Şanlı tariximiz
Tarix

Şanlı tariximiz

Dövlət müstəqilliyi xalqın ən böyük səadətidir. Azərbaycan xalqı bu səadətə XX əsrin ikinci onilliyində çatdı. 1918-ci il mayın 28-də adı Şərqin və türk dünyasının tarixinə ilk demokratik respublika kimi yazılan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. "Gülüstan" (1812) və "Türkmənçay" (1828) müqavilələrindən sonra xalqımız heç zaman bu qədər azad, müstəqil və xoşbəxt olmamışdır...

1828-ci il fevralın 10-da bir-biri ilə müharibə etmiş iki dövlət - Rusiya ilə İran arasında imzalanan "Türkmənçay" müqaviləsindən sonra Azərbaycan iki yerə bölündü, şimalına Rusiya, cənubuna isə İran sahibləndi. Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olması ilə Şimali Azərbaycan Rusiya imperiyasının əsarətindən qurtuldu. Müstəqil dövlət yaradanlar böyük arzularla quruculuq işlərinə başladılar. Ancaq müstəqil dövlət qurmaq qədər onu qorumaq da çətin oldu. Azərbaycanı azad görmək istəməyənlər həm ölkənin daxilində, həm də xaricində Azərbaycan Xalq Cümhuriyyətinə qarşı amansızlıqla mübarizə aparırdılar. Və təəssüf ki, gənc müstəqil dövlətin düşmənləri dostlarından qat-qat güclü oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Cümhuriyyət hökuməti süqut etdi. 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdilər.

O zaman Azərbaycanı işğal edən XI qızıl orduya qarşı silah qaldıranlar az olmadı, etiraz dalğaları uzun müddət səngimək bilmədi. Azərbaycanın neçə-neçə vətənsevər, millətpərvər övladı dövlətinin müstəqilliyi yolunda canından keçdi. Ancaq uzun illər bu tarixi həqiqətləri də yalanlarla örtməyə çalışdılar. 70 illik sovet hakimiyyəti dövründə XI qızıl ordu xilaskar kimi təbliğ olundu. Elə təqdim etdilər ki, guya Azərbaycan xalqı yollara düzülüb işğalçıların gəlməsini, varlığından qürur duyduğu, böyük ümidlər bəslədiyi müstəqil dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsini gözləyirmiş. Atalarımız "Yalan ayaq tutar, yeriməz" deyiblər. Amma çox təəssüf ki, 70 il bu yalanlar ayaq da tutdu, yeridi də. Həm də keçdiyi yolları elə silib-süpürməyə, yandırmağa çalışdı ki, Azərbaycan xalqının yeni nəsilləri öz həqiqi tarixini bilməsin, gerçək qəhrəmanlarını tanımasın. Sovet hökumətinin təbliğat-təşviqat maşını saysız-hesabsız "elmi" və "bədii" əsərlər yazdırdı, "kitablar" çap etdirdi. Həmin kitabları uşaq bağçalarından tutmuş orta və ali məktəblərədək oxutdurdular, əzbərlətdirdilər. Amma zaman göstərdi ki, tarixin yaddaşı olduqca güclüdür, heç nəyi və heç kimi unutmur.

Dövlətini yenidən azad, müstəqil, üçrəngli, ay-ulduzlu bayrağını yüksəklərdə dalğalandığını görmək arzusu könüllərdə illərlə boy ata bilməsə də, cücərdi. Bu arzu, bu məqsəd XX əsrin sonlarına doğru Azərbaycan xalqını ayağa qaldıraraq bir yumruq kimi birləşdirdi. Və yenə də böyük mübarizə başladı.

Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqilliyinə nail olmaq üçün də ağır sınaqlardan keçdi. Soydaşlarımız 1990-cı ilin yanvarında o dövrün ən müasir silahları ilə silahlanmış sovet qoşunu hissələrinin, onların tanklarının üzərinə əliyalın getdilər. Göstərdilər ki, xalq yekdil olanda, birləşəndə onun gücünün qarşısını qorxu, təşviş yaratmaqla, ən dəhşətli silahlarla, ən ağır, ən qəddar cəzalarla almaq mümkünsüzdür.

XX əsrin axırlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası işə başladı. Müzakirələr 4 gün davam etdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Sənəddə bildirilirdi ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsasını təsdiq edir.

Bu tarixi hadisələrin baş verdiyi illər ölkəmiz üçün çox çətin və məsuliyyətli dövr oldu. Müstəqilliyinə qovuşmuş ölkəmiz həm iqtisadi böhranla, həm də Ermənistanla müharibəyə cəlb edilməklə sınağa çəkildi. Azərbaycan o mürəkkəb, çətin illərin də sınağından çıxdı, müstəqilliyini dünyaya tanıtdırdı. 1996-cı il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Heydər Əliyev xalqa müraciətində demişdir: "Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının hamısının üzvüdür, iştirakçıdır. Ötən 5 il ərzində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da inkişaf etmiş, möhkəmlənmişdir. Ancaq bu dövr ölkəmizin həyatında çox gərgin və mürəkkəb proseslər dövrü olmuşdur".

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995-ci il noyabrın 12-də müəllifi ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Beləliklə, ölkədə genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşmasına başlandı.

Bu gün Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayır. Ölkədə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilməkdədir. Dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Ən başlıcası, 44 günlük Vətən müharibəsindəki Zəfərimizlə Qarabağın 30 ildən sonra erməni vandallarından azad edilməsi Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Bu gün dünyada yeni siyasi, iqtisadi güc mərkəzinə çevrilmiş Azərbaycan dövləti müstəqillik yolunda inamla irəliləyir.

Elxan HACIYEV,

Bakı Sağlamlıq Mərkəzinin baş həkimi,

tibb elmləri namizədi, dosent.