QƏRBİ AZƏRBAYCANDA MİLLİ MAARİFÇİLİK MÜHİTİ
Elm və təhsil

QƏRBİ AZƏRBAYCANDA MİLLİ MAARİFÇİLİK MÜHİTİ

XX əsrin bəlası - Deportasiya

Hər bir millətin ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında mühitin rolu danılmazdır. Mühit isə heçdən yaranmır. Bunun üçün zamanın sınağından çıxmış ənənələrin mövcudluğu az rol oynamır. Bundan başqa, mühitin yaranmasında əhəmiyyətli olan ictimai-siyasi, iqtisadi, sosial və digər amillərin dominantlığını da unutmaq olmaz. Qeyd etmək lazımdır ki, istənilən bir mühitin yaranmasına qədər həmin mühiti stimullaşdıran amillərə xüsusi olaraq diqqət yetirmək lazım gəlir. Mühit varsa, deməli, mühiti stimullaşdıran dəyərlər də vardır.

Dünya yaranandan indiyə qədər rəngarəng mühitlər olub və onlar dəyişib, yenilənib. Bu mənada, ədəbi-mədəni mühit də tarixi çox qədim olan sosial strukturdur. Konkret olaraq Qərbi Azərbaycan ictimai, ədəbi-mədəni, elmi mühitindən danışırıqsa, onu da deməliyik ki, bu mühit milli müstəqillik dövrünə qədər heç zaman fundamental tədqiqata cəlb edilməmişdir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatından, maarifindən, mədəniyyətindən, tarixindən, iqtisadiyyatından söhbət gedərkən həmişə əzəli torpaqlarımız diqqətdənkənar qalmış, nəticədə natamam tədqiqatlar aparılmışdır. Belə olan halda xalqın bütöv ədəbiyyatını, tarixini, mədəniyyətini, maarifini kölgədə qoymuş oluruq.

Ümummilli lider Heydər Əliyevin 18 dekabr 1997-ci il və 26 mart 1998-ci il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd edilməsi haqqında" 29 dekabr 2006-cı il, "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" 29 dekabr 2021-ci il tarixli sərəncamları, eyni zamanda Qərbi Azərbaycanda milli maarifçilik mühitinin fundamental şəkildə araşdırılması baxımından aktuallıq kəsb edən mövzulardan biri olmaqla yanaşı, təhsil tariximizin ümumiləşdirilmiş və kompleks şəkildə öyrənilməsinə, araşdırılmamış səhifələrinin üzə çıxarılmasına xidmət edir və bu sahədəki tarixi faktları saf-çürük etməyə, sistemləşdirməyə imkan verir.

XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlərlə yanaşı, İrəvan şəhəri də Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Azərbaycanın elm və mədəniyyət tarixinə "İrəvani" təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alimlərə, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə rast gəlmək olar. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Mirzə Məhəmməd İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Aşub İrəvani, Dəlil İrəvani, Ləli İrəvani, Əbülqasim İrəvani, Mirzə Ağası İrəvani və başqa görkəmli şəxsiyyətlərin yaradıcılığı bir daha bunu təsdiq edir. İslam alimləri arasında bu alimlərin, eləcə də adlarını çəkmədiyimiz digərlərinin adları hər zaman ön sırada çəkilir. Bu gün dünyanın müxtəlif ölkələrində Muğanlinski, İrəvani, İrəvanski, Makinski, Qəmərlinski, Qədimbəyov, Sultan Hüseynbəyov, Sultanov, İsmixanov, Fərəcbəyov, Mirbağırbəyov, Qazıyev, Məmmədzadə, Uluxanlı, Qazızadə, Mirbabayev və onlarca bu kimi soyadların görkəmli nümayəndələrinin, elm və mədəniyyət, ictimai xadimlərinin fəaliyyətini, onların yaradıcılığını arasdırmağa tam müyəssər ola bilsək, 100 cildlərlə kitablar yarana bilər.

