Qədimliklə müasirliyin vəhdətində inkişaf edən Səmərqənd
Digər xəbərlər

Qədimliklə müasirliyin vəhdətində inkişaf edən Səmərqənd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına rəsmi səfəri olub. Səfərdə Prezidentlə yanaşı, birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Eyni soy-kökə malik olan iki dövlət arasında diplomatik münasibətlər 1995-ci il oktyabr ayının 2-də qurulmuşdur. Azərbaycanla Özbəkistan arasındakı yüksək inkişaf səviyyəsinə çatmış əlaqələr ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Bu münasibətlərin sıx inkişafında hər iki dövlət başçısının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. 1996-cı il 26-27 may tarixlərində Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərini xüsusi qeyd etmək lazımdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanmışdır. Elə həmin ilin 21-22 oktyabr tarixlərində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olmuşdur. Hələ Sovet hakimiyyəti dövründə türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq, xalqlarımız arasında möhkəm təməllər üzərində dostluq əlaqələri qurulmuşdur. Bu gün isə ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sürgün edilmişdir. Bu gün isə Özbəkistanda yaşayan 68 minə yaxın azərbaycanlı bu ölkənin sosial, iqtisadi həyatında fəal iştirak edir.

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşü olub. Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüş bir çox maraqlı məqamları ilə yadda qalıb. Elə həmin gün Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə "Özbəkistanın rəngləri" adlı sərgi ilə tanış olublar. Qeyd edək ki, sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunub. Burada sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə etmişdir. Özbəkistanın qeyri-adi təbiəti, qədim abidələri rəssamlar üçün hər zaman ilham mənbəyi olub. Qaraqalpaqıstanın bir çox rəssamları mavi Aral dənizi və Amudəryadan ilhamlanaraq mükəmməl əsərlər yaradıblar. Qədim olduğu qədər də gözəl təbiəti olan Özbəkistanda təsviri sənət XX əsrdə sürətlə inkişaf edib.

Eyni zamanda, noyabrın 11-də Mehriban xanım Əliyeva "Ədəbi şəhər" tarixi-etnoqrafik kompleksi ilə də tanış olub. Nadir "Ədəbi şəhər" tarixi-etnoqrafik kompleksi "Böyük İpək Yolu" beynəlxalq turizm kompleksinin bir hissəsidir. Şərq memarlığının bütün səciyyəvi cəhətlərini özündə əks etdirən bu kompleksdə məşhur sənətkarların, tətbiqi sənət ustalarının və müxtəlif xalqları təmsil edən rəssamların qalereyaları və emalatxanaları yerləşir. Özbəkistanda "Ədəbi şəhər" Səmərqənd, Buxara, Fərqanə, Daşkənd, Xivə və digər qədim şəhərləri təcəssüm etdirən böyük kompleksdir. İki hissədən ibarət kompleksdə 44 nadir orijinal bina tikilib. Kompleksin konsepsiyası özünün mədəniyyət və adət-ənənəsini bir məkanda təqdim etmək ideyasına əsaslanır. Eyni zamanda, ərazidə rəssamların və sənətkarların mağazaları, kitabxana, kukla teatrı, istirahət guşələri, kafe və restoranlar fəaliyyət göstərir. Bura gələn ziyarətçilər, turistlər xalçaların və ipək məhsulların toxunma prosesi, sənətkarların ağac üzərində oyma işləri, həmçinin milli geyim qalereyası ilə tanış olmaq imkanı əldə edirlər.

Həmçinin, noyabrın 11-də Səmərqənd şəhərində "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə" imzalanıb.

Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan Bəyannaməni Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstan Baş nazirinin xanımı Aniko Levai imzalayıblar. Bəyannamədə Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu göstərilir. Sənədə görə, dünyada sıfır tullantı yanaşmasının təbliğ olunacağı və qabaqcıl təcrübələrin paylaşılacağı vəd edilir. Bəyannamədə BMT-yə üzv dövlətlərə, vətəndaş cəmiyyətlərinə, özəl sektora və mediaya dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılmasına uyğunlaşdırmağa dair çağırış edilir. Onu da qeyd edək ki, Bəyannaməni BMT-nin Baş katibi Antonio Quterreş də imzalayıb.

Noyabrın 10-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan şam yeməyində iştirak ediblər. Elə həmin gün Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva digər dövlətlərin birinci xanımları ilə Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında "Lazgi" adlı baletə tamaşa ediblər. 2019-cu ildən UNESCO-nun Hökumətlərarası Komitəsi "Lazgi-Xarəzm rəksi"ni bəşəriyyətin qeyri-mədəni irs üzrə reprezentativ siyahısına daxil edib.

Hazırda "Lazgi" rəqsi Özbəkistanın bütün regionlarında məşhurdur. Tamaşanın xoreqrafı Berlin Milli Operası yanındakı balet məktəbinin məzunu Raul Raymondo Rebekdir. Rebekin Koreya Respublikasının "Universal Ballet" truppası üçün qurduğu "Bəyaz röya" birpərdəli tamaşası ötən il Astanada Avrasiya müasir rəqs festivalında maraqla qarşılandıqdan sonra "Lazgi" balet tamaşasının quruluşu da məhz ona həvalə edilib. Bu rəqsə həsr olunan balet tamaşası Özbəkistan rəqs ənənələrini beynəlxalq mədəni mühitdə təbliğ etməyə kömək edir.

 Özbəkistanda səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz instaqram hesabında Səmərqənd şəhərindən paylaşım edərək yazmışdır: "10.11.2022. Gözəl Səmərqəndin gecə mənzərəsi! Qədim və gənc şəhər. Qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram". Qədim tarixi köklərə sahib Səmərqənd şəhəri öz gözəlliyi və müasirliyi ilə birinci xanım Mehriban Əliyevanın da diqqətini cəlb etmişdir. Əsrarəngiz, nağılvari və parlaq ulduzlu səması ilə Səmərqənd gecələri Bakı gecələrinə bənzəyir. Qədimliklə müasirliyin vəhdətində inkişaf edən Səmərqəndin gözəlliyinə biganə qala bilməyən Mehriban xanım qardaş özbək xalqına sülh və firavanlıq arzulamışdır.

Ramidə YAQUBQIZI,

"Respublika".