Qərbi Azərbaycan İcması beynəlxalq müstəvidə hədəflərinə doğru addımlayır
Siyasət

Qərbi Azərbaycan İcması beynəlxalq müstəvidə hədəflərinə doğru addımlayır

Keçmiş məcburi köçkünlərin doğma el-obalarına hissə-hissə geri dönmələri Qərbi azərbaycanlıların qəlbində bir ümid yaradıb. Əzəli torpaqlarımıza qayıtmağın mümkünlüyü nə qədər çətin olsa da, ancaq reallığı özündə əks etdirən bir təşəbbüsdür. Sözü imzası qədər dəyərli olan dövlət başçısının bu məsələyə diqqətlə yanaşması nəticəsində Qərbi Azərbaycan mövzusu müstəqilliyimizi bərpa etdiyimiz gündən bəri ilk dəfə olaraq bu qədər aktual müzakirə obyektinə çevrilib.

Artıq həmvətənlərimizin indiki Ermənistan ərazisinə qayıtması təkcə ölkə daxilində deyil, sərhədlərimizdən kənarda, qlobal beynəlxalq təşkilat olan BMT-nin gündəliyinə də daxil olub. Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlarla davamlı olaraq əməkdaşlıq etməsi vacib məsələlərdəndir. Sülh və dinc şəraitdə qayıdışın təmin olunması üçün beynəlxalq ictimaiyyətin və təşkilatların dəstəyi çox vacibdir. Ermənilərdən fərqli olaraq qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan Azərbaycan dövləti BMT Nizamnaməsinin preambulasının müddəaları arasında yer alan insan hüquqları, insan şəxsiyyətinin ləyaqət və dəyəri, kişi və qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyi məsələlərinə inam nümayiş etdirir.

Bir müddət öncə Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaymışdı. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin bütün rəsmi dillərində dərc olunaraq qeyd olunan əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri ilə yer alıb.

Yaranmasından qısa vaxt keçsə də Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını qoruyan qurum kimi öz hədəfinə doğru inamla irəliləyir. Bu günlərdə Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antinio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib. Məktubda qeyd olunur ki, Ermənistanın indiki ərazisindən zorla çıxarılması prosesi 1991-ci ildə başa çatdırılıb və etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib. Azərbaycanlıların Ermənistandan çıxarılması siyasi, hüquqi və humanitar ölçüləri nəzərə alsaq, misli görünməyən ədalətsizlikdir... Məktubun sonunda isə bildirilib ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına məhəl qoymamaq ədalətsizliyin davam etməsidir. Bu, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına heç cür yardım etmir. Odur ki, sizdən xahiş edirik ki, BMT-nin Baş katibi kimi xoş niyyətlərinizlə bizim işimizə dəstək olasınız və aşağıdakı vəzifələri yerinə yetirə biləcək BMT-nin qurumlararası missiyasını Ermənistana göndərəsiniz.

Ermənistan siyasi rəhbərliyi isə hər zaman olduğu kimi, Azərbaycanın hər iki ölkə daxilində reinteqrasiya çağırışlarına müsbət cavab vermir. Regionun inkişafının xalqlar arasındakı barışıqdan keçdiyini anlamayan İrəvan siyasi dairəsi əksinə olaraq şərti sərhəd zonasında yenidən təxribatlara əl atır. Bütün bunların arxasında bir çox səbəblər dayanır ki, onlardan biri də Qarabağda yaşayan erməniləri reinteqrasiya prosesindən geri çəkindirməkdir. Həmçinin ordusunda itkilərə yol verməyə şərait yaratmaqla öz xalqını inandırmağa çalışır ki, azərbaycanlılarla sülh şəraitində yaşamaq mümkün deyil.

Ermənistan gec-tez sülh müqaviləsinə imza atmalı, postmünaqişə reallıqlarını qəbul edib, Qərbi azərbaycanlıların və Qarabağda yaşayan ermənilərin reinteqrasiyasını dəstəkləməlidir. Ən əsası Azərbaycanın ona tərəf uzatdığı barışıq əlinə qarşılıqlı cavab verərək Cənubi Qafqazda yeni səhifənin açılmasına yardımçı olmalıdır.

Musa BAĞIRLI,

"Respublika".