarlıqların tapılması ilə indiyədək naməlum qalan, itkin düşən neçə şəhidin adı bilinəcək. Heç şübhəsiz ki, zaman keçdikcə başqa belə məzarlıqlar da üzə çıxacaq. Ötən ilin 19-20 sentyabr tarixində qəhrəman silahlı qüvvələrimizin bölmələrinin keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri erməni separatçılardan təmizlənərək işğaldan azad edilib. Hazırda Xocalıda tikinti-quruculuq işləri sürətlə aparılır. Xocalılılar yaxın zamanda doğma yurd yerlərinə qayıdacaqlar. Xocalı sakini, Kərim Quliyev deyib: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz şəhidlərin qanını yerdə qoymadı, torpaqlarımız düşməndən azad edildi. 2023-cü il sentyabrın 19-da aparılan lokal xarakterli antiteror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Xocalı qətliamı tariximizin ən ağrılı faciələrindən biridir. Bu dəhşətli faciədən 32 il ötsə də, Xocalı soyqırımı heç zaman unudulmur. Sevinirəm ki, artıq şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisası döyüş meydanında alınıb, işğal altında qalan müqəddəs torpaqlarımız dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyi nəticəsində düşmən tapdağından azad olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində Prezidentimizin tapşırığı ilə böyük miqyaslı quruculuq-tikinti işləri aparılır. Görülmüş işlər biz xocalılıları ürəkdən sevindirir, öz doğma ata-baba yurdumuza qayıdacağımız gün uzaqda deyil".

Qeyd edək ki, Xocalıda 283 evdə əsaslı təmir-bərpa işi aparılır. Eyni zamanda Xocalı şəhərinin bütün kommunikasiya xətləri qurulur, zəruri infrastruktur yaradılır. Qarlı-şaxtalı hava şəraitinin olmasına baxmayaraq həvəslə və qürurla çalışırıq. Xocalı şəhəri dağıntılarla bərabər, ekoloji terrora da məruz qalıb. Yaraları sağaltmaq üçün həvəslə, yorulmadan iş aparılır. Xocalıya ləyaqətli qayıdış başlayır.

Salman ALIOĞLU,

"Respublika".