Qəlblərdə yaşayan Vətən oğlu
Region

Qəlblərdə yaşayan Vətən oğlu

44 günlük Qarabağ müharibəsində Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalan Ruhid Uğur oğlu İslamlının Bakı şəhəri, Suraxanı rayonunda doğum günü qeyd olundu. Yaşasaydı 23 yaşı olacaqdı.

Dağlar diyarı, qartallar oylağı Lerik rayonunun Çeşman kəndində doğulan igidin ailəsi 2000-ci ildə Bakıya köçür, burada özlərinə yurd-yuva qururlar. Vətəninə, xalqına bağlı bütöv Azərbaycanın mərd oğlu Qarabağın azadlığı naminə başlanan haqq savaşımızın ilk günündən yağı düşmənlə döyüşə girir. 2020-ci il oktyabrın 6-da Ağdərə-Tərtər istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur, göstərdiyi şücaətinə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və digər medallara layiq görülür.

Ruhidin məzunu olduğu Zığ qəsəbəsi, 315 saylı tam orta məktəbdə baş tutmuş tədbir Dövlət Himninin səslənməsi və Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda can qoyan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Ruhiddən söz açanlar onun qəhrəmanlığını qürurla xatırlayıb, Azərbaycan var olduqca daim bizimlə olacağını dedilər. Şəhidin şərəfli həyat yolunu əks etdirən videoçarx nümayiş olundu, şagirdlərin ifasında doğma Azərbaycanın, onun igid oğullarının şərəfinə şeirlər deyildi, səhnəciklər göstərildi. Daha sonra Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanında uyuduğu müqəddəs yerə baş çəkən ziyarətçilər məzarı önünə gül-çiçək dəstələri qoymaqla xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, şəhidin doğmaları, döyüş yoldaşları iştirak etmişlər.

Zəfər ORUCOĞLU.