Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Daily Sabah": Azərbaycan hərbi təcavüzlə bağlı iddiaları rədd edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Bakının İrəvana hərbi təcavüz planlaşdırması ilə bağlı iddialarını rədd edib.

Bu barədə Türkiyənin "Daily Sabah" nəşri məqalə dərc edib. Yazıda bildirilib ki, ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş növbəti təxribatlara cavab olaraq ölkəmizin gördüyü tədbirlərin nəticələrinin Ermənistan ərazilərinin işğalı kimi təqdim edilməsi Ermənistan tərəfinin siyasi avantürasının tərkib hissəsidir. Eyni zamanda Azərbaycanın suveren torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 2020-ci il Vətən müharibəsinin nəticələrinə baxmayaraq, üçtərəfli Bəyanata zidd olaraq erməni silahlı qüvvələrini uzun müddət Azərbaycan ərazilərindən çıxarmayan, davamlı hərbi təxribatlar törədən Ermənistanın Azərbaycanı işğalda təqsirləndirməsi saxtakarlıq nümunəsi olmaqla yanaşı, reallıqların təhrif edilməsidir.

Yekunda vurğulanıb ki, Ermənistan rəsmilərinin Azərbaycanla sülh prosesində əməli addımlar əvəzinə əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənə halını alıb.

"Anadolu Agentliyi": Azərbaycan Fransanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatını yersiz və qəbuledilməz adlandırıb

"Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib məhkəmənin işlərinə qarışması təəssüf doğurur". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinin qərarının təhrif olunması ilə bağlı şərhində bildirilib.

"Anadolu Agentliyi" xəbər verir ki, BMT missiyasının Azərbaycanın ermənilərə qarşı ayrı-seçkilik münasibəti ilə bağlı heç bir hal qeydə alınmadığını qəti şəkildə bəyan etməsinə rəğmən Ermənistan rəsmi Bakını "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi" haqqında Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edir.

"Tasnim Xəbər Agentliyi":Azərbaycan və İran XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

"Tasnim Xəbər Agentliyi" bu barədə məlumat yayımlayıb. Nazirlər ikitərəfli, gündəlikdə duran və həlli zəruri olan məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər. Bölgədə regional formatlar çərçivəsində aparılan işin vacibliyi, bu istiqamətdə səylərin artırılmasının əhəmiyyəti qeyd edilib, bu prosesin bölgədə sülh və sabitliyə töhfə verəcəyi vurğulanıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

"MENAFN":Azərbaycanın neft və qaz sektoruna yatırılan investisiyaların həcmi artır

"Menafn" xəbər saytı Azərbaycanın neft-qaz sektoruna yatırılan investisiyaların həcminin 20 faizdən çox artması ilə bağlı yazı yayımlayıb. Cari ilin yanvar-oktyabr aylarında sözügedən sektora 4 milyard 913,5 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövr ərzində ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz artıb.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 milyard 945,2 milyon manat səviyyəsində olub.

"Turkic World": Azərbaycan NATO-nun xeyriyyə tədbirində təmsil olunub

"Turkic World" xəbər saytı noyabrın 19-da NATO-nun mənzil-qərargahında keçirilmiş xeyriyyə tədbirində Azərbaycanın iştirakı haqqında xəbər yayımlayıb. Qeyd olunub ki, Azərbaycanın NATO yanında nümayəndəliyi tədbirdə fəal iştirak edib. Azərbaycana məxsus stendlərdə ölkəmizin istehsal etdiyi müxtəlif məhsullar və mətbəximizin təamları təqdim olunub.

"Respublika".