Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatın tədbirində
Digər xəbərlər

Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatın tədbirində

Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından artıq 35 il ötür.

Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Çünki əcdadlarımız min illər boyu bu ərazidə yaşayıblar. Bu gün də mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən silinir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib: "Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistana demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi. Bu, o vaxt gənc Azərbaycan dövlətini erməni təxribatlarından qorumadı. Bəlkə də buna ümid edirdilər. Biz demək olar ki, İrəvanı o vaxt itirdik. Amma görürük ki, ermənilərin iddiaları azalmır. Onlar vaxtaşırı ən yüksək səviyyədə müxtəlif cəfəng şüarlar, fikirlər səsləndirirlər ki, yenə də onların qonşu ölkələrin torpağına iddiaları var".

Doğma torpaqlarına tez bir zamanda qovuşmaq istəyən həmvətənlilərimizin acısına dərman olmaq üçün 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradılıb. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 2022-ci ildə təşkilatın adı dəyişdirilib və "Qərbi Azərbaycan İcması" olub. Prezident İlham Əliyev dekabrın 24-də icmanın bir qrup nümayəndəsi ilə görüşündə Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması vəzifəsini qarşıya qoyub.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı institutunun təsis edilməsinin 30 illiyi münasibətilə cari ilin iyulun 7-də Avstriyanın Vyana şəhərində keçirilmiş yüksək səviyyəli tədbirdə İcmanın adından iştirak edib.

ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanı, Baş katibi Helqa Şmid, Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, iştirakçı dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi və milli azlıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi məsələlər müzakirə olunub. Tədbirdə, o cümlədən milli azlıqlar mövzusunda ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qərbi Azərbaycan İcmasının sədr müavini R.Həsən müzakirələrdə Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verərək Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, bu, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatın tədbirində rəsmi təmsil olunduğu ilk haldır.

Röya RÜSTƏMLİ,

"Respublika".