Qərb regionda sülhə əngəl yaradır
Siyasət

Qərb regionda sülhə əngəl yaradır

Qərb Ermənistanı silahlandırmaqla, maliyyə yardımları verməklə və siyasi dəstək göstərməklə onu Rusiyadan uzaqlaşdırmaq istəyir. O cümlədən Paşinyanı hakimiyyətə gətirən Qərb onun qarşısında bir sıra öhdəliklər qoyub.

Hakimiyyətə gəldiyi ilk illərdə Qarabağla bağlı məsələlərlə əlaqədar Rusiyadan asılı olduğundan Paşinyan Qərbin qarşısında öhdəliklərini icra edə bilmirdi. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Paşinyan Ermənistanın məğlub olmasının səbəblərini Rusiyanın və KTMT-nin "ayağına yazır". Bu gün Ermənistan ölkəmizin öz ərazilərini işğaldan azad etməsində və Rusiyanı Azərbaycanla sərhədlərini qorumamaqda KTMT-ni günahlandırır. Amma Ermənistana sual verən yoxdur ki, Azərbaycanın suverən ərazilərinin azad edilməsinə Rusiya necə mane ola bilərdi? Azərbaycanla sərhədlər delimitasiya olunmadığı, sərhəd xətti müəyyənləşdirilmədiyi halda KTMT harada dayanmalı idi? Ermənistanın Rusiyanın və KTMT-nin ünvanına səsləndirdiyi ittihamlar sadəcə reallıqdan uzaqlaşmaq üçün bəhanələrdir.

ABŞ və Fransa Ermənistanda möhkəmlənərək Rusiyanı regiondan sıxışdırmaq istəyir. Ona görə də, Azərbaycana qarşı ikili standartlarla qərəzli qərarlar qəbul edir, bəyanatlar səsləndirir. Qərb Rusiyanı Paşinyanın əli ilə Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışır. Ermənistan baş naziri anlamalıdır ki, Rusiya əsla İrəvandan çıxa bilməz. Çünki Rusiya ilə Ermənistan arasında hərbi bazaların 2060-cı ilə qədər saxlanılması üçün saziş imzalanmışdır. Birincisi, Ermənistan bu sazişi birtərəfli şəkildə poza bilməz. İkincisi isə Ermənistanın iqtisadiyyatı birbaşa Rusiya ilə bağlıdır. Ermənistan KTMT-dən uzaqlaşmağa çalışdıqca Rusiya onu cəzalandıracaq. Məsələn, rəsmi Moskva əvvəlcə enerji daşıyıcılarının qiymətini qaldıracaq. Artıq bu gün Ermənistanda qaz və yanacaq iki dəfədən çox bahalaşıb. Sonra da Ermənistandan idxal olunan məhsulları müxtəlif bəhanələrlə yollarda saxlayacaq. Beləliklə, Rusiya əvvəlcə iqtisadi alətlərdən istifadə edərək Ermənistan hakimiyyətinə təsir göstərəcək və hər vasitə ilə Ermənistanı öz əlində saxlayacaq.

Qərbə gəldikdə isə onların bu cəhdlərinin heç bir əhəmiyyəti olmayacaq.

Bu gün Azərbaycanla sülh müqaviləsinin imzalanmasına ən böyük maneə Qərbdir. Qərb Ermənistanı silahlandırıb maliyyə yardımları ilə təmin etdikcə Paşinyan sülh müqaviləsini imzalamayacaq. Çünki Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistana verilən yardımlar kəsiləcək. Ona görə də, Paşinyan sülh müqaviləsini imzalamaqla havayı gələn 100 milyonlarla dollardan imtina etmək istəmir. Sülh müqaviləsinin imzalanmaması isə Ermənistanın gələcəkdə regional layihələrdən kənarda qalmasına səbəb olacaq. Azərbaycan İran ərazisindən Zəngəzur yolunu istifadəyə verəcək. Ermənistan isə bütün regional formatlarda əməkdaşlıqdan təcrid olunaraq fəlakətə sürüklənəcək.

Azər BADAMOV,

Milli Məclisin deputatı.