Görkəmli alim, pedaqoq, XIX əsrin sonlarında İrəvan kişi gimnaziyasında dərs demiş, böyük ədəbiyyatşünas Firudin bəy Köçərli çox haqlı olaraq İrəvanı "mərkəzi-üləma, füzəla və şüəra" şəhəri, yəni "üləmalar, fazillər və şairlər şəhəri" adlandırmışdı.

Məlumdur ki, XIX əsrin əvvəllərində Cənubi Qafqaz, o cümlədən Azərbayan xanlıqları Rusiya tərəfindən işğal olunduqdan sonra həyatın bütün sahələri onun tərəfindən idarə olunmağa başladı. 1829-cu il avqustun 2-də Rusiya Maarif Nazirliyi "Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında" qərar qəbul etdi. Həmin qərarda Zaqafqaziyada qəza məktəblərinin yaranması və ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdır. Həmin qərara əsasən 1830-cu ilin dekabr ayında Şuşa qəza məktəbi açılmış və həmin ildə İrəvanda 100, Naxçıvanda 50, Ordubadda 50, Kulpda 50 şagirdlik qəza məktəbinin açılması da nəzərdə tutulmuşdu. Bir sıra səbəblərə görə həmin ildə adlarını qeyd etdiyimiz regionlarda qəza məktəblərinin açılması mümkün olmamışdır.

İrəvanda ilk qəza məktəbinin açılması 14 yanvar 1832-ci ildə gerçəkləşmişdir. 1836-cı ildə isə İrəvan qəza məktəbinin azərbaycanlı sinfi - qrupu fəaliyyətə başlamışdır. 1836-cı ildə İrəvan qəza məktəbində ilk dəfə Azərbaycan dili və şəriət dərslərini əslən Dərəçiçəkdən olan Mirzə Molla Tağı Mahmud oğlu tədris etmişdir. O, dünyasını dəyişdikdən sonra həmin fənləri 1856-cı ilin sonlarından başlayaraq, Cənubi Qafqazda ana dilində ilk dərsliyin müəllifi, əslən Uluxanlıdan olan böyük maarifçi Mirzə Ələkbər Elxanov tədris etmişdir.

15 mart 1868-ci ildə Qafqaz Tədris Dairəsi İrəvan qəza məktəbinin 3 sinifli progimnaziya kimi fəaliyyət göstərməsi ilə bağlı qərar vermiş, qəza məktəbi 4 sentyabr 1868-ci ildən progimnaziya kimi fəaliyyət göstərməyə başlamışdır. 3 sinifli progimnaziya 1869-cu ildən 4 sinifli gimnaziyaya çevrilmişdir. 1871-ci ildə progimnaziyanın ilk buraxılışı olmusdur. Progimnaziyanın ilk məzunlarından 24 nəfəri azərbaycanlı idi. 1869-cu ildən etibarən 4 sinifli progimnaziya kimi fəaliyyət göstərən bu təhsil ocağı 31 mart 1881-ci ildən 5 sinifli gimnaziyaya çevrildi. 1884-cü ildə İrəvan kişi gimnaziyasının Azərbaycan dili və şəriət müəllimi Mirzə Ələkbər Elxanov dünyasını dəyişdikdən sonra onun yerinə Qafqaz Təhsil Dairəsinin təyinatı ilə Qori Müəllimlər Seminariyasının məzunu Firudin bəy Köçərli göndərilir. Firudin bəy Köçərli 1885-1895-ci illərdə İrəvan kişi gimnaziyasında dərs deməklə yanaşı, burada Azərbaycan ədəbi-mədəni mühitinin təşəkkülündə yerli ziyalılarla - Abbas Razi Məmmədzadə (Fars Abbas), Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Məhəmmədbağır Qazızadə və başqaları ilə birlikdə yaxından iştirak etmişdir. 

İrəvan Müəllimlər Seminariyasının Azərbaycan bölməsi və onun müəllimləri burada oxuyan azərbaycanlı gənclərə təkcə təhsil verməklə kifayətlənmirdilər. Onlar İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin inkişafına da öz töhfələrini verirdilər. İrəvan Müəllimlər Seminariyasının, İrəvan kişi gimnaziyasının və eyni zamanda burada fəaliyyət göstərən milli təhsil ocaqlarının müəllim və tələbələri Bakıda, Tiflisdə, o cümlədən Yaxın Şərqin müxtəlif şəhərlərində çıxan mətbuat orqanlarında yaxından iştirak etmiş, maarifin, mədəniyyətin, jurnal, qəzet, kitab nəşr etmək, qabaqcıl ideyaların yayılması, ədəbi əlaqələrin genişləndirilməsi sahəsində də ciddi fəaliyyət göstərmişlər.

Qafqaz Təhsil Dairəsi rəhbərinin 30 oktyabr 1895-ci il tarixli əmri ilə Firudin bəy Köçərli İrəvan kişi gimnaziyasından Qori Müəllimlər Seminariyasına köçürülür. Onun yerinə isə Qori Müəllimlər Seminariyasının məzunu İsmayıl bəy Şəfibəyov təyin edilir. Firudin bəy Köçərlinin səmərəli işini gimnaziyada İsmayıl bəy Şəfibəyov davam etdirmişdir. O, 1895-ci ildən 1917-ci ilədək gimnaziyada tatar (Azərbaycan) dilini tədris etməklə yanaşı, eyni zamanda burada tərbiyə işləri üzrə köməkçi vəzifəsində çalışmışdır. Gimnaziyanın azərbaycanlı bölməsinə bir müddət İrəvan quberniyası ruhani məclisinin Şərur-Dərələyəz mahalı üzrə nümayəndəsi Mirzə Məhəmməd Şeyxzadə, ondan sonra isə Şeyx Əbu Səttar Əli Əkbər Kazımov rəhbərlik etmişdir. 1881-ci ildən 1917-ci ilə kimi İrəvan kişi gimnaziyasını 280 nəfərə kimi azərbaycanlı bitirmişdir. Əgər statistik rəqəmlərə nəzər salsaq, görərik ki, İrəvan kişi gimnaziyasında təhsil alan azərbaycanlı tələbələrin sayı 600 nəfərdən çox olmuşdur. Amma bunların hamısı bu təhsil ocağını bitirməyə müvəffəq ola bilməmişdir. Bunun da ən başlıca səbəblərindən biri müxtəlif vaxtlarda gimnaziyaya rəhbərlik etmiş qeyri-millətdən olan şovinist direktorların azərbaycanlı tələbələrə qarşı milli ayrı-seçkilik münasibəti və tədris prosesi üçün yaratdıqları əlverişsiz şərait idi.

İrəvan kişi gimnaziyası, 1896.

Bütün bunlara baxmayaraq, azərbaycanlı tələbələr öz təhsillərini inamla davam etdirmişlər. Azərbaycan elminə öz töhfələrini vermiş dünyaşöhrətli alim, akademik Mustafa bəy Topçubaşov, görkəmli ictimai-siyasi xadim, tibb elmləri doktoru, professor Əziz Əliyev, ictimai xadim Maqsud Məmmədov, görkəmli tarixçi alim, professor Mehdixan Erivanski, tanınmış dilçi alim Miryusif Mirbabayev, Kəngərlilər soyunun görkəmli nümayəndələrindən olan Əsədulla bəy Kəngərlinski, ictimai xadimlər Əkbər ağa Şeyxülislamov, Teymur Makinski, böyük maarif xadimi İsfəndiyar bəy Sultanov, Firuz Ordubadski və başqaları İrəvan kişi gimnaziyasının məzunları olmuşlar.

XIX əsrin 70-ci illərindən başlayaraq çar hakimiyyəti tərəfindən Cənubi Qafqazda qəza məktəblərinin təşkili prosesi daha da sürətləndi. Elmin əsaslarını yeni üsulla tədris edən dünyəvi Azərbaycan məktəbləri İrəvan quberniyasının İrəvan, Uluxanlı, Böyük Vedi, Zod, Çobankərə, Qəmərli, Gözəldərə və başqa bölgələrində də açılaraq fəaliyyət göstərməyə başlamışdır. Bu dünyəvi məktəblər həm dövlət tərəfindən ayrılan vəsaitlər, eyni zamanda qismən də camaatdan toplanan könüllü ianələr hesabına açılırdı. Bu məktəblər təkcə o vaxtkı İrəvan quberniyasında deyil, Cənubi Qafqazdakı kənd məktəbləri içərisində də fərqlənirdilər. Bu tip məktəblərin sayının getdikcə artması həmin təhsil müəssisələrində müəllim kadrlarına olan tələbatı daha da artırırdı.

Çar hakimiyyəti qəza və kənd məktəblərində dərs demək üçün müəllim kadrları ilə bağlı yaranmış ehtiyacı təmin etmək məqsədilə Cənubi Qafqazda pedaqoji kadrlar hazırlayan müəllimlər seminariyalarını təşkil etməyə başladı. Rusiya Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına əsasən yaradılan bu tip təhsil müəssisələrindən biri də təhsil tariximizdə əhəmiyyətli dərəcədə böyük rol oynamış, zəngin və şərəfli tarixi bir yol keçmiş İrəvan Müəllimlər Seminariyasıdır. İrəvan Müəllimlər Seminariyasının Azərbaycan qrupunun (bölməsinin) rəhbəri, şəriət və tatar (Azərbaycan dili) dili müəllimi dövrünün görkəmli elm, maarif və din xadimi, İrəvan Quberniyası Müsəlmanları Ruhani Məclisinin sədri Axund Məhəmmədbağır Qazızadə təyin edilmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Axund Məhəmmədbağır Qazızadənin Qərbi Azərbaycanda elmin, mədəniyyətin, təhsilin inkişafında özünəməxsus böyük xidməti olmuşdur. İrəvanda qabaqcıl maarifçilərin sırasında öz dəst-xətti ilə seçilən Axund Məhəmmədbağır Qazızadənin ictimai-pedaqoji fəaliyyətini əhatə edən həmin illəri diqqətlə nəzərdən keçirdikdə xalq maarifi sahəsində böyük bir canlanma ilə müşayiət olunur. Bu maarif fədaisi seminariyada bir sıra ciddi çətinliklərə baxmayaraq, hər il burada təhsil alan azərbaycanlı tələbələrin sayını artırmağa səy göstərmişdir.

Cənubi Qafqazda və digər şəhərlərdə fəaliyyət göstərən seminariyalar kimi, İrəvan Müəllimlər Seminariyası da öz tərkibinə görə beynəlmiləl tədris ocağı idi. Seminariyanın fəaliyyəti təkcə İrəvan quberniyası məktəbləri üçün kadrlar hazırlamaqla məhdudlaşmamışdır. Seminariyada Azərbaycan, Gürcüstan, Şimali Qafqazdan və başqa şəhərlərdən də gənclər gəlib təhsil alırdılar. 1884-cü ildə ilk buraxılışı olmuş seminariyanı 5 nəfər azərbaycanlı bitirməyə müvəffəq olmuşdur. İrəvan Müəllimlər Seminariyasının fəaliyyət göstərdiyi dövrdə bu təhsil ocağının 86 nəfər azərbaycanlı tələbə məzunu olmuşdur. İrəvan kişi gimnaziyasında olduğu kimi, İrəvan Müəllimlər Seminariyasında da təhsil alan və təhsil almaq arzusunda olan azərbaycanlı gənclərin sayı kifayət qədər çox olsa da, onların böyük əksəriyyəti bu təhsil ocağını bitirməyə nail ola bilməmişdir.

Seminariyanın Azərbaycan bölməsi və onun müəllimləri burada oxuyan azərbaycanlı gənclərə təkcə təhsil verməklə kifayətlənmirdilər. Onlar İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin inkişafına da öz töhfələrini verirdilər. İrəvan Müəllimlər Seminariyasının, İrəvan kişi gimnaziyasının və eyni zamanda burada fəaliyyət göstərən milli təhsil ocaqlarının müəllim və tələbələri Bakıda, Tiflisdə, o cümlədən Yaxın Şərqin müxtəlif şəhərlərində çıxan mətbuat orqanlarında yaxından iştirak etmiş, maarifin, mədəniyyətin, jurnal, qəzet, kitab nəşr etmək, qabaqcıl ideyaların yayılması, ədəbi əlaqələrin genişləndirilməsi sahəsində də ciddi fəaliyyət göstərmişlər. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycanın görkəmli şair və yazıçıları İrəvanda yazıb-yaradan yerli ziyalıların dəvəti ilə İrəvana etdikləri səfər zamanı seminariyada, gimnaziyada və digər milli təhsil ocaqlarımızda olmuş, bu təhsil ocaqlarının müəllim və tələbə kollektivləri ilə görüşlər keçirmişlər. 1875-ci ilin sonlarında Həsən bəy Zərdabi, 1906-cı ildə Mirzə Ələkbər Sabir, 1911-ci ildə Abdulla Şaiq və başqaları İrəvanda olmuşlar. Həsən bəy Zərdabi dünyaşöhrətli rəssam Mirzə Qədim İrəvaninin, Mirzə Ələkbər Sabir İrəvanda bölgənin tanınmış, fədakar maarif xadimi Məmmədvəli Qəmərlinskinin, Abdulla Şaiq isə İrəvan Müəllimlər Seminariyasının müəllimi, böyük maarifçi Mirzə Cabbar Məmmədzadənin qonağı olmuşlar. Hər üç böyük tarixi şəxsiyyət İrəvanda milli təhsil ocaqlarımızla tanış olarkən, burada Azərbaycan maarifçilik mühitini yüksək qiymətləndirmiş, yaxın gələcəkdə Azərbaycanda və digər bölgələrdə belə bir maarifçilik mühitinin yaranacağına əminliklərini ifadə etmişlər.

Ümumiyyətlə, Azərbaycanın bir çox görkəmli şair və yazıçıları - Həsən bəy Zərdabi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Abbas Səhhət, Məmməd Səid Ordubadi, Məmmədəli Sidqi, Salman Mümtaz və başqaları İrəvan ədəbi-mədəni mühitinin aparıcı simaları ilə sıx dostluq və yaradıcılıq əlaqələrində olmuşlar. Haşım bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov kimi böyük sənətkarlar inqilabdan əvvəl İrəvanda işləmiş, öz ədəbi fəaliyyətlərini burada da davam etdirmişlər. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Cənubi Qafqazda milli maarifçilik hərəkatının genişlənməsi və pedaqoji fikrin inkişafında Azərbaycanın aparıcı elm, ədəbiyyat, mədəniyyət mərkəzlərindən biri kimi İrəvan bölgəsi əhəmiyyətli dərəcədə rol oynamışdır. Həbib bəy Səlimov, Həmid bəy Şahtaxtinski, Mirzə Cabbar Məmmədzadə, Rəhim Xəlilov, Saleh Güllücinski, Əhməd Haşımov, Şəmdin bəy Mahmudbəyov, Abasqulu bəy Şadlinski, Fəraməz bəy Mahmudbəyov, Haşım bəy Vəzirov, İbadulla bəy Muğanlinski, Rəşid bəy İsmayılov, İbrahim Səfi, Həsən bəy Qazıyev və bu kimi onlarca elm, ədəbiyyat, mədəniyyət, ictimai xadimlər təhsil tariximizin şərəfli səhifələrini təşkil edən İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar.

Bütün bunlara baxmayaraq, 1918-1920-ci illərdə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən kütləvi qırğın aksiyaları zamanı bu təhsil ocaqlarının da fəaliyyəti dayandırıldı. Yüz minlərlə azərbaycanlı soydaşımız qəddarcasına qətlə yetirilməkdən xilas olmaq üçün Azərbaycan, Türkiyə, Cənubi Azərbaycan və digər ölkələrdə sığınacaq tapmağa məcbur oldular. Bununla da Qərbi Azərbaycanda soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni həyatı tənəzzülə uğradı, onun görkəmli nümayəndələri soyqırımına və deportasiyaya məruz qaldılar. Sonralar Azərbaycanda elm və mədəniyyətin inkişafında böyük rol oynamış Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Əhməd Rəcəbli, Əhməd Cəmil, Cabbar Məcnunbəyov, Cəfər Xəndan, Heydər Hüseynov, Səid Rüstəmov, Mirzə Cabbar Məmmədzadə, Mirzə Cabbar Əsgərzadə, Əli Məhzun və başqa görkəmli şəxsiyyətlərin ailələri də bu dövrdə öz doğma ocaqlarını tərk etməyə məcbur oldular.

1920-ci il noyabr ayının 29-da Qərbi Azərbaycanda sovet hakimiyyəti quruldu. Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 7 gün sonra Ermənistan İnqilab Komitəsi 6 dekabr 1920-ci ildə bütün məktəblərin dövlət ixtiyarına keçməsi haqqında dekret imzalayır. Həmin dekretdə Qərbi Azərbaycanda yaşayan hər bir xalqa ana dilində pulsuz ibtidai təhsil almaq və təhsildə bərabər hüquqa malik olmaq hüququ verilirdi.

1921-ci il dekabr ayının 17-də Ermənistan Xalq Maarif Komissarlığının verdiyi əmrə əsasən köhnə tipli məktəblər ləğv olunaraq, məzmunca yeni tipli sovet məktəblərinin təşkilinə başlanıldı. Beləliklə, azərbaycanlı məktəblərinin yeni məzmunda təşkili istiqamətində ilk addımlar atılaraq birillik, ikiillik və xüsusi məktəblər ləğv edildi. Yeni tipli ibtidai, yeddiillik, səkkizillik və tam orta məktəblər təşkil edilməyə başlandı. Yeni tipli məktəblər təşkil edildikdən sonra Qərbi Azərbaycanda azərbaycanlılar yaşayan bütün bölgələrdə doğma dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi və orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına təkan verdi.

Qərbi Azərbaycanda 1922-1923-cü illərdə 36, 1924-cü ildə 62, 1929-1930-cu illərdə 112, 1931-ci ildə isə 245 azərbaycanlı məktəbi fəaliyyət göstərirdi. Həm də Azərbaycan məktəblərində şagirdlərin sayının sürətlə artmasının əsas səbəblərindən biri də 1918-1920-ci illərdə erməni daşnaklarının zülmü nəticəsində ən qəddar üsullarla qətlə yetirilməkdən xilas olmaq üçün doğma yurdlarını tərk etmiş azərbaycanlılardan bir qisminin geri qayıtması ilə bağlı idi.

Yeni tipli sovet məktəblərində müəllim çatışmazlığı problemini aradan qaldırmaq üçün 1924-cü ildə İrəvan Türk Pedaqoji Texnikumu açıldı. Onu da qeyd edək ki, erməni şovinizmi əhatəsində azərbaycanlı məktəbləri üçün belə bir təhsil ocağının açılmasının nə qədər ağır və çətin mübarizədən yarandığı barədə şərhə ehtiyac yoxdur. Onu da xatırlatmaq yerinə düşərdi ki, dünyaşöhrətli alim Yusif Məmmədəliyev 1927-ci ildə bu təhsil ocağında dərs demişdir. Azərbaycanın təhsil tarixinə İrəvan Azərbaycanlı Türk Pedaqoji Texnikumu kimi daxil olmuş bu təhsil ocağı 24 illik fəaliyyəti dövründə Qərbi Azərbaycandakı anadilli məktəblərimiz üçün 1400-ə kimi müəllim kadrları hazırlamışdır. Akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professorlar Əli Fərəcov, Cəfər Cəfərov, Nəzər Paşayev, Yusif Yusifov, Nəriman Əliyev və bir çox görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri bu təhsil ocağının məzunları olmuşlar. 1948-1953-cü illər deportasiyası ilə əlaqədar olaraq İrəvan Türk Pedaqoji Texnikumu da 50-yə qədər müəllim, 8 inzibati işçi, 1-ci, 2-ci, 3-cü kurslarda təhsil alan 400-ə qədər tələbə ilə birlikdə Azərbaycanın Xanlar rayonuna köçürüldü. Həmin müəllim və tələbə heyəti Xanlar Pedaqoji Texnikumu kimi fəaliyyət göstərən bu təhsil ocağında fəaliyyətlərini və təhsillərini davam etdirməyə məcbur oldu.

İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin IX buraxılışı, 1937.

İrəvanda orta ixtisas təhsilindən bəhs edərkən İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumundan da danışmaq lazım gəlir. 1928-ci ildə Erməni Kənd Təsərrüfatı Texnikumunun nəzdində azərbaycanlı şöbəsi yaranaraq fəaliyyət göstərməyə başlamışdır. 1933-cü ildə müstəqil İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumuna çevrilən bu təhsil ocağının da təhsil tariximizdə özünəməxsus yeri və rolu olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 18 dekabr 1997-ci il və 26 mart 1998-ci il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd edilməsi haqqında" 29 dekabr 2006-cı il, "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" 29 dekabr 2021-ci il tarixli sərəncamları, eyni zamanda Qərbi Azərbaycanda milli maarifçilik mühitinin fundamental şəkildə araşdırılması baxımından aktuallıq kəsb edən mövzulardan biri olmaqla yanaşı, təhsil tariximizin ümumiləşdirilmiş və kompleks şəkildə öyrənilməsinə, araşdırılmamış səhifələrinin üzə çıxarılmasına xidmət edir və bu sahədəki tarixi faktları saf-çürük etməyə, sistemləşdirməyə imkan verir.

Bütün bunlarla yanaşı, Qərbi Azərbaycanda ali təhsilli pedaqoji kadrlara da böyük ehtiyac vardı. Təəssüf ki, bu məqsədlə 1935-ci ildə Gümrüdə və Dilicanda təşkil edilmiş ikiillik Qiyabi Pedaqoji Müəllimlər İnstitutu böyük uğurlar qazana bilməmişdi. 1948-ci il köçürülməsi ilə əlaqədar olaraq Gümrü və Dilicandakı İkiilllik Qiyabi Pedaqoji İnstitutunun, İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun azərbaycanlı bölməsinin fəaliyyəti dayandırıldı. İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı bölməsi isə 1948-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürüldü. 1954-cü ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsi çox məhdud ixtisaslarla yenidən bərpa olundu.

1988-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsi, Dəmirçi Sovxoz Texnikumu və digər azərbaycanlı ümumtəhsil məktəblərinin də fəaliyyəti dayandırıldı. 1988-ci ilə kimi Qərbi Azərbaycanda ümumtəhsil məktəblərində dərs deyən azərbaycanlı müəllimlərin sayı 4246 nəfər təşkil edirdi. Onlardan yeddi nəfəri elmlər namizədi, 162 nəfəri isə ad almış təcrübəli pedaqoqlar idi. Acı təəssüflə qeyd edək ki, Qərbi Azərbaycanda milli maarifçiliyin inkişafında müstəsna xidmətləri olan bu müəllimlərin əksəriyyəti Azərbaycanda pedaqoji fəaliyyətlərini davam etdirə bilmədi. Amma bütün bunlara baxmayaraq, biz əminik ki, yenə də öz tarixi və əzəli yurd yerlərimizə qayıdıb, vaxtilə o fədakar maarifçilərimizin, müəllimlərimizin Qərbi Azərbaycanda milli maarifçiliyimizin inkişafı yolunda yandırdığı o maarif şöləsini yenidən alovlandıracağıq.

Abel MƏHƏRRƏMOV,

akademik.

Cəlal ALLAHVERDİYEV,

filologiya üzrə fəlsəfə doktoru, dosent.