Qərbin növbəti tragikomediyası
Siyasət

Qərbin növbəti tragikomediyası

Azərbaycanın son dönəmlər artan nüfuzu, beynəlxalq tədbirlərin real məkanı olması göz önündədir. Bütün bunları qəbul edə bilməyən bəzi Qərb qüvvələri artıq neçənci dəfədir ki, anti-Azərbaycan başlığı altında tamaşa göstərir. Hər dəfəsində özünü gülünc vəziyyətə salan həmin qüvvələr əməllərindən əl çəkmirlər.

Budəfəki səhnənin icraçısı AŞPA-dır. Belə ki, qurum Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib. Hətta səhnəyə dəvətsiz qonaq da çıxarılıb. Həmin qonaq isə almaniyalı deputat Frank Şvabe olub. Belə ki, alman rəsmisi ölkəmizi təmsil edən deputatların səsvermə hüququnun dondurulması təşəbbüsünü irəli sürüb. Təəccüblü tərəfi budur ki, hər zaman sıxıcı reklam kimi araya girən və teatrın sponsorluğunu üstünə götürüb baş köşədə oturan Fransa olardı.

Lakin bu dəfə rəsmi Paris taktikasını dəyişib və öndə rəqib kimi görünüb, arxada birgə plan qurduğu islamafob dostu Almaniyanı irəli çəkib. Daim rəqabətdə olan şirkətlər kimi görünsələr də hər ikisi eyni məzhəbə qulluq edir və sözün əsl mənasında, mehriban düşməndirlər. Öz dini inanclarına uyğun gəlmədiyi üçün İslamı yer üzündən silməyə çalışan Fransa-Almaniya qardaşları tarixdə bir neçə dəfə bu məqsədlə təxribatlar törədiblər. Maraqlıdır, Osmanlı dövləti fransız və almanlar üçün öz sərhədləri daxilində məktəblər qursa da, bu iki xalq ondan başqa niyyətlə istifadə edib. Öz dillərində oxuyub, elm sahibi olmaq islamofob qardaşlarına kifayət etməyib. Buna görə də onlar parta üstünə kitablar qoysalar da, arxada türklərə qarşı planlar hazırlayıblar. Təsadüfi deyil ki, Türkiyənin əleyhinə yaradılmış "Daşnaksütyun" da həmin məktəblərdə formalaşıb.

İndi də dövrün ən güclü türk dövlətlərindən olan Azərbaycan mehriban düşmənlərin diqqət mərkəzinə çevrilib. Özlərindən uydurma ssenari yazanlar iddia edirdilər ki, guya rəsmi Bakı Qarabağda yaşayan erməni əsilli sakinləri məcburi formada Hayastana göndərib. Lakin məsələnin heç də belə olmadığını bütün Qərb qüvvələri çox yaxşı bilir. Buna baxmayaraq, həqiqət onlara sərf etmədiyi üçün mənasız müddəalar irəli sürürlər. Maraqlısı odur ki, illərdir Azərbaycan tərəfinin müraciətlərinə baxmayaraq, minlərlə məcburi köçkünümüzün taleyi müvafiq qurum və dövlətlər tərəfindən diqqətə alınmayıb. Ermənistana qarşı qətnamələr qəbul etsələr də, bütün bunların heç bir faydası olmayıb. Nəticədə haqq işimizi öz gücümüzə bərpa etdik.

Bundan əlavə, Qarabağdakı ermənilərlə bağlı qəbul edilən qətnamələrin başlığında da anti-Azərbaycan mövqeyi özünü açıq formada büruzə verir. Belə ki, sənəd "19 sentyabr 2023-cü il tarixində Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi əməliyyatları" ilə başlayır. Rəsmi Bakı dəfələrlə bildirib ki, "Dağlıq Qarabağ" toponiminin, Azərbaycanda tanınmayan terminin istifadə olunması ölkəmiz tərəfindən qəbuledilməzdir. Azərbaycan qanunlarına hörmət etməyən qurumlar məhz bilərəkdən bu ifadələri başlığa çıxararaq bizdə qıcıq yaratmağa çalışırlar. Lakin AŞPA və digər beynəlxalq qurumların qətnamələrində sübut olunmuş faktlar yoxdursa, bu sənədlər rəsmi Bakı üçün havadır. Azərbaycan birtərəfli qətnamələrə məhəl qoymur.

Nəticədə unutmamalıyıq ki, AŞPA Fransanın və erməni lobbisinin əlində oyuncağa çevrilmiş bir qurumdur. Həmin dairələrin sponsorluğu ilə həyata keçirilən bu teatr tamaşaları tragikomediyadan başqa bir şey deyil. Özünü gülünc vəziyyətə salan Qərb dairələri bundan sonra da Azərbaycanın müvəffəqiyyətlərini görüb ağlamağa məhkumdur.

Töhfə SƏMƏDOVA,

"Respublika".