Paşinyan hökumətində pərən-pərənlik pik həddə
Siyasət

Paşinyan hökumətində pərən-pərənlik pik həddə

Qarabağdakı lokal antiterror tədbirlərindən sonra Ermənistanın yüksək səviyyəli rəsmilərinin bir-birinə zidd bəyanatlar səsləndirməsi gündəm olub.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qarabağa həsr olunmuş iclasında Ermənistanın baş naziri Nikol Paşinyanla xarici işlər naziri Ararat Mirzoyanın Qarabağdakı ermənilərin vəziyyəti ilə bağlı açıqlamaları kəskin şəkildə fərqlənib. Baş diplomat çıxışında qeyd edib ki, Qarabağda 10 aylıq blokadaya görə insanlar ac qalmaqda davam edir, Azərbaycanda itkin düşən şəxsləri öldürüb itlərə yedizdirirlər. Amma onun çıxışından öncə baş nazir Nikol Paşinyan yerli mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, Qarabağın mülki əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı yayılan məlumatlar reallığa uyğun deyil. Hazırda Qarabağda ermənilər üçün heç bir təhlükə yoxdur. Bu məqamda xatırlatmaq lazımdır ki, daha əvvəl də Paşinyan parlamentə gəldiyi zaman Mirzoyandan başqa bütün nazirlər onu çox səmimi qarşılayıblar. Amma xarici işlər naziri iclasın başlamasına az qalmış parlamentə gəlib və dərhal gedib.

Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri  Metyu Brayza bildirir ki, 44 günlük müharibədən sonra Ermənistanın baş naziri və birinci diplomatı arasında belə halların tez-tez yaşandığı müşahidə olunur: "Əslində Mirzoyan hər zaman Paşinyanın barışdırıcı ritorikasını təkrar edib və hətta qabaqlayıb da. Misal üçün, o, erməni liderinin bunu etdiyindən xeyli əvvəl Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıması imkanını açıq elan edib. Amma Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında həmkarı Ceyhun Bayramovun çıxışı zamanı zalı tərk etmiş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qeyri-etik addımı onun emosional sıxıntıdan qaçmaq istəyi kimi başa düşülə bilər. Əgər bu addım baş nazir Nikol Paşinyana etiraz idisə, o zaman Mirzoyan istefa verməlidir. Çünki baxmayaraq ki, əvvəllər Mirzoyan Paşinyanın partiyada ən etibarlı adamı idi, 44 günlük müharibədən, xüsusən də Mirzoyanın hökumət binasında döyülməsindən sonra onunla Paşinyan arasında münasibətlər son dərəcə gərginləşib. Ermənistanın baş naziri və xarici işlər naziri məlumatları fərqli mənbələrdən alır, buna görə də, bir-birindən xəbərsiz açıqlamalar verirlər. Məhz indiki məqamda bu ziddiyyətin kəskin şəkildə özünü büruzə verməsi isə Mirzoyanın maraqlarından qaynaqlana bilər. Çünki hazırda ölkədə iğtişaşlar baş qaldırıb, baş nazirin istefası tələb olunur. Görünür, Ararat Mirzoyan bu etirazları fürsət kimi görür və əlverişli mühitdən istifadə etmək üçün bütün kartlarını oynayır. Ümumilikdə, onu deyə bilərəm ki, indiki şəraitdə, Azərbaycan bütöv ərazi üzərində nəzarəti bərpa etdikdə, Ermənistanın baş naziri isə Qarabağ ermənilərini sülhə və nəticə kimi Azərbaycan cəmiyyətinə reinteqrasiyaya hazırlaşmağa çağırdıqda, sülh sazişinin bağlanmasına yeni və əhəmiyyətli impuls yaranıb. Amma buna baxmayaraq, Paşinyan münaqişəni sülhdən üstün tutan Ermənistandakı ekstremist siyasi qüvvələr tərəfindən sülh prosesinə qarşı güclü müqavimətlə üzləşməyə davam edəcək".

Jalə QASIMZADƏ,

"Respublika".