İki dost ölkənin əməkdaşlıq nümunəsi
Digər xəbərlər

İki dost ölkənin əməkdaşlıq nümunəsi

Azərbaycanın xarici siyasətində İslam dünyası və ərəb ölkələri ilə əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Həmin dövlətlərlə münasibətlərin inkişafında müasir dövlətimizin qurucusu Heydər Əliyevin müstəsna rolu olub. Təsadüfi deyil ki, müsəlman dünyasının aparıcı dövlətlərindən biri olan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq hələ ümummilli liderimizin ölkəmizə rəhbərliyi dövründə daha da genişlənmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən İslam həmrəyliyi ideyasının yüksək qiymətləndirilməsi bu istiqamətdə geniş diplomatik səylərin təməlini qoymuşdur.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər qədim tarixə malikdir və iki ölkəni bir-birinə sıx tellər bağlayır. İslam aləminin müqəddəs məkanlarının məhz Səudiyyə Ərəbistanında yerləşməsi, həmçinin hər il minlərlə azərbaycanlının həmin yerləri ziyarət etməsi qarşılıqlı əlaqələrin inkişafına töhfə verən amillərdəndir. Həcc və Ümrə ziyarətləri Azərbaycan xalqının İslam dinini qəbul etdiyi orta əsrlərdən bəri davam edir. Bununla yanaşı, ortaq tarix, mədəniyyət və bir sıra ənənələrin oxşarlığı da xalqlarımız arasında münasibətlərin inkişafında mühüm rol oynamışdır. Azərbaycan şairlərinin orta əsrlərdə ərəb dilində yazıb-yaratdıqları əsərlər dünya ədəbiyyatının inciləri kimi qiymətləndirilmişdir.

Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb. İki ölkə arasında diplomatik münasibətlərin qurulması isə 1992-ci il fevral ayının 24-nə təsadüf edib. Daha bir qeyd etməli olduğumuz mühüm məqam Səudiyyə Ərəbistanının təcavüzkar Ermənistanı bir dövlət kimi tanımamasıdır. Bundan başqa, ölkəmizdə vəziyyətin mürəkkəbləşdiyi bir dövrdə - ötən əsrin 90-cı illərində rəsmi Ər-Riyad azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardımlar göstərmişdir.

Ümummilli liderin rəhbərliyi dövründə yüksək inkişaf edən qarşılıqlı münasibətlər bu gün də davam edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti dövlətimizə olan etimadı daha da artırır. Dövlətlərarası səfərlər də bu əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyevin 2005-ci il martın 8-də Səudiyyə Ərəbistanına səfərini ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirmək mümkündür. Səfər çərçivəsində İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Fəhd bin Əbdüləziz Al Səudla təkbətək görüşünün baş tutması və kralın Prezident İlham Əliyevi Səudiyyə Ərəbistanının ali dövlət mükafatı - "Kral Əbdüləziz" ordeni ilə təltif etməsi qarşılıqlı etimadın bariz nümunəsidir. Qeyd edək ki, sözügedən orden dünyanın ən nüfuzlu, görkəmli siyasi xadimlərinə təqdim olunur. Səfər zamanı bir sıra əhəmiyyətli sənədlərə imza atılması və əməkdaşlıq haqqında razılıqların əldə olunması Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin şaxələndirilməsinə öz müsbət təsirini göstərib. 2015-ci ilin aprel ayından etibarən iki dost ölkə arasında əməkdaşlığın möhkəmlənməsi prosesi daha da sürətlənib. Belə ki, bu dövrdə hər iki ölkənin investorları arasında etibarlı işgüzar əlaqələrin ardıcıl inkişafı istiqamətində yeni addımlar atılıb. Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "ACWA POWER" şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqı müqavilələrinin imzalanması bunu bir daha təsdiqləyir.

İkinci Qarabağ savaşı zamanı Səudiyyə Ərəbistanı da Azərbaycanın haqq işini dəstəkləyən ölkələr sırasında idi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, erməni vəhşiliyi, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılması faktı Səudiyyə Ərəbistanı tərəfindən də beynəlxalq aləmə çatdırılıb. İki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etməsi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Səudiyyə Ərəbistanının "Əş-Şarg əl-Avsat" qəzetinə müsahibəsi zamanı söylədiyi fikirlərdə də öz əksini tapıb. Hikmət Hacıyev bildirib ki, Səudiyyə Ərəbistanının ədalətə söykənən, Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, İslam həmrəyliyinə əsaslanan mövqeyi bütün dünyaya nümunədir. Prezidentin köməkçisi, həmçinin Səudiyyə Ərəbistanının regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasında göstərdiyi cəhdləri yüksək qiymətləndirib, ölkələrimiz arasındakı əlaqələrdə turizmin müstəsna rolunu da diqqətə çatdırıb. Birbaşa aviareyslərin sayının artırıldığını, ötən il 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşının ölkəmizə səfər etdiyini vurğulayan Hikmət Hacıyev Azərbaycanın Səudiyyə Ərəbistanı şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində fəal iştirakını gözlədiyini də söyləyib.

Nəzrin ELDARQIZI,

"Respublika".