Ankarada səfərdə olan Azərbaycan Milli Məclisi Azərbaycan-Türkiyə Parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun nümayəndə heyətini, Prezident Rəcəb Tayyib Ərdoğan və Ədliyyə naziri Yılmaz Tunç qəbul edib. Nümayəndə heyətinin, həmçinin Türkiyə Böyük Millət Məclisində də görüşü baş tutub. Onlar Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İdarə Heyətinin üzvləri ilə görüşüblər. Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı ilə bağlı məsləhətləşmələr aparılıb.
Daha sonra Ankara Universitetində Qərbi Azərbaycana qayıdış mövzusunda dəyirmi masa formatında tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Məclisinin və Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən bir sıra universitetlərin rektorları, Ankara Universitetinin professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov Ermənistan tərəfindən zorla doğma yurdlarından qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq platformalarda müdafiə edilməsinin əhəmiyyətini qeyd edib. Əhliman Əmiraslanov Prezident İlham Əliyevin tapşırığına əsasən xarici ölkələrdə yaşayan soydaşlarımızın inteqrasiyası, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyəti barədə danışıb. O bildirib ki, konsepsiya Qərbi azərbaycanlılarla bağlı məlumat bazasının yaradılması, dünya ictimaiyyətinin məlumatlandırılması və nəhayət, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması üçün geniş imkanlar yaradır.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli təşkilatın fəaliyyəti, məqsədi və məramı haqqında məlumat verib, Qərbi Azərbaycandan olan əhalinin əsas hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin və təmin olunmasının vacibliyini qeyd edib.
Daha sonra nümayəndə heyətinin tərkibində olan millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, Anar İskəndərov və Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının fəaliyyətinin müxtəlif aspektləri haqqında məlumat veriblər. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə və bu gün keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın doğma yurdlarına qayıdacaqları ümidini daha da artırıb.
Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım çıxışında Qərbi Azərbaycandan məcburi köçürülmüş əhalinin hüquqlarının beynəlxalq platformalarda müdafiəsi məqsədilə Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlığın zəruri olduğu diqqətə çatdırılıb.
Daha sonra çıxış edən Qazi Universiteti, Orta Doğu Texniki Universiteti, Sosial Elmlər Universitetinin rektorları və Ankara Universitetinin professor-müəllim heyətinin üzvləri, Qərbi Azərbaycan mövzusunun tədris prosesində işlənməsi, bu mövzuda akademik tədbirlərin ardıcıl olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda iştirakçılar ulu öndərin əziz xatirəsini yad edib Ankara Universitetinin binası önündə 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən əkilmiş ağacın önündə xatirə şəkli çəkdiriblər.
Esmira YAZKAN ASLANOVA,
"Respublika" qəzetinin
Türkiyə üzrə müxbiri.