Qələbəmizin təntənəsi
Tarix

Qələbəmizin təntənəsi

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin cəmi 44 günə Zəfərlə bitməsi bizi qəhrəman millət, xalq kimi bütün dünyaya tanıtdı, böyük qüvvələrə dövlətimizin qüdrətini, hərbi gücünü və potensialını nümayiş etdirdi. Əldə etdiyimiz Qələbənin ən möhtəşəm təsdiqi isə paytaxtın mərkəzi meydanında baş tutdu. 2020-ci il dekabrın 10-da Azadlıq Meydanında keçirilən Zəfər Paradı Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və hərbi gücünün təntənəsi idi. Bu, dünya tarixində ədaləti bərpa etməyə qadir olan Azərbaycanın Zəfər, Qələbə Günü idi. Paradı Ali Baş Komandan İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edirdi, parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq edirdi. Qarabağın müqəddəs məkanı hesab edilən Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdi. Əlbəttə ki, düşmən üzərində qələbə heç də asan başa gəlmədi. Üç onillik zaman kəsiyində dövlətimiz böyük mücadilə və iradə nümayiş etdirdi. Haqq-ədalət uğrunda təkcə düşmənlə deyil, həm də onu müdafiə edən böyük güclərlə mübarizə apardı. Döyüş meydanında Azərbaycan əsgərinin Vətən sevgisi silaha çevrildisə, dövlət başçısı İlham Əliyevin apardığı diplomatik arenada mübarizəsi bizi millət, xalq və dövlət kimi zirvələrə, qalibiyyətlərə və zəfərlərə ucaltdı. Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etməklə xalqımıza qələbə sevincini yaşatdı. Bu zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirərək xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin nümunəsinə çevrildi. Dekabrın 10-da keçirilən Zəfər paradının davamı, 2023-cü il noyabr ayının 8-də azad, suveren və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın Xankəndi şəhərində oldu.

Bakının Azadlıq meydanı bu vaxta kimi çox paradlara şahidlik edib. Azərbaycanın müstəqilliyi uğrunda mücadiləsinə, həmin mübarizələrdə can verən ilk şəhidlərin son mənzilə yola salınmasına... Dekabrın 10-da keçirilən parad əvvəlkilərdən həm fərqli, həm də onların təsdiqi idi. Bununla gücümüzü, vətənsevərliyimizi, ləyaqətlə qazandığımız Zəfərimizi bütün dünyaya nümayiş etdirdik. Döyüşlərdən qalib çıxmış, düşməni "dəmir yumruq"la əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərin ruhlarının şad olduğu gün oldu. Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevin və haqq savaşında Azərbaycanın yanında dayanan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə sevincini birlikdə paylaşması olduqca qürurverici idi. Meydanda 3000 Azərbaycan əsgər və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin də addımlaması sevincimizə sevinc qatdı. 150-dək hərbi texnika, o cümlədən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerləri izləmək, Ermənistan ordusunun məğlubiyyətini əyani şəkildə nümayiş etdirən hərbi qənimətlərə seyrçi olmaq tarixin ən şərəfli məqamına şahidlik etmək idi. Qələbə paradında göylərə meydan oxuyan Azərbaycan şahinləri də öz məharətini göstərirdi. Bu tarixi parad hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaratmaqla bərabər, bütün şəhidlərin ruhuna ehtiram hissi idi.

Bu Zəfər paradında dostlarımız yanımızda dayandı. Qardaş Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. Zəfərimiz tarix kitablarında, tarixi yaddaşımızda əbədi möhkəmlənəcək. Çünki Azərbaycan beynəlxalq missiyanın 30 illik fəaliyyətinin nəticəsizliyini 44 günlük müharibə ilə sübut etdi. Azərbaycan hətta müharibənin gedişində xaricdən müntəzəm olaraq təhdid və təzyiqlərə məruz qalmasına baxmayaraq, hədəflərinə doğru inam və qətiyyətlə irəlilədi. Qarabağı azad etdi, bölgəni qəddar erməni terrorizmindən qurtardı. Tarixə 10 dekabr Zəfər Paradı ilə Qələbə möhürünü vurdu.

Ramidə YAQUBQIZI,

"Respublika